ABŞ və Kuba arasında əlaqələr normal səviyyəyə qayıdacaqmı? Dünya

ABŞ və Kuba arasında əlaqələr normal səviyyəyə qayıdacaqmı?

"ABŞ Maraqları Bölməsi" nədən xəbər verir?

Cavid

Səfirliyin bir çox funksiyalarını yerinə yetirə bilən "ABŞ Maraqları Bölməsi" ABŞ ilə Kuba arasında ziddiyətə səbəb olan əsas məsələ olmaqla yanaşı, həm də əməkdaşlıq üçün bir növ vasitə idi. Artıq əsl səfirliklərin açılması ilə problemləri daha düzgün şəkildə həll etmək mümkün olacaqmı? Dövlət katibi Con Kerri 1961-ci ildə bağlanmış səfirliyin 20 iyul tarixində yenidən açılmasından sonra ABŞ bayrağının səfirlik üzərində qaldırılması mərasimində iştirak etmək üçün avqustun 14-ü Kubaya səfər edib. Tədbirdə Con Kerri ilə yanaşı 1961-ci ildə ABŞ bayrağının endirilməsində iştirak etmiş üç dəniz piyadası da yer alıb. Kuba və ABŞ tamamilə yeni bir əlaqə qurmur, kəsilmiş əlaqələrini bərpa edir. ABŞ-ın Havanadakı səfirliyi iki ölkə arasındaki diplomatiyada mühüm rol oynacaq, ancaq bu səfirliyin sələfi də var.
"Foreign Policy" yazır ki, ABŞ Maraqları Bölməsi (rəsmi olaraq, İsveçrənin Havanadakı Səfirliyinin ABŞ Maraqları Bölməsi) 1977-ci ildə ABŞ diplomatlarını İsveçrə səfirliyinin himayəsi altında Havanada yerləşdirməklə Kuba ilə əlaqələri yaxşılaşdırmaq istəyən prezident Cimmi Karterin səyi ilə açılmışdı. Bu bölmə o vaxtdan səfirlik açılana qədər həm ziddiyət nöqtəsi, həm də böhran vaxtlarında mühüm kommunikasiya vasitəsi olub. Yeni səfirliyin fəaliyyəti əməkdaşlığı həmin bölmə üzrə davam etdirib təkmilləşdirməsi nəzərdə tutulur.
ABŞ Maraqları Bölməsi ilk dəfə 1980-ci ildə Mariel miqrasiya böhranı ilə sınaqdan keçdi. Belə ki, həmin vaxt 100 mindən çox kubalı qeyri-qanuni şəkildə ABŞ-a köç etdi. 2 may, 1980-ci il tarixində 800-ə qədər keçmiş siyasi məhbus ABŞ Maraqları Bölməsinin qarşısında yığışaraq viza almaq üçün növbəyə girdilər ki, ABŞ-a qanuni şəkildə köçə bilsinlər. Böhran nəticəsində yaranan gərginlik arasında bir dəstə hökumət tərəfdarı keçmiş məhbuslara hücum etdi və bunun ardınca yaranan qarışıqlıq ərzində 400-ə yaxın kubalı Maraqlar Bölməsinin binasına sığındı. Həmin şəxslər sentyabrda danışıqlar nəticəsində böhran aradan qaldırılına qədər orda qaldılar və prezident Fidel Kastro şəxsən özü zəmanət verdi ki, səfirlikdə gizlənən 80 nəfərin ölkəni tərk etməsinə icazə veriləcək.
Üsyandan 2 ay keçdikdən sonra Kubanın qaçqınları yük gəmilərinə doldurub ABŞ-a göndərməsi ilə miqrasiya böhranı hərbi qarşıdurma səviyyəsinə yüksəldi. Bu məsələyə görə müharibə belə çıxa biləcəyi bildirilir, lakin ABŞ-ın Havanadakı diplomatik missiya rəhbəri Ueyn Smitin Kubanın Vitse-prezidenti Karlos Rafael Rodriqezlə qaçqınları ABŞ-a daşıyan yük gəmisinin limanda qalacağı halda iki ölkə arasındakı əlaqələrlə bağlı daha geniş danışıqlar aparılmasını təklif etməsi ilə münaqişənin qarşısı alındı. Kuba da bu təkliflə razılaşdı.
Reyqanın prezidentliyi dövvründə ABŞ-Kuba əlaqələrində gərginlik yenidən artdı. Səbəb isə Mərkəzi Amerikadakı münaqişələr idi. Dövlət Katibi Aleksandr Heyqin 1981-ci ildə adaya qarşı hərbi müdaxilə hədələri ilə üzləşən kubalılar Maraqlar Bölməsinin binasının çölündə Sem dayı ilə kubalı inqilabçının "Cənab İmperialist, bizim sizdən qorxumuz yoxdur!" deyə bəyan etdiyi lövlə ucaltdılar. Həmin lövhə illərlə olduğu yerdə saxlanıldı ki, ABŞ diplomatik missiya rəhbəri hər dəfə ofisinin pəncərəsindən baxanda lövhəni görə bilsin.
ABŞ Maraqları Bölməsi belə bir düşmənçilik şəraitində münaqişənin qarşısının alınmasında mühüm rol oynadı. 1983-cü ildə keçmiş prezident Ronald Reyqan Qrenadadakı siyasi qarışıqlığı adanı işğal edib solçu hökuməti dəyişmək üçün bəhanə etdi. Bu işğal ABŞ-ın hərbi qüvvələri ilə kubalı müşavirlərlə aeroport tikintisində işləyənlər arasında birbaşa döyüş başlatdı. 1961-ci ildən bu yana ilk dəfə amerikalı və kubalılar bir-birlərinə atəş açdılar. ABŞ və Kuba qüvvələri arasında atışma 24 saatdan çox davam etdi. ABŞ-ın Havanadakı əsas diplomatı kimi Smitin yerinə gələn Con Ferç Fidel Kastronun baş müşavirlərindən biri ilə əlaqə quraraq atəşkəs əldə edə bildi.
ABŞ Maraqları Bölməsi təkcə Qərb yarımkürəsində rol oynamayıb. 1987-ci ildə Ferçin davamçısı Con "Cey" Teylor dövlət katibi Corc Şultzu razı sala bildi ki, Kuba rəsmiləri Afrikanın cənubunda Kuba tərəfindən dəstəklənən Anqola qüvvələri ilə ABŞ-ın dəstəklədiyi Cənubi Afrika qüvvələri arasındakı münaqişəyə, həqiqətən də, son qoyulmasını istəyirlər və bildirirlər ki, Cənubi Afrikanın qonşu Namibiyaya müstəqillik verəcəyi halda Anqoladan hərbi qüvvələri çıxaracaqlar. Daha sonra Teylor Kubaya çoxtərəfli danışıqlarda iştirak etməyi təklif etdi və danışıqlar 1988-ci ildə uğurla nəticələndi. Teylor Kubanın Nikaraqua və El Salvadordakı münaqişələrin həlli üçün danışıqlara dəstək göstərməsini də təmin etmişdir.
Bill Klintonun prezidentliyi dövründə Kuba və ABŞ Karib hövzəsində narkotik maddələrin ticarətinə qadağa qoyulmasında əməkdaşlıq üzrə saziş imzaladı. Həmin sazişə əsasən, Havanada ABŞ Maraqları Bölməsində ABŞ Sahil Mühafizəsi tərəfindən əlaqələndirici nümayəndə təyin edildi. Həmin nümayəndə tezliklə təkcə narkotik maddələrlə bağlı yox, daha geniş məsələlər və ABŞ-Kuba arasında miqrasiya üzrə önəmli bir kommunikasiya vasitəsinə çevrildi. Bu vasitə ilə hər iki tərəf qeyri-rəsmi şəkildə öz fikirlərini bir-birlərinə çatdıra bilərdi.
Corc U.Buşun ikinci prezidentliyi dövründə ABŞ-Kuba əlaqələri olduqca zəiflədi. Səbəb isə Buşun iqtisadi sanksiyaları artırmaqla Kuba rejimini sarsıtmaq cəhdləri idi. Həmin vaxt isə iki dövlət arasında diplomatik əlaqələri aparan yeganə vasitə əlaqələndirici nümayəndə idi. Vaşinqtonun ABŞ Maraqları Bölməsindən kubalı müxaliflərə dəstək üçün istifadə etməyə başlaması ilə Havana əlaqələri kəsdi. 2004-cü ilin dekabrında gərginlik ən yüksək səviyyəyə çatdı. Belə ki, diplomatik missiya rəhbəri Ceyms Keyson Milad zamanı istifadə olunan bəzəklər arasına 2003-cü ildə həbs olunan kubalı müxaliflərin sayını (75) göstərən neon işıqlar əlavə etdi, kubalılar isə cavab olaraq sahilboyu yolda Əbu-Qreyb həbsxanasında ABŞ əsgərlərinin iraqlı məhbuslara işgəncə göstərdiklərini əks etdirən nəhəng lövhə qaldırdı.
Keysondan sonra vəzifəyə gələn Maykl Parmli 2005-ci ildə daha da irəli gedərək binanın üzərində Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən Kastro əleyhdarlarını ruhlandırıb rəhbər orqanları qıcıqlandırmaq üçün nəzərdə tutulmuş çıxarışlar şəklində elektron yazılar keçirtməyə başladı. Bu hərəkətin Kastronu qıcıqlandırdığına heç bir şübhə yoxdur. Belə ki, o, ABŞ Maraqları Bölməsinin binasına etiraz yürüşü üçün bir milyondan çox kubalı yığdı. Fidel Kastro mitinq zamanı nitq söyləyərkən binanın üzərində bu cümlə keçirdi: "Yalnız totalitar cəmiyyətlərdə rəhbərlər ancaq danışır və heç vaxt qulaq asmırlar." Sonra isə binanın çölündə ABŞ-ın apardığı gizli əməliyyatlar nəticəsində öldürülmüş 3000-dən çox kubalının xatirəsinə 138 qara bayraq ucaldıldı.
Bu gün nə qara bayraqlar, nə də araqarışdırıcı lövhələr ucaldılır. Ötən 38 il ərzində Havanada xidmət göstərmiş bir çox ABŞ diplomatı Amerikanın maraqlarını sərt, bəzən də düşmənçilik şəraitində yaxşı şəkildə təmsil edə bildi. Normal səfirlik və tam diplomatik əlaqələrin mövcud olması özü ilə mühüm üstünlüklər gətirir. Artıq ABŞ diplomatları Havanadan xaricə səyahət etmək üçün Xarici İşlər Nazirliyindən icazə almalı olmayacaqlar. Onlar eyni zamanda Kuba hökumətində fəaliyyət göstərən həmkarları ilə daha asanlıqla əlaqə qura biləcəklər, bu da bir çox məsələdə daha yaxşı əməkdaşlıq qurmağa kömək edəcək. Sıravi Kuba vətəndaşlarının da ABŞ səfirliyinin xidmətlərindən istifadəsi asanlaşacaq.
Səfirliyin fəaliyyəti böhran vaxtlarında əlaqə qurmaq üçün daha yaxşı vasitə və hər iki tərəfin maraqlı olduğu məsələlər üzrə danışıqlar aparmaq üçün daha yaxşı görüş yeri təmin edir. Con Kerrinin Havanada keçirilən tədbirdə bildirdiyi kimi: "İki ölkə arasında normal əlaqələrin olması danışıqlar aparılmasını da asanlaşdırır və danışıqlar hər şeydə razılıq əldə edə bilməyəcəyimiz halda belə bir-birimizi daha yaxşı başa düşməyə kömək edir." Kuba ilə ətraf mühitin qorunması, hüquq-mühafizə və narkotik maddələrin ticarətinə qarşı görülən tədbirlərdə əməkdaşlıq etmək imkanı xüsusi qeyd olunub.
Bütün bunlara baxmayaraq müəyyən məsələlər üzrə gərginliklər olduğu kimi qalacaq. 1961-ci ilin yanvarında MKİ-nin "Donuzlar Körfəzi" əməliyyatını təşkil etməsi ilə Fidel kastro Vaşinqtondan "casus yuvası" adlandırdığı səfirlik işçilərinin sayını azaltmağı tələb edərək əlaqələri birdən-birə kəsdi. Kuba rəsmiləri ABŞ diplomatlarının səfirlikdən rejimi dəyişməyə çalışan müxalifləri dəstəkləmək üçün istifadə edəcəklərindən narahatdırlar və bu narahatlıqlar Barak Obamanın demokratiya və insan hüquqları üzrə fəalları maddi və mənəvi cəhətdən dəstəkləməyə davam edəcəklərini bildirməsi ilə daha da güclənib.
Kuba və ABŞ arasında əlaqələrin normallaşması üçün əvvəlcə yarım əsr sürən inamsızlıq və müəyyən məsələlər öz həllini tapmalıdır. Ancaq diplomatik əlaqələrin bərpası yeni bir başlanğıc deməkdir. Con Kerri səfirliyin açılış mərasimində özü də bunu etiraf edərək bildirib ki, artıq düşmən və ya rəqib yox, qonşu olan iki xalq kimi bir-birlərinə kömək etməlidirlər.