“Yumruq kimi birləşdik və çempion olduq” İdman

“Yumruq kimi birləşdik və çempion olduq”

Rəşad Sadiqov: "Bir sözümü iki etmirdilər"
IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanmış U-23 millimizin üzvü Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb.
- Cavanların içində ağsaqqal statusu daşımaq çətin deyildi?
- Doğrudan da, xoş təəssürat idi. Hamı qulaq asırdı, hər biri "ağsaqqal" deyə müraciət edirdi. Sağ olsunlar, bir sözümü iki etmirdilər. Qardaş kimi əl-ələ verdik, bizim üçün yaxşı oldu.
- Azərbaycan yığması yarışın qalibi adını qazanmaq üçün nələri düzgün etdi?
- İlk növbədə, məşqçi heyəti və futbolçular bir qardaş kimi oldular. Toplaşdığımız gündən futbolçularla özümüz də ayrı iclas keçirib, danışmışdıq. Demişdim ki, qardaş kimi olmaq lazımdı, heç kim heç kimdən inciməməlidi. Belə hallar çox olur ki, kimsə oynamayanda küsür. Amma İslamiada vaxtı bunun şahidi olmadıq. Birinci gündən danışdıq ki, onsuz da, meydanda 11 nəfər olmalıdı, məşqçi hamını buraxa bilməz, kimsə səhv edəndə ona dəstək olmaq, ürək-dirək verməliyik. Yumruq kimi birləşdik və bunun nəticəsində çempion olduq.
- Baş məşqçi Yaşar Vahabzadə sizi milliyə yarımmüdafiəçi, yoxsa mərkəz müdafiəçisi kimi dəvət etmişdi?
- Açığı, çağıranda demişdi ki, iki mövqedə də oynada bilərəm. Mən də bildirmişdim ki, fərqi yoxdu, hansı mövqedə şans versəniz, əlimdən gələni əsirgəməyəcəm. Klubda da hər iki ampluada oynayıram.
- İslamiadanın qalibi olmaq uğurlarınız arasında hansı yeri tutur?
- İslam Həmrəyliyi Oyunlarında çıxış etmək bizim futbolçulara bir də qismət olmaya bilər. Bizə nəsib oldu və bu uğurun yeri tam başqadı. Çünki milli komandalarımız heç vaxt belə nailiyyətə imza atmamışdılar. İslamiadanın yeri daha önəmlidi.
- Klubdan söz düşmüşkən, "Qəbələ"dən ayrılacağınız haqda söz-söhbətlər dolaşır...
- Hər dəfə mətbuatdan oxuyuram ki, guya "Qəbələ" mənə az məbləğ təklif edib, buna görə də, komandadan ayrılıram. Heç kimdən çəkinəcəyim yoxdu, yalan da danışmıram. Mənə hələ təklif olmayıb, söhbət etməmişik. Bu vaxta kimi "Qəbələ" ilə imzaladığım heç bir müqavilədə pul söhbəti etməmişəm. Özləri qiymət deyib, qol çəkib getmişəm. Odu ki, belə söz-söhbətləri eşidəndə bir az pis oluram. İslamiada ilə əlaqədar, yeni müqavilə məsələsini danışmamışdıq. Yəqin ki çağırarlar, söhbət edərik. Çağırmasalar da, canları sağ olsun.
- Başqa klublardan təklif almısızmı?
- Bəli, almışam. Amma ilk növbədə, "Qəbələ" ilə danışacam. Çünki tez-tez, 6 aydan bir komanda dəyişməyi xoşlamıram. Başqasından az məbləğ olsa da, "Qəbələ"də qalmağa çalışacam.