Rusiyanın fəaliyyətinin Qafqaz regionuna təsiri Dünya

Rusiyanın fəaliyyətinin Qafqaz regionuna təsiri

Cavid

Rusiyanın Ermənistan və Azərbaycan arasındakı münaqişəyə müdaxilə etməsi xeyirdən çox zərər verir.
"Politico" yazır ki, keçmiş Sovet İttifaqı ərazisindəki ən qədim və ən təhlükəli münaqişə olan Dağlıq Qarabağ münaqişəsi yenidən canlanır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında bağlanmış atəşkəs sazişi təhlükə altındadır. İki il əvvəl snayperlərdən nadir hallarda atəş açıldığı halda, indi cəbhə xətti minaatanlardan atəşə tutulur. Ötən həftə ərzində hər iki tərəfdən bir çox itki olub. 1990-cı illərdə gedən tammiqyaslı müharibə şəraitinin yenidən yaranacağını demək üçün hələ tez olsa da, hər iki ölkənin liderləri özlərini geri dönüşü çətin olacaq döyüş vəziyyətinə gətirirlər. Məsələ "Rusiyanın əli" məsələsi deyil – Rusiyanın müdaxiləsi heç də vəziyyəti yaxşılaşdırmağa kömək etmir. Qafqaz regionunda təhlükə ondan ibarətdir ki, Qarabağ Ukraynadan Suriyaya qədər Rusiyanın müdaxilə etdiyi qarışıqlıq zəncirinin bir həlqəsidir və burda məsələnin həlli üçün tam məsuliyyət daşıyan heç kim yoxdur. 1994-cü ildə döyüşlərə son qoyulmasından bu yana Qarabağ münaqişəsi əslində "dondurulmayıb". Rusiya da bu regionda heç vaxt tam nəzarətə malik olmayıb. Münaqişənin əsasında duran, 1988-ci ilə və Qorbaçovun dövrünə qədər gedib çıxan hadisələr həmişə yerli xarakter daşıyıb və iki millətçi hərəkatın Dağlıq Qarabağ ərazisi üstündə toqquşması nəticəsində yaranıb. SSRİ-nin dağılması ilə iki yeni ölkə müharibəyə başladı. 20 min insan həlak olduqdan və bir milyondan çox insan qaçqın düşdükdən sonra 1994-cü ildə Ermənistan qələbə qazandı və atəşkəs imzalandı. Nə Ermənistan, nə də Azərbaycan sülhə gətirib çıxaracaq güzəştlər verməyə hazır deyil. Azərbaycan liderləri Ermənistanı faşist və terrorist adlandırmağa, Ermənistan liderləri isə Qarabağın "Ermənistanın ayrılmaz tərkib hissəsi" olduğunu iddia etməyə davam edir. Rusiya bu təhlükəli vəziyyətə müdaxilə etməyə çalışsa da, tam nəzarəti ələ almır. Ümumiyyətlə, Rusiyanın münaqişənin həllində strateji marağı olsa da, Cənubi Qafqazda mövqeyini saxlamaq üçün, mütəmadi olaraq, həm Ermənistan, həm də Azərbaycan üzərində taktiki üstünlüklər qazanmaq üçün bu münaqişədən istifadə edib. Ermənistanla Gümrüdəki hərbi bazanın fəaliyyət müddətinin 2044-cü ilə qədər uzadılması ilə bağlı yeni müqavilə bağlayaraq və ölkəni Avrasiya İttifaqına dəvət edərək uzunmüddətli müttəfiqliyi gücləndirən Rusiya eyni zamanda Azərbaycanla da əlaqələri artıraraq ölkəyə ağır silahlar satmağa başlayıb. Rusiya ATƏT-in Minsk qrupunda Fransa və ABŞ-la birgə münaqişədə vasitəçilik rolu oynayan üç ölkədən biridir. Minsk qrupu isə münaqişənin tam həll edilməsi üçün kifayət qədər istəkli deyil. Ukrayna ilə bağlı Rusiya və Qərb arasında yaranan mübahisə də sülh prosesini zəiflədib. Bu iki tərəfin Suriyada olduğu kimi bu münaqişədə də bir sıra ortaq məqsədləri olsa da, bu məqsədlərə nail olmağa fərqli yollarla çalışır və bir-birlərinə etibar etmirlər. Rusiya arxasında qarışıqlıqdan başqa bir şey qoymur. Putin 2014-cü ildə Krımın ilhaq edilməsində qələbə qazanmış ola bilər, ancaq onun onsuz da burda müəyyən dərəcədə təsir qüvvəsi və dəstəyi var idi və həmin vaxt Kiyevdə faktiki olaraq rəhbər yox idi. Putinin "Yeni Rusiya (Novorossiya)" layihəsi Ukraynada iflasa uğradı.
Rusiyanın 2008-ci ildə müstəqil ölkələr olaraq tanıdığı Abxaziya və Cənubi Osetiya siyasi və maliyyə çətinliyi yaradır. Kreml 2011-ci ildə Cənubi Osetiyanın prezidentliyi üçün irəli sürdüyü namizədinin ilk cəhddə seçilməsinə belə nail ola bilməmişdir. Başqa heç bir ölkə tərəfindən dəstəklənməyən bu iki ərazinin müstəqilliyinin tanınması Gürcüstanla əlaqələrin yaxşılaşdırılması imkanlarının da itirilməsinə səbəb oldu, halbuki üstünlük buna verilməliydi. Keçmiş Sovet İttifaqı ərazisinə nəzər salsaq, bir çox şey Putinin planına uyğun getmir. Özbəkistanda olduğu kimi bəzi liderlər xarici qüvvələrə qarşı avtoritar qala qurur, bəziləri isə Rusiya və Qərb arasında gedib gəlir. Bu liderlərə isə Avrasiya İttifaqı layihəsinin iki əsas üzvü olan və ötən həftə BMT-də Prezident Barak Obama ilə görüşən Qazaxıstan lideri Nursultan Nazarbayevlə Belarus Prezidenti Aleksandr Lukaşenko daxildir. Rusiya ilə yaxın əlaqələri olan Azərbaycan enerji maraqları və Türkiyə ilə güclü əlaqələri olduğuna görə, heç vaxt Rusiyanın tam müttəfiqi olmayacaq. Belarus və Qazaxıstan kimi hər iki tərəf arasında balansı qorumağa çalışan Ermənistan isə həm Rusiyanın rəsmi müttəfiqidir, həm də Gürcüstan, Aİ, NATO və ABŞ-la əlaqələrin saxlanılmasına çalışır. Əsas məsələ odur ki, Rusiya bu ölkələrin heç birində, xüsusilə də, Qarabağ qədər milli maraq baxımından xüsusi əhəmiyyət daşıyan bir məsələdə öz istəklərini məcbur yeridə bilməz. Ancaq hər iki tərəfə silah satan və bu ölkələri bir-birinə qarşı çevirməyə çalışan Rusiya 1994-cü ildə başlayan sülh prosesini pozur. Qafqaz regionunda vəziyyət heç olmadığı qədər təhlükəli bir hal alıb. Ermənistan və Azərbaycan arasında gedən son döyüşlər heç kimin başlamasını istəmədiyi, lakin tərəflərdən heç birinin geri addam ata bilməyəcəyi yeni bir müharibə başlayacağı riskini artırır. Düzdür, Rusiyanın fəaliyyəti bunun qarşısını almağı çətinləşdirir, ancaq belə bir vəziyyətin yaranmasının qarşısını ala biləcək başqa bir tərəf də yoxdur.