“Gürcüstan Ermənistanın təxribatlarının qarşısını almağın, neytrallaşdırmağın yolunu tapmalıdır” Dünya

“Gürcüstan Ermənistanın təxribatlarının qarşısını almağın, neytrallaşdırmağın yolunu tapmalıdır”

Mübariz Əhmədoğlu: "Gürcüstan bu addımı Azərbaycanın xatirinə etməməlidir"

"Rusiya Federasiyası Müdafiə Nazirliyinin dəmiryolu qoşunları hərbi hissəsinin Abxaziyada dəmiryolunu təmir etməsini Gürcüstan özünün daxili işlərinə qarışmaq kimi qiymətləndirdi və Gürcüstan XİN bu məsələ ilə əlaqədar bəyanat verdi. Gürcüstan XİN verdiyi bəyanatın yalnız söz yığını olduğunu çox gözəl bilir və Rusiyanın Abxaziyada gördüyü işin Gürcüstanı yalnız qıcıqlandırmaq xarakteri daşıdığını da başa düşürlər". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Politoloq bildirib ki, indi Rusiya Gürcüstana qarşı sərt hərbi addımlara əl ata bilməz: "Rusiya MDB məkanında, xüsusilə Cənubi Qafqazda istənilən yeni müharibədən qorxur. Rusiyada çox gözəl bilirlər ki, Cənubi Qafqazdakı müharibəni Rusiyanın və ya qeyri-Rusiyanın başlamasından asılı olmayaraq uduzan tərəf Rusiya olacaq. Çünki Cənubi Qafqazın istənilən regiounda - Abxaziya, Cənubi Osetiya, Qarabağ olmasından asılı olmayaraq, başlanan müharibə qısa müddət ərzində Şimali Qafqazın ərazisinə keçəcək. Cənubi Qafqazda başlayan müharibənin Şimali Qafqaza keçməsi üçün maraqlı olan iri geosiyasi qüvvələr və bu işi reallaşdırmağa hazır olan radikal islamçı infrastrukturlar var. Ona görə Rusiyanın Gürcüstana qarşı müharibəyə başlaması nonsensdir. Rusiyanın Gürcüstana qarşı əlində olan ən böyük təzyiq vasitəsi Ermənistandır". M.Əhmədoğlu bildirib ki, Ermənistan prezidenti Serj Sərkisyan gürcü-abxaz dəmiryolunun açılmasını Ermənistan üçün həyati əhəmiyyətli hadisə hesab edir: "Çünki gürcü-abxaz dəmiryolunun açılması Ermənistanı Rusiyanın digər təzyiqindən - Mehri dəmiryolunun açılması təzyiqindən xilas edə bilər. Ona görə RF Ermənistana seçim şəraiti yaradır - Abxaziyadakı dəmiryolu hazırdır. İndi sən Ermənistan Gürcüstana elə təzyiq et ki, Gürcüstan öz ərazisindəki dəmiryolunu da açsın. Ermənistan məqsədyönlü şəkildə artıq bu işi icra etməyə başlayıb". Mərkəz rəhbəri sonra qeyd edib ki, Gürcüstan vətəndaşı olan azərbaycanlıların yenidən Ermənistan tərəfindən həbs edilməsinin başlanması, Ermənistan maşınlarının georgi lentləri ilə Gürcüstan ərazisində şütüməsi, erməni deputatlarının Cavaxetiya regionunda iqtisadi və siyasi xarakterli təxribat hərəkətləri bunun göstəriciləridir: "Bunlar effekt verməzsə, Ermənistan Gürcüstana qarşı hərbi şantaj xarakterli addımlara başlayacaq. Ermənistanın Gürcüstana qarşı müharibəsi bu regiondakı digər müharibələr qədər Rusiya üçün təhlükə yaratmır. Çünki RF bu müharibəni asanlıqla idarə edə bilir. Ermənistan Rusiyanın sözündən çıxa bilməz. Ermənistanda RF-in hərbi bazası var. Çeçenistan istiqamətində müəyyən proseslər başlayıb. Çeçenistanda çeçen-gürcü dostluq komitəsi yaradıldı. Bu komitə Rusiyanın gücünü Gürcüstanın daxilinə daşıyacaq. Beləliklə, RF Gürcüstana qarşı yeni güc mərkəzi formalaşdırdı. Çeçen-gürcü komitəsi "yumşaq gücdən" tutmuş hərbi-siyasi faktoradək inkişaf edə bilər".
Politoloq hesab edir ki, Gürcüstan Ermənistanın təxribatlarının qarşısını almağın, neytrallaşdırmağın yolunu tapmalıdır: "Gürcüstan bu addımı Azərbaycanın xatirinə etməməlidir. Öz dövlətçiliyi naminə etməlidir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli konsepsiyası hazırdır. Başa düşdüyümüz qədər o konsepsiyada Gürcüstana rol yoxdur. Gürcüstan özü istəsə də, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində əhəmiyyətli rol ala bilməyəcək. Amma Gürcüstanın Ermənistana təslim olması Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi konsepsiyasının fəaliyyətini yubada bilər. Ermənistanın hər şeyi Gürcüstandan asılıdır. Əgər belə vəziyyətdə də Gürcüstan milliyətindən asılı olmayaraq öz vətəndaşlarını Ermənistanın milli münasibətlərə görə girov götürməsindən qoruya bilmirsə, bu, Gürcüstan dövlətinin təkcə zəifliyi kimi dəyərləndirilməməlidir".
M.Əhmədoğlu sonra əlavə edib ki, Ermənistanın işğalçılıq siyasətinin mahiyyəti, Ermənistanın apardığı siyasətin Gürcüstana təhlükə yaratması barədə açıq mətnlə danışan bir nazir var idi - T.Beruçaşvili: "Gürcüstanın xarici işlər naziri T.Beruçaşvili Ermənistanın aqressiv siyasətinin Gürcüstana yaratdığı təhlükə barədə Aİ strukturlarını məlumatlandırmışdı. İndi T.Beruçaşvilinin nazir vəzifəsindən uzaqlaşdırılması gündəlikdədir. Bəlkə də ermənilərin Gürcüstana hücum dalğası məhz T.Beruçaşvilinin vəzifəsini tərk etdikdən sonra başlayacaq. Çünki ermənilər bunu özlərinin uğuru kimi dəyərləndirib Gürcüstan üzərinə hücuma daha da ruhlanacaqlar".
M.Əhmədoğlu Lavrovun Azərbaycana səfərini də şərh edib.
Politoloq deyib ki, Sergey Lavrovun Azərbaycan səfəri Rusiyanın indiki dövrdə Azərbaycana verdiyi dəyərin göstəricisidir: "Lavrov Rusiya prezidenti adından ən səmimi salamlarını Azərbaycan prezidentinə çatdırıb. Rusiya Azərbaycana böyük əhəmiyyət verir və gələcəkdə də bu əhəmiyyət artma istiqamətində gedəcək".
O qeyd edib ki, son illər ərzində Rusiya Azərbaycanla daha xoş münasibətlər qurmağa hazır olub: "Azərbaycan heç vaxt Rusiya ilə münasibətləri pisləşdirməyə çalışmayıb. Rusiyada elə bir dövr olub ki, ermənipərəst qüvvələr Azərbaycanla münasibətlərin pisləşməsini istəyib. Lakin bu dövr arxada qalıb".
Politoloq hesab edir ki, Azərbaycanla Rusiya arasında münasibətlər çox yüksək səviyyədədir, gələcəkdə də bu münasibətlər inkişaf edəcək. M. Əhmədoğlunun sözlərinə görə, İranla "6-lıq" dövlətləri arasında anlaşma imzalandıqdan sonra münasibətlər yeni vəziyyətə uyğun inkişaf edib: "Bundan sonra Rusiya Azərbaycanla daha möhkəm münasibətlər qurmağa cəhd göstərib".
Səfərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təsirinə gəlincə, politoloq xatırladıb ki, bir il qabaq Rusiya prezidenti Vladimir Putin Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edərək, münaqişənin həllində Rusiyanın xüsusi rola malik olduğunu vurğulayıb: "Rusiyanın Azərbaycan və Ermənistanla əlaqələrin tarixi kökləri var. Dağlıq Qarabağ münaqişəsi SSRİ dövründə başlayıb, SSRİ-nin də hüquqi varisi Rusiyadır. Ona görə də, Putin münaqişənin tənzimlənməsi ilə daha yaxından məşğul olmağı təklif etdi və Azərbaycan prezidenti bunu qəbul etdi, Ermənistan prezidenti isə qəbul etmədi".
M. Əhmədoğlu hesab edir ki, Rusiya bir il əvvəl verdiyi təklifdən əl çəkməyib: "Ona görə də hesab edirəm ki, Lavrovun münaqişənin həllində müəyyən irəliləyişlərin əldə olunacağına ümidvar olmasının ciddi əsasları var".