Rəcəb Tayyip Ərdoğanın təhlükəli oyunu Dünya

Rəcəb Tayyip Ərdoğanın təhlükəli oyunu

"Foreign Policy": "Ərdoğan seçkidə qalib gəlmək üçün Türkiyəni müharibənin içinə çəkir"

Cavid

Belə görünür, Rəcəb Tayyip Ərdoğan seçkidə qalib gəlmək üçün Türkiyəni müharibənin içinə çəkir. Bu, onun siyasi karyerasının ən böyük səhvi ola bilər.
"Foreign Policy" yazır ki, Türkiyənin İslam Dövlətinə qarşı müharibəyə gecikmiş girişini elan edən xəbərlərin üstündən hələ çox vaxt keçməmiş Türkiyəyə məxsus döyüş təyyarələrinin PKK-nın şimali İraqdakı mövqelərini bombalamağa başlamasından saatlar sonra kürd aktivistlər "Twitter"də "Türkiyə İŞİD-ə yox, kürdlərə hücum edir" heşteqini yayıblar.
Beləliklə, iyulun 24-ü Türkiyənin müharibəyə qoşulması nəticəsində regionda yaranan kəskin dəyişikliklə başlayan gün Türkiyə və PKK arasında atəşkəs olmasına baxmayaraq, köhnə düşmənə zərbə endirilməsi ilə bitdi. Halbuki sülh sazişi bağlanması üçün hələ də ümid var idi, ancaq bu ümidlər də puça çıxdı.
Bu həftə atəşkəsə birtərəfli son verən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib: "Milli birlik və qardaşlığımızı hədəf alanlarla sülh prosesini davam etdirmək qeyri-mümkündür."
Bir şeyi aydınlaşdıraq: Türkiyənin rəhbər orqanları son bomba hücumlarında xüsusilə İŞİD mövqelərini hədəf götürəcəklərini heç vaxt deməyib. Ötən həftə əməliyyat haqqında elan verən baş nazir Əhməd Davudoğlu bildirib ki, İŞİD-in Ankaranın hədəf siyahısına daxil edilməsi o demək deyil ki, PKK və Suriyanın Əsəd rejimi kimi əsl düşmənlər unudulur: "Kürdlər, solçular və İslam Dövləti Türkiyəni hədəf götürərkən heç nə etmədən durub gözləyə bilmərik. Bizim üçün təhlükə təşkil edən qüvvələrə qarşı lazımi tədbirlər görəcəyik."
Sıralamaya diqqət edək: kürdlər, solçular və İslam Dövləti.
Türkiyədə ötən həftə ərzində İslam Dövləti, PKK və solçu qruplara üzv olmaqda şübhəli bilinən 1000-dən çox adam həbs edilib. Ərdoğanın solçulardan əsas hədəfi iyunun 7-də keçirilən parlament seçkisində tələb olunan 10 faiz səsi keçərək ilk dəfə parlamentə daxil olan Xalqların Demokratik Partiyasıdır (HDP).
Türkiyə prezidentinin HDP partiyasına qarşı qəzəbi ciddi olaraq iyulun 22-si PKK-nın Türkiyənin Suruç rayonunda 32 nəfərin ölümü ilə nəticələnən terror aktının qisasını almaq məqsədilə Şanlıurfada iki türk polisinin öldürülməsində məsuliyyət daşıdığını qəbul etməsilə başladı. Türkiyə hökuməti hücumun İŞİD tərəfindən olduğunu bildirsə də, cihadçı qrup bu iddianı qəbul etməyib. Ərdoğan Şanlıurfa hadisəsindən qısa müddət sonra verilən açıqlamada HDP partiyasını hücumu layiqincə qınamadağına görə pisləyib: "Hücumu qınamayıb, əksinə PKK-nın terror aktları qarşısında səssiz qalaraq terror təşkilatından asılı olduqlarını açıq şəkildə ifadə edən dairələrin bu hərəkəti biabırçılıqdır."
Görəsən, Ərdoğan üçün hansı qınaq səviyyəsi kifayətdir? Polislərin qətlindən sonra HDP lideri Səlahəddin Dəmirdaş bildirib: "Biz Suruçda 32 nəfər gənc itirdik, ancaq qan qanla təmizlənməz. Biz bütün çətinliklərə baxmayaraq, fəaliyyətimizi dinc və demokratik yolla davam etdirəcəyik. HDP olaraq başqa yol seçə bilmərik. Xalq olaraq, çox həyatlar itirib, çox gözyaşı tökdük. Ancaq əzabı yüngülləşdirməyin yolu döyüşü yenidən başlatmaq deyil."
Ərdoğan üçün əsl təhlükə liberal və solçuları bir araya gətirərək partiyasını tarixi qələbəyə doğru aparan Dəmirdaşdır. Hardasa iki ay keçib, ancaq iqtidarda olan AKP partiyası hələ də koalisiya hökuməti formalaşdırma bilməyib. Hamımız bilirik ki, Türkiyə ABŞ-ın aylarla təzyiq göstərməsindən sonra İslam Dövlətinə qarşı döyüşə daxil oldu. Ancaq siyasət dəyişikliyi təkcə Ankaranın Vaşinqtona boyun əyməsi məsələsi deyil. Ortada Türkiyənin də maraqları var, xüsusilə də, Türkiyə-Suriya sərhədində geniş ərazilərin Suriya kürdlərinin əlində olması . Belə ki, Ankara həmin ərazidə "təhlükəsizlik zonası" yaradılmasını təklif edir, hələ ki bu təklif beynəlxalq səviyyədə qəbul edilmir.
Ötən ay Suriyanın Tel Abyad şəhərinin İslam Dövlətindən Xalq Qoruma Bilriklərinin (YPG) əlinə keçməsi ilə Suriya kürdləri əllərində olan iki ərazini birləşdirməyə nail oldular. İndi isə strateji əhəmiyyət daşıyan Hələb rayonunun şimalında yerləşən Afrin bölgəsi ilə əlaqə qurmaq üçün qərbə doğru irəliləmək lazımdır. Bunun üçün isə kürdlər rayonda məskunlaşan İslam Dövləti və sünni ərəbləri çıxarmalıdırlar.
Özünü sünni ərəblərin xilaskarı hesab edən Ərdoğan kürdlərin Türkiyə-Suriya sərhədinin 50 faizini ələ keçirməsini səssiz-səmirsiz izləməyəcək. Kürdlərin sərhədin həmin hissəsini ələ keçirmələri ehtimalı ilə bağlı təbliğat müharibəsi Tel Abyad şəhərinin YPG tərəfindən tutulmasından qısa müddət sonra başladı və Türkiyə mətbuatında "Kürdyönümlü YPG etnik təmizləmədə ittiham edilir" xəbərdarlığı ilə təlaş yaradan xəbər başlıqları çıxdı. Ərdoğan, çox güman ki, İŞİD-ə qarşı döyüşlər aparan Azad Suriya Ordusu və Suriyanın digər ərəb qruplarını dəstəkləyəcək.
Kürdlər həmişəki kimi ABŞ-ın sadiq müttəfiqləri hesab olunsalar da, bunun da bir sərhəddi var və ABŞ döyüş təyyarələrinə Türkiyənin strateji baxımdan mühüm bir ərazidə yerləşən İncirlik hərbi hava bazasına giriş verilməsi qarşısında heç şansları yoxdur. Vaşinqton hətta Türkiyənin Suriya daxilində "təhlükəsizlik zonası" yaradılması tələblərinə cavab verib. Ankara bunun suriyalı qaçqınlar üçün bufer zona təmin edəcəyini bildirir, kürdlər isə bu zonanın Afrin və Rojava arasında əlaqəni pozacağından qorxurlar.
Ərdoğan baş nazir ikən PKK ilə sülh prosesi başladaraq partiyasına kürdlərin dəstəyini qazandırmışdı, belə ki Türkiyədə məskunlaşan 15 milyon kürd 40 minə yaxın insanın həyatını itirməsinə səbəb olmuş 30 illik münaqişəyə son qoyulacağına ümid edirdi. Ancaq hər iki tərəf 1990-cı illərdə olduğu kimi genişmiqyaslı münaqişəyə qayıtmaq istəməsə də, son hava hücumlarından sonra nəinki davamlı sülh, heç atəşkəs də mümkün görünmür. Türkiyə İŞİD-ə qarşı beynəlxalq mübarizəyə qoşulmaqla cihadçı qrupun diqqət mərkəzinə çevrildi. İŞİD ölkədə çağırışa hazır olan müharibə görmüş, radikallaşmış çoxlu sayda gəncdən istifadə edə bilər.
Ərdoğan kürd məsələsinə qoyduğu diplomatik kapitalı bada verdi. 2012-ci ildə PKK rəhbəri Abdullah Öcalanla gizli şəkildə başlayan sülh danıışıqları 2013-cü ilin martına qədər yaxşı getdi. Belə ki, həmin vaxt kürdlərin həbsdə olan lideri PKK silahlılarını silahları yerə qoyub kürd problemini demokratik yolla həll etməyə çağırdı.
Ancaq aylar sonra Ərdoğan gedişatı dəyişdirdi, kürdlərə güzəşt edilməsi ilə bağlı müzakirələr getdiyinə görə, partiya üzvlərini məzəmmət etdi və polislərə geniş səlahiyyətlər verilməsi ilə bağlı qanun qəbul etdi. Ərdoğanın aqressivləşməsinin səbəbi, əlbəttə, seçki siyasəti idi. 2015-ci ilin iyun ayında keçirilən ümumi seçki yaxınlaşırdı. Onun əsas məqsədi Türkiyə prezidentinin səlahiyyətini artıracaq yeni bir konstitusiyanın qəbul edilməsidir.
Ancaq Ərdoğanın siyasi oyunu uğursuz oldu. İyunda keçirilən seçkidə HDP partiyası 13 faiz səs çoxluğu aldı. Türkiyənin 78 milyon əhalisinin 20 faizii təşkil edən kürdlər Ərdoğan və AKP partiyasından imtina etdilər. Səbr kasasını daşıran son damla isə Kobani oldu.
2014-cü ilin payızında sərhəddə yerləşən Kobanidə İŞİD silahlılarına qarşı mübarizəni əlacsız izləyən kürdlərdə Ərdoğana qarşı qəzəb artdı. Belə ki, həmin vaxt Ankara nə cihadçıların hücumunun qarşısını almağa cəhd edir, nə də Türkiyə kürdlərinin Kobanidəki mübarizəyə qoşulmalarına imkan verirdi. Türkiyənin İslam Dövləti ilə əlbir olduğu fikri yayılmışdı. Ankara isə bu iddianı qətiyyətlə rədd edirdi. Həmin vaxt kürdlərin üstünlük təşkil etdiyi cənub-şərqi Türkiyənin hər yerində Kobani, döyüşlərdə qətl edilən şəhidlər haqqında xəbərlər gedirdi.
Cəmiyyətdə təhlükəli çatlar əmələ gəlirdi. Neslihan Cohan 7 oktyabr, 2014-cü il tarixində Türkiyənin cənub-şərqində yerləşən Diyarbakır şəhərində dünyəvi və islamçı kürdlər arasında baş verən qarşıdurmada oğlunun həlak olmasına görə "əsl günahkarlar"ın "Huda-Par" təşkilatı olduğunu deyirdi. Bu təşkilat kürd islamçı partiyası olub, qadağan edilmiş Hizbullah təşkilatı ilə əlaqələndirilir. Bu təşkilatın isə Livandakı Hizbullahla əlaqəsi yoxdur. 1990-cı illərdə Hizbullahın Türkiyə "dərin dövlət"i tərəfindən PKK üzvlərini və dəstəkçilərini qətlə yetirmək üçün istifadə olunduğu düşünülürdü. 2000-ci ildə isə bu təşkilatın fəaliyyəti rəhbər orqanlar tərəfindən dayandırıldı. 15 il keçməsinə baxmayaraq, Cohan hələ də köhnə, çirkli oyunların getdiyinə inanırdı.
"Huda-Par" təşkilatının rəsmiləri oktyabr qətlləri, Hizbullah, İslam Dövləti və ya Türkiyə dərin dövləri ilə əlaqələri olduğu iddialarını qəbul etmir: "Ötən il Cəbhət əl-Nüsrə, bu il isə İslam dövləti ilə əlaqəmiz olduğunu, dərin dövlətin davamı olduğumuzu, JİTEM (Jandarma Kəşfiyyat və Terrorla Mübarizə) tərəfindən yaradıldığımızı və İran tərəfindən maliyyələşdirildiyimizi deyirlər. Ancaq onların bu iddialara sübutları yoxdur."
Kürdlərin İslam Dövlətinə qarşı mübarizəsi ötən il qızışdı və o vaxtdan bəri Türkiyənin kürd islamçıları və solçuları arasındakı münaqişədə uzunmüddətli sükut pozuldu. 2014-cü ilin oktyabrında Kobani böhranı nəticəsində HDP və Huda-Par dəstəkçiləri arasında qarşıdurma Diyarbakırdan digər bölgələrə yayıldı, nəticədə tərəflər geri çəkilməzdən və sakitlik bərpa olmazdan əvvəl hər həftə 30-dan çox insan həlak oldu.
İyunun 7-də keçirilən seçkidən sonra qalib HDP partiyasının üç üzvü güllələnərək öldürüldü. Bu hadisədən bir neçə saat əvvəl isə Huda-Par təşkilatına bağlı olan islam xeyriyyə təşkilatının rəhbəri qətlə yetirilmişdi. Bu hadisə ilə əlaqədar HDP lideri Dəmirdaş "qaranlıq qüvvələri" kürd regionlarında stabilliyə pozmağa çalışmaqda və hökuməti heç bir tədbir görməməkdə günahlandırdı.
Belə görünür, heç nə dəyişməyib. Türkiyənin İŞİD-ə qarşı birbaşa döyüşə girməsi Ərdoğanın tənqidçilərini prezidentin seçkidən əvvəl əhalinin dəstəyini qazanmaq istədiyinə görə bunu etməsini sorğulamağa başlamalarına səbəb olub. Tarix göstərib ki, müharibələr vətəndaşları birləşdirə bilər. Ancaq əgər bu müharibələr yaxşı planlaşdırılmazsa, fəlakət gətirərəsə və çox baha başa gələrsə, ictimai rəyin istiqaməti dəyişə bilər.