Avropanın yeni baş ağrısı Dünya

Avropanın yeni baş ağrısı

Böhran nəticəsində zəifləyən Aİ-nin buna tab gətirə bilib-bilməyəcəyi sual altındadır

Cavid

Demokratiyanın mükəmməlliyi ondadır ki, seçicilər dövlətə zərər vermədən hökuməti dəyişə bilərlər. Ancaq bəzən yeni hökumət özü dövlətə zərər verir. Polşada vəziyyət belədir. Səkkiz il müxalifətdə qaldıqdan sonra hakimiyyətə gətirilən Qanun və Ədalət partiyası ölkəni tez-tələsik yenidən qurmağa çalışır. Belə ki, partiya əvvəlki hökumətin konstitusiya məhkəməsində vəzifəyə təyin etdiyi rəsmiləri başqaları ilə əvəz etmək üçün konstitusiyanı pozub, kəşfiyyat orqanlarının başına öz tərəfdarlarını gətirib və Polşanın Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərdən yayınıb. Partiyanın axırıncı dəfə hakimiyyətdə olduğu müddət nizamsız siyasi qərarlar və millətçi paranoya ilə yadda qalıb və belə görünür, partiyanın bu xüsusiyyətləri, zaman keçməsinə baxmayaraq, dəyişməyib.
"Economist" yazır ki, Polşa şərqi-mərkəzi Avropanın lövbəri, regionun ən böyük iqtisadiyyata malik ölkəsidir. Polşa Aİ-nin şərqə doğru genişlənməsinin, demokratiya və qanunun aliliyinin yayıla biləcəyinin sübutudur. Stabilliyi, firavanlığı və Avropa yönümlü olması Polşaya hörmət və diplomatik nüfuz qazandırıb. Əgər Qanun və Ədalət Partiyası bu dövrün sona çatmasını istəyirsə, doğru yoldadır. Partiyanın lideri Yaroslav Kaçinski Macarıstanın "qeyri-liberal demokratiya" tərəfdarı olduğunu deyən baş naziri Viktor Orbana heyranlıq duyur. Qanun və Ədalət Partiyası da eyni istiqamətdə ilk addımlarını atır. Böhran nəticəsində zəifləyən Aİ-nin buna tab gətirə bilib-bilməyəcəyi isə sual altındadır.
Aydındır ki, polyakların hökumətlərini dəyişmək qərarlarında yanlış heç nə yoxdur. Seçicilər mərkəzçi Vətəndaş Platforması partiyasından bezdiklərinə görə, Qanun və Ədalət partiyası bu il prezident və parlament seçkilərində qalib gəldilər. Hərəkətverici qüvvəsi Polşanın liberal, dünyəvi, şəhər elitasına qarşı düşmənçilik olan partiya sosial konservativlər, katolik millətçilər, Aİ əleyhdarları (avroskeptiklər), antikorrupsiya fanatikləri, sui-qəsd nəzəriyyəçiləri, proteksionistlər və aqrar islahatlar keçirilməsinin tərəfdarlarından ibarət qarışıq bir koalisiyadır. Bir çox populist partiya kimi bu pariya da qeyri-liberal xarici və mədəni strategiyaları dövlətçi və uzaqgörən olmayan iqtisadiyyatla birləşdirir. Partiyanın ilk planlarından biri təqaüd yaşını azaltmaqdır. Bu strategiya yaşlı insanların sayının sürətlə artdığı Polşa üçün maddi baxımdan düşüncəsizlik olsa da, partiyanın tərəfində olan yaşlı seçicilər arasında dəstəklənir.
Qanun və Ədalət partiyası axırıncı dəfə hakimiyyətdə olduğu illərdə, yəni 2005-2007-ci illərdə Almaniya ilə mübahisələr başladaraq isterik gözlənilməzlik atmosferi yaratdı. Partiya rəsmiləri post-Sovet dövləti Polşanın gizli şəkildə kommunistlər tərəfindən idarə olunduğu iddiasını irəli sürdü. Partiya hakimiyyətdən getdikdən sonra, 2010-cu ildə Smolenskdə Yaroslavın əkiz qardaşının da həlak olduğu təyyarə qəzasının Rusiya tərəfdindən vurulduğu, Vətəndaş Platforması partiyası və lideri Donald Tuskun da bunu gizlətdiyini iddia etdi.
Seçkilərdə mötədil Beata Şidlo baş nazir vəzifəsi üçün namizədliyini irəli sürdü. Ancaq onun vəzifəyə gəlməsindən bu yana Yaroslav Kaçinski nəzarəti ələ aldı. Təyyarə qəzası ilə bağlı iddialı sui-qəsd nəzəriyyələri irəli sürən Antoni Maçereviç hazırda müdafiə naziri vəzifəsindədir. Yeni mədəniyyət naziri ictimai yayımçıları hədələyir. Partiya cinsi azlıqların hüquqlarına qarşı da çıxır. Yaroslav Kaçinski müsəlman miqrantların "xəstəlik" daşıdıqlarını deyərək xəbərdarlıq edir. Hazırda Avropa Şurasının prezidenti olan Donald Tuskun məhkəməyə çıxarılması ilə bağlı şayiələr də gəzir.
Populizm istiqamətində gedən bu yol Polşaya zərər vuracaq. Ancaq daha da önəmlisi, Aİ-nin, xüsusilə qaçqın böhranı üzrə olmaqla, mühüm məsələlərdə mövqeyini zəiflədəcək. Avropa Komissiyasının miqrantları ittifaq üzrə yenidən bölüşdürmək planı Macarıstan və Visegrad Qrupunun digər iki üzvü – Slovakiya və Çexiya tərəfdən etirazla üzləşir. Yalnız qrupun dördüncü üzvü, yəni Polşanın dəstəyi ilə razılıq əldə edilib. İndi isə Qanun və Ədalət partiyası bu razılaşmanı pozmaqla hədələyir. Visegrad qrupu komissiyanın qərarlarına qarşı çıxa biləcək qədər səsə sahib deyil, ancaq bu qrup qeyri-liberal istinadgaha çevrilərsə, Avropanın şərq-qərb uçurumu daha da böyüyəcək.
Partiya sui-qəsd nəzəriyyələrindən əl çəkməlidir. Polşada kommunizmin dinc yolla dağılması bir plan yox, qələbə idi. Smolenskdə təyyarənin düşməsi qəza idi. Ötən 25 il ərzində ölkə Avropanın nüfuzlu bir qüvvəsinə çevrilib. Aİ-yə üzvlük bu uğurun əldə edilməsi üçün vacib idi. Almaniya ilə əlaqələrin yaxşı olması Polşanın xeyrinədir, xüsusilə də, Rusiyanın Ukraynada istilaçılığına qarşı.
Normal vəziyyətdə Avropa Qanun və Ədalət partiyasının reallıqla barışmasını gözləyə bilərdi. Yeni hökumət vandalizmə təzə başlayıb. Partiya ya düz yola qayıdacaq, ya da daxili çəkişmələr və zəif təşkilatçılığın qurbanı olacaq. Polşada öz müstəqilliklərini qoruya biləcək qurumlar da fəaliyyət göstərir. Bir ölkəni məhv etmək elə asan deyil.
İş orasındadır ki, hazırkı vəziyyət normal deyil. Aİ qaçqınlardan tutmuş iqlim dəyişikliyinə və Vladimir Putinə qədər müxtəlif problemlərlə qarşı-qarşıyadır. Bu problemlərlə Polşa ilə birgə mübarizə aparmaq daha asan olar. Polşa bir problem yox, problemin həlli yoludur. Əks halda, Polşa tədricən tənəzzül edəcək, Avropa isə heç bir şeyi yoluna qoya bilməyəcək. Bunun üçün Polşa vətəndaşları da hərəkətə keçməlidir.