Avropada mənəvi böhran Dünya

Avropada mənəvi böhran

Cavid

Dəhşətli hadisələrin şahidi olduğumuz dünyada Qərb mediası müharibə, aclıq və ya ölümün əslində nəyə bənzədiyini göstərməyə çəkinir. Medianın auditoriyanı məyus etməkdən və başqalarının çəkdiyi əziyyətdən mənfəət güdürmüş kimi görünməkdən çəkinməsi başa düşüləndir. Ancaq narahatlıq və kədərə səbəb olsa da, bəzi şəkillər görünməyi tələb edir, məhz ona görə ki, onlar reallığı olduğu kimi əks etdirir, dünyanı, törədilən vəhşilikləri bizim olmasını istədiyimiz kimi yox, olduğu kimi göstərir.
Bu şəkillərdən biri də ötən həftənin dördüncü günü "The Globe and Mail" qəzetinin ön səhifəsində çıxan şəkildir: çimərlikdə üzü üstə uzanan kiçik, cansız cəsəd. Bu cansız cəsədin sahibi Yunanıstanın Kos adasına keçməyə çalışarkən Bodrum sularında batan ən az 12 nəfər suriyalıdan biri idi. Egey dənizinin bu hissəsi uzun müddət avropalıların əyləncə yeri olsa da, ötən bir neçə ay ərzində getdikcə artmaqda olan çarəsiz mühacirlərin keçidinə, bəzən də məzarına çevrilib.
"Theglobeandmail" yazır ki, Avropanı bürüyən bu böhranın sadəcə bir həll yolu yoxdur. Ancaq ən azından bir şey aydınlaşdı: Avropa bu böhranın öhdəsindən gələ bilmir. Avropa İttifaqı artıq Dublin razılaşması ilə sərhədlərin ləğv edildiyi Şengen zonasında əmək mobilliyi (işçilərin bir ölkədən digərinə sərbəst hərəkəti) ilə uzlaşa bilmir. Belə ki, bu razılaşmaya əsasən, sığınacaq axtaranlar ilk gəldikləri Avropa ölkəsində sığınacaq üçün müraciət etməli və adətən, işləri həll olunana qədər həmin ölkədə qalmalıdırlar. Müflisləşmiş və böhranla qarşı-qarşıya olan Yunanıstanın ölkəyə axın edən qaçqınları saxlamağa isə gücü çatmayacaq.
Dublin razılaşması ya ləğv edilməli, ya da dəyişdirilməli, çoxlu sayda sığınacaq axtaran mühacirlər işsizlik səviyyəsinin yüksək olduğu Aralıq dənizi regionuna məhkum edilməməlidirlər. Bu, Avropanın problemidir və Avropa tərəfindən həll edilməlidir. Avropa İttifaqının ətrafındakı ölkələr bu problemləri həll edə bilmirlər.
Avropa özü-özünü təşvişə salır. Aydındır ki, Avropaya girmək istəyən qaçqınlar böhran vəziyyətindədir – ancaq Avropa niyə özünü böhrandaymış kimi aparır?
Bəli, 2015-ci ilin birinci yarısında Avropaya 3000-dən çox miqrant gəldi. Ancaq bu rəqəm Avropa İttifaqına daxil olan ölkələrin ümumi əhalisinin yalnız 0,1 faizini təşkil edir. Hər il əhalisinin 1 faizi qədər miqrant qəbul edən Kanada nəticə etibarilə, böhran vəziyyətində deyil, əksinə burda vəziyyət olduqca yaxşıdır.
Avropanın məntiqsiz Dublin qaydalarını ifşa edən yunanlar sadə şəkildə miqrantlara Makedoniyaya, ordan da bacararlarsa, şimala keçməyə imkan verdilər.
Son mənzil olaraq Macarıstan daha arzu olunan ölkə, eyni zamanda qitənin daha firavan bölgələrinə doğru gedərkən müvəqqəti dayanacaqdır. Lakin Macarıstan siyasətində hökm sürən mədəni və etnik millətçiliyin də bəzi ağır nəticələri var. Avstriyanın Macarıstanla sərhədə yaxın bölgəsində yük maşınında aparılan miqrantların 71-i dünyasını dəyişib. Avstriya, Almaniya və İsveçə gedən qatarlara minməyə çalışan miqrantlarla polislər arasında xoşagəlməz hallar yaşanıb. Macarıstan hökuməti miqrantların ölkəni tərk etmələrinə kömək etmir.
Təqdirəlayiq haldır ki, Almaniya Kansleri Angela Merkel ölkəyə rahat şəkildə 800 minə qədər miqrant qəbul edə biləcəyini açıq şəkildə bildirib. Bu, həm də yaşlanmaqda olan işçi qüvvəsinin azalmasının qarşısını ala bilər. Ancaq Almaniya bütün yükü təkbaşına götürə bilməz və buna məcbur da deyil.
Kanada da köməklik göstərə bilər və göstərməlidir də. Federal hökumət ötən ilin yanvarında 2017-ci ilin sonuna qədər Suriya vətəndaş müharibəsi nəticəsində didərgin düşən 10 min qaçqına sığınacaq verməyə söz vermişdi. Hökumət ölkəyə nə qədər miqrant gəldiyini bildirməsə də, çətinliklərlə üzləşdiyini və planın gerisində qaldığını etiraf edib. Kanada özəl sponsorluqlar və xeyriyyə qurumlarına bel bağlayır, bu isə sürətlə irəliləyən böhranı qısa müddətə həll edə bilməz.
Kanada eyni zamanda artıq Avropaya gəlib çatmış suriyalıları və digər millətdən olan miqrantları qəbul etməklə köməklik göstərə bilər.
Avropaya gələn mühacirlərin əsl qaçqın yox, sadəcə iqtisadi miqrantlar olduğu iddiası vəziyyətin ciddiyətini olduğu kimi göstərmir. Suriyalı, iraqlı, əfqan, somalili, sudanlı və digər miqrantlar müharibə zonalarından gəlirlər. Müharibə və yoxsulluq isə bir-birilə sıx bağlıdır.
Aİ-yə üzv ölkələrin daxili işlər nazirləri sentyabrın 14-ü görüş keçirəcəklər. Onlar cəsarətlə düşünməli və hərəkətə keçməlidirlər. Avropanın açıq sərhədləri olduğu kimi qalmalı; Dublin razılaşması ləğv edilməli, Avropa qaçqınlar üzrə daha ağıllı siyasət yeritməlidir. Eyni şey Kanadaya da aiddir.