Putinın daha bir niyyətinin üstü açıldı Dünya

Putinın daha bir niyyətinin üstü açıldı

O, Venesuelaya Kolumbiya ilə müharibə olacağı təqdirdə kömək təklif edib

Cavid

Uruqvayın venesuelalı həmkarı ilə yaxın əlaqələri olan keçmiş prezidenti Xose Muxikanın may ayında çıxan bioqrafiyasında yazılanlara görə, Kolumbiya və Venesuela arasında əlaqələrin ən gərgin olduğu vaxtlarda Putin müharibə çıxacağı təqdirdə Uqo Çavesə kömək edə biləcəyini deyibmiş. Bioqrafiyaya əsasən, Çaves Muxikaya deyib ki, Rusiya prezidenti münaqişə çıxacağı təqdirdə Kolumbiyanın hərbi arsenalı və onlara qarşı mübarizə aparmaq üçün göndərə biləcəyi Rusiya texnikası haqqında məlumat verərək öz məsləhətləri ilə kömək etməyi təklif edib. Muxikanın Çaves, Braziliyanın keçmiş prezidenti Luis İnasio Lula da Silva, Kastro qardaşları kimi latın amerikalı solçularla münasibətlərini ifşa edən bioqrafiya may ayında nəşr edilməsindən bu yana Latın Amerikasında hay-küyə səbəb olub. "Washington Post" yazır ki, kitabın müəllifləri – Muxikanın siyasi karyerasını 20 il izləmiş iki uruqvaylı jurnalist Putinin Venesuelanın adından Rusiya qüvvələri ilə münaqişəyə müdaxilə etməyi təklif etdiyini iddia etmir, ancaq onlar deyir ki, Putin Çavesə deyib: "Ehtiyacın olan hər şey üçün mənim məsləhətlərimə etibar edə bilərsən." Cənubi Amerikanın ən məşğul keçidlərindən biri olan Venesuela və Kolumbiya sərhəddi eyni zamanda regionun ən çox toqquşmalar baş verən mövqelərindən biridir. Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) üsyançıları sərhədin hər iki tərəfində fəaliyyət göstərir. Çavesin baş düşməni, Kolumbiyanın keçmiş prezidenti Alvaro Uribe də tez-tez Venesuela hökumətini üsyançıların fəaliyyətinə göz yummaqda və ya onlara gizli dəstək göndərməkdə ittiham edirdi. 2008-ci ildə isə Kolumbiyanın üsyançıların Ekvadorda yerləşən düşərgəsinə hava hücumundan sonra Çaves sərhəddə qoşun göndərmiş və Uribeyə Venesuelaya oxşar bir hücuma cəhd etməməsi ilə bağlı xəbərdarlıq etmişdi. Çaves bir neçə dəfə də Boqotada Venesuela səfirliyinin bağlanması əmri vermiş və 2010-cu ildə iki ölkə arasında əlaqələrin gərginləşməsi müharibə qorxularını yeniləyib. Kolumbiya və Venesuela arasında müharibə çıxmasa da, Çaves prezident olduğu 14 il ərzində döyüş təyyarələri, təyyarə əleyhinə raketlər və yüz min kalaşnikov avtomatı daxil olmaqla, Rusiyadan milyardlarla dollar dəyərində silah aldı. 2002-2010-cu illər arasında Kolumbiyanın prezidenti olmuş Uribe Çavesin baş xarici rəqibi idi. 2000-ci ildən isə ABŞ "Kolumbiya Planı" çərçivəsində Kolumbiyanın təhlükəsizliyi üçün 9 milyard dollardan çox yardım göstərib. Bioqrafiyada 2009-cu ildə prezident seçkilərində qalib gəlməzdən əvvəl 15 ilini həbsxanada keçirmiş keçmiş marksist partizan 80 yaşlı Muxika haqqında başqa maraqlı hekayələr də var. Xose Muxikanın sadə həyat tərzi keçirməsi, açıqsözlülüyü onu Latın Amerikasında bir çoxlarına sevdirib. Prezident olarkən də kiçik evində qalmağa davam edən, maaşının çoxunu xeyriyyə üçün xərcləyən, çox vaxt işə köhnə Volkswagen Beetle maşınında gedən Muxikanın prezidentlik müddəti mart ayında başa çatıb. Kitabda iddialara görə, Muxikanın Venesuela liderinin neftlə zəngin sosialist cəmiyyəti qurmaq istəməsini tənqid etməsi də yer alır: "Mən ona ən əvvəldən demişdim ki, o, sosializm qura bilməyəcək. Belə də oldu." Bioqrafiyasını tanıtmaq üçün kitab sərgisində iştirak edən Xose Muxika bir saat gecikməsinə baxmayaraq, tamaşaçılar tərəfindən futbol ulduzu kimi qarşılanıb.