Ölkəmiz Yeniyetmələrin Olimpiya Oyunlarına yeddi lisenziya qazanıb İdman

Ölkəmiz Yeniyetmələrin Olimpiya Oyunlarına yeddi lisenziya qazanıb

Mayın 2-də Milli Olimpiya Komitəsində (MOK) "Buenos-Ayres-2018" Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya əldə etmiş idmançılar, həmçinin məşqçilər və federasiya nümayəndələri ilə görüş keçirilib. MOK-un idman mütəxəssisi Vaqif Əliyev Oyunların əhəmiyyətindən, "Buenos-Ayres-2018"ə hazırlıq, Olimpiadada yaşayış və akkreditasiya məsələləri haqqında məlumat verərək idmançılara uğurlar arzulayıb. MOK-un əməkdaşı Ceyhun Rəhmanov Beynəlxalq Olimpiya Komitəsi və "Olimpiya Gündəliyi-2020" haqqında tədbir iştirakçılarını məlumatlandırıb. "Olimpiya Gündəliyi-2020"nin əsas müddəası olan dopinqlə mübarizə haqqında videoçarx təqdim olunub.
"Buenos-Ayres-2018"in gənc səfiri, MOK-un əməkdaşı Səkinə Vəliyeva Oyunlarla bağlı təqdimatla çıxış edib. Təqdimatda idman yarışlarının sayı, növləri, keçiriləcəyi məkanlar, iştirakçıların və rəsmilərin ehtimal olunan sayı və digər vacib məqamlar barədə iştirakçılara ilkin məlumat verilib. Bu Olimpiadada əsas diqqətin dopinqlə mübarizəyə yönəldildiyi qeyd olunub. Tədbir sual-cavab sessiyası ilə başa çatıb.
Xatırladaq ki, yeniyetmələrin III Yay Olimpiya Oyunları oktyabrın 6-18-də Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək. Oyunlarda 4 minə yaxın idmançının iştirakı gözlənilir. Hazırda Azərbaycan yığma komandasının hesabında 7 lisenziya var. Lisenziyalardan 2-si üzgüçülük, 1-i gimnastika, 2-si stolüstü tennis, 1-i taekvondo və 1-i boks idman növü üzrə qazanılıb.