Türkiyə Rusiyanı məyus edəcək Dünya

Türkiyə Rusiyanı məyus edəcək

Kreml geri çəkilmək məcburiyyətində qalacaq

Cavid

Türkiyə ilə Rusiya arasında iqtisadi savaş başlayıb. Tərəflər bir-birini iqtisadi sanksiya və qadağalarla qorxudurlar.
Hazırda Türkiyə və Rusiya arasında siyasi gərginlik yaşanır və belə görünür ki, rəsmi Moskva vəziyyəti yumşaltmaq niyyətində deyil.
Bu sözləri açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. Onun sözlərinə görə, Rusiya Türkiyə bazarına qaz ixracını dayandırsa, bu, gəliri əsasən xammaldan formalaşan Rusiya üçün ağır fəsadlara gətirib çıxaracaq: "Qazprom Export" şirkətinin gəlirlərinin hazırda 20 faizə yaxını Türkiyə bazarı hesabına formalaşır. Bundan imtina Rusiyanın qaz monopoliyası üçün böyük maliyyə riskləri deməkdir. Ancaq Türkiyə hökuməti artıq Rusiyadan enerji asılılığını azaltmaq haqda bəyanatlar səsləndirir və bunları heç də siyasi xarakterli saymaq olmaz. Ona görə ki, həmin bəyanatlar hazırkı siyasi vəziyyətlə həmahəng səslənsə də, yaxın və orta perspektivə hesablanmış mesajlardır. Onlar heç də populist xarakterli çıxışlar deyil, reallığa əsaslanan fikirlərdir".
Ekspert Türkiyənin Azərbaycan hesabına qaza olan tələbatını hansı səviyyədə ödəyə biləcəyinə də toxunub: "Hazırda "Şahdəniz-1" layihəsi çərçivəsində Türkiyənin daxili bazarına təqribən 5,7-5,8 milyard kub metr Azərbaycan qazı daxil olur. Gələn ildən başlayaraq bu rəqəmi 6,5 milyard kub metrə qədər artırmaq olar. Bunun üçün konsorsiumun imkanları var. Azərbaycanın əsas qaz ixracı TANAP kəməri qrafikinə uyğun olaraq Türkiyə ərazisində 2018-ci ilin iyununda istismara hazır olmalıdır. Ancaq TANAP Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər inşa edilməyəcək. Onun ilk etapı Türkiyənin qərbində olan Əskişəhər yaşayış məntəqəsində dayancaq. TANAP-ın ümumi uzunluğu 1800 kilometr, Əskişəhərə qədər olan hissə isə 1350 km-dir. Səbəb də budur ki, Azərbaycan qazını Avropaya daşıyacaq TAP kəməri rəsmi Bakıdan asılı olmayan səbəblərdən 2020-ci ilin IV rübündə istifadəyə verilməlidir. Ona görə də TANAP-ın son hissəsinin vaxtından əvvəl tikilməsinə də ehtiyac duyulmur".
Ekspert TAP işə düşdükdən sonra Türkiyənin vəziyyətini də qiymətləndirib: "Burada artıq elə bir ciddi problem yaşanmayacaq. Çünki Türkiyənin 2019-2020-ci illərə kimi Şimali İraqdan təbii qaz idxalı məsələsi həllini tapmalıdır. Bu məsələdə İraq Kürdüstanı Muxtariyyəti rəhbərliyi də maraqlı olduğunu bəyan edib və indiyə qədər işlənilməyən qaz ehtiyatlarının ilk olaraq məhz Türkiyə bazarına çıxarılmasının iqtisadi səmərəsindən də danışıb. Əvvəla, buradakı qaz yataqlarının işlənməsi üçün böyük kapital qoyuluşu tələb edilmir, ikincisi, Türkiyəyə çəkiləcək qaz kəməri də kapitalyönlü layihələr sırasında deyil və ildə 10 milyard kubmetr qazın ixracı real məsələdir. Beləliklə "Şahdəniz-2" layihəsindən 2021-ci ildən eyni həcmdə qaz Türkiyə bazarından çıxarılıb Avropaya yönəldilə və onun yerini İraq qazı tuta bilər. Nəticə etibarilə Türkiyə 4-5 il sonra özünün qaz bazarının asılılığını kifayət qədər Rusiyadan azaltmağa nail olmaq imkanı əldə edər və onun indiki 55 faizlik səviyyəsini 33 faizdən çox etməzdi. Bu isə Türkiyənin enerji təhlükəsizliyi yönündə atmış olduğu böyük bir addım olardı".
Politoloq İlqar Vəlizadə isə hesab edir ki, Rusiyanın belə bir məqamda "Türk axını"ndan imtina etməsi Türkiyənin real qaz bazarına təsir etməyəcək: "Çünki "Türk axını" layihəsi ilə bağlı texniki işlər görülsə də, layihə reallaşmayıb. "Mavi axın" qaz layihəsi isə Rusiya-Türkiyə arasında imzalanmış müqaviləyə əsasən fəaliyyət göstərir. Müqaviləyə görə, satan tərəf, yəni Rusiya Türkiyəyə qaz verməkdən imtina edərsə, Moskva Ankaraya kompensasiya ödəməlidir. Hələlik bu barədə heç bir söhbət yoxdur. Eyni zamanda, Türkiyə tərəfi də layihə çərçivəsində üzərinə müəyyən məsuliyyət götürüb. Ona görə də tərəflərin bu kimi ciddi layihədən birmənalı olaraq imtina etməsi çətindir".
Politoloq Rusiya ilə yaranmış gərginlik fonunda Türkiyənin alternativ qaz bazarlarını da dəyərləndirib: "Əslində, Türkiyə təkcə İran, Azərbaycan, türkmən qazını deyil, eyni zamanda, Misir, Liviya, Əlcəzair və Qətərdən də mavi yanacaq ala bilər. Türkiyənin sənaye müəssisələri, istilik stansiyalarının bir qismi, orta və kiçik şəhərlərdəki qazanxanalar kömürlə işləmək imkanına da malikdir. Beləliklə Türkiyə qaz qıtlığını kömürlə də əvəz edə bilər. Bu, bir az zaman və xərc tələb edən bir məsələ olsa da, Türkiyə üçün fəlakət deyil. Yəni Türkiyə yaranmış vəziyyətdən itkisiz çıxa, ancaq Rusiya böyük itkilər verə bilər. Hazırda dünya qaz bazarında güclü rəqabət var. Türkiyə kimi irihəcmli bazarın itirilməsi "Qazprom" üçün yaxşı heç nə vəd etmir".
Politoloq Tofiq Abbasovun fikrincə isə, qaz anlaşmasında hazırkı qarışıqlıq tək təyyarə böhranı ilə əlaqəli deyil. Əvvəldən də Ankara ilə Moskva arasında ciddi fikir ayrılıqları var idi.
Onun sözlərinə görə, Rusiya-Türkiyə arasında iqtisadi gərginlik idxalçı tərəfin ixracatçı qarşısında güzəştli qiymət məsələsindən sonra başladı: "Problemdə "Qazprom"un sədri Aleksey Miller çaşqın mövqe tutmaqla vəziyyəti staqnasiyaya gətirib çıxartdı. Əlbəttə ki o, özbaşına deyil və çox güman ki, Miller Kremlin diktəsi ilə mövqeyini sərtləşdirdi. İkitərəfli münasibətlər artıq gərgindir və ola bilsin qaz müqaviləsi ümumiyyətlə gündəmdən çıxsın. Ancaq Türkiyə ehtiyaclarını digər tərəflərin ehtiyatları hesabına ödəyə bilər. İran, Azərbaycan və Türkmənistan həqiqətən də Ankara ilə anlaşma əldə edə bilərlər. Hər üç ölkənin ehtiyatları, ötürücü və paylaşdırıcı infrastrukturu buna imkan verir. İran bu baxımdan daha əlverişli imkanlara malikdir. Çünki hələ Nəcməddin Ərbakanın dövründə əldə olunmuş ikitərəfli müqaviləyə əsasən, Türkiyə sərhədinə kəmər çəkildi. Düzdür, sonra Ankara öhdəliklərin yerinə yetirilməsindən imtina etdi və nəticədə Tehran beynəlxalq məhkəməyə müraciət etdi. Lakin hazırda bölgədə geosiyasi durum xeyli dəyişib, İran sanksiyalardan azad olur və istisna etmək olmaz ki, tərəflər sıfırdan bu məsələyə qayıtsınlar. Bu kontekstdə də Ankara Tehrandan güzəştli qiymətlər umacaq. Azərbaycan isə əlavə ehtiyatlar taparsa, onda ixrac edilən enerjidaşıyıcısının həcmini artıra bilər. Lakin düşünürəm ki, Azərbaycan hələ bu rola tam hazır deyil. Türkmənistan Rusiyanı əvəz etməli olsa, gərək İranın vasitəsi ilə ixrac marşrutunu işləsin. Çünki Trans-Xəzər tranzit yolu hələ ki gerçəkləşməyib".