Qərb yeni avtoritarların yüksəlişinə qarşı Dünya

Qərb yeni avtoritarların yüksəlişinə qarşı

Qərb bu yeni səssiz rəqabət dövrü ilə necə mübarizə aparacaq?

Cavid

Ötən həftə ABŞ-ın Asiya və Avropadakı çətinliklərlə mübarizə aparmaq üçün müdafiə büdcəsini kəskin şəkildə artıracağı xəbəri heç kimi təəccübləndirmədi. Bir çoxları bunun ABŞ tərəfindən Çin və Rusiyanın iddialarına cavab olaraq yeni çəkindirmə strategiyasının başlanğıcı olduğunu deyə bilər: Moskva və Pekinin Qərbin imkanları daha az və daha kiçik üzv və müttəfiqlərini narahat etmələrinə mane olunacaq. Latviya yeni bir Ukrayna olmayacaq. Çinin Cənub Çin dənizindəki hədələri elə hədə olaraq qalacaq. Bununla belə, aydındır ki, baş verənlər təkcə "geri qalanların yüksəlişi" deyil.
Belə görünür ki, yeni bir səssiz rəqabət və geosiyasət dövrü başlayır. Ortada böyük ambisiyalar və məqsədlər var. Bir tərəfdə bir vaxtlar soyuq müharibə qalibi olmuş, indi isə zəifləmiş, 15 il islam fundamentalizmi ilə mübarizə aparmaqdan yorulmuş Qərb, digər tərəfdə isə Qərb iqtisadiyyatını tədricən qəbul etməklə varlanmış və güclənmiş "yeni avtoritarlar".
"Nationalinterest" yazır ki, qlobal idarəetmənin və quruluşun təhlükədə olduğu getdikcə daha yaxşı başa düşülsə də, bir çoxları yeni geosiyasi şəraitin uzunmüddətli və qeyri-müəyyən nəticələri olacağını düşünür. Bəs belə bir quruluş tam plüralist xarakter daşıyacaqmı, yoxsa yeni avtoritar rejimlər demokratiya adı altında öz hakimiyyətlərinimi quracaq?
Bəziləri üçün isə təhlükə yaxın və realdır. Avropa tərzində plüralizm arzusunda olan ukraynalılar, Tayvan demokratiyasının seçiciləri bunu yaxşı bilirlər. Dövr neo-avtoritar dövlətlərlə ideyaların rəqabəti dövrüdür, ancaq bu dövrün soyuq müharibəyə bənzəmə ehtimalı aşağıdır. Yəqin ki, bunu heç kim də açıq şəkildə etiraf etməz. Bununla belə, rəqabət realdır və bu mübarizənin silahları yanlış məlumatlandırma, riskli referendumlar, Qərb və dəyərlərinin gözdən salınması kampaniyalarıdır. Yeni döyüş meydanları Qərb periferiyası, kiberməkan və Qərb cəmiyyətlərinin şüurlarıdır. Bəs necə oldu ki, vəziyyət bu yerə gəlib çatdı?
Yeni avtoritar dövlətlərin hər ikisi soyuq müharibədə məğlub oldu. Çin 1989-cu ildə Tyananmen meydanında, Rusiya isə 1991-ci ildə Rusiya parlamentinin qarşısında. Adətən, əsl müharibələrdən sonra qalib dövlətlər məğlub tərəfin daxili sistemlərini yenidən qura bildiyi halda, bu cür müharibələrin sonu daha qeyri-müəyyən olur. Əlbəttə, Qərb yardım paketləri və inkişaf üzrə məsləhətçilər göndərərək daxili döyüşlərə uzaqdan da olsa, təsir göstərməyə çalışırdı. Ancaq nəticə etibarilə, Qərb hər iki dövlətdə lazımi şəxsləri iqtisadi islahatlarla yanaşı siyasi liberalizmin qəbul etməyə razı sala bilmədi.
Əksinə, Rusiya və Çin ötən on beş il ərzində iqtisadi islahatları ölkədə yenidənqurma və repressiya ilə tarazlamağı seçdi. Yeni avtoritarlar 1991-ci ildən əvvəl hakimiyyətdə olmuş sələfləri kimi Qərbin liberal demokratiyasına və azad bazar kapitalizminə şübhə və nifrətlə yanaşırlar. Xaricdə "Amerikanın hegemonluğu"nu pisləyən Pekin və Moskva ölkə daxilində siyasi müxalifəti dağıdıb. Soyuq müharibənin sona çatmasından bu yana ilk dəfədir ki, bu ölkələrin ikisində də siyasi hakimiyyət bir liderin əlində cəmlənib.
Qərb bu yeni səssiz rəqabət dövrü ilə necə mübarizə aparacaq? Qərb soyuq müharibədə olduğu kimi çəkindirmə strategiyalarına müraciət edə bilməz. Rusiyanın da, Çinin də iqtisadiyyatı o qədər güclüdür ki, qlobal iqtisadiyya ciddi zərər dəymədən əlaqələrin kəsilməsi qeyri-mümkündür. Bundan başqa, bu gün bütün dünyanın üzləşdiyi problemlər Qərbin "yeni avtoritarlar"sız həll edə bilməyəcəyi qədər böyükdür. Suriyanın vətəndaş müharibəsinin, eləcə də, qaçqın probleminin siyasi həlli sonda Londonda yox, Qərbdə tapılacaq. Putin də bunu yaxşı bilir. İran, iqlim dəyişikliyi, Şimali Koreya – bütün bunlarla bağlı Qərb Rusiya və Çinlə əməkdaşlıq etməlidir. Belə olan halda, Qərb nə edə bilər?
İlk növbədə, Qərb yeni avtoritarların, həqiqətən də, avtoritar olduqlarını başa düşməyə başlamalıdır. Bunun dərk edilməsi bu dövlətlərlə münasibəti dəyişdirir. İkincisi, yeni avtoritarların ambisiyalarına qarşı necə mübarizə aparmaq lazım olduğu üzrə daha geniş müzakirə başladılmalıdır: Rabitəlilik və birliyin təmin edilməsi üçün nələr edilə bilər? Yeni oyun həm uzaqda, həm də yaxında, daxildədir; bu oyun birbaşa hücumdan daha çox sarsıtmağa doğru yönəlib və zəiflərlə yoxsulları hədəf götürüb. Ən böyük vasitəçisi internet və "yeni mediya"dır. Niyə görə Qərb dövlətləri hələ də "Russia Today", "Press Tv" və "CCTV" kimi təbliğat vasitələrinin Qərbdə sərbəst fəaliyyətinə imkan verirlər? Yeni rəqabət ideyalar üzərindən getsə də, Qərbin sərt gücü fəlakətin qarşısını alır. Yeni büdcə doğru istiqamətdə atılmış bir addımdır, ancaq Amerikanın Avropa və Asiyadakı müttəfiqləri bu qətiyyətə uyğunlaşmalıdırlar. Təəssüf ki, Çin və Rusiyada liberal demokratiya qələbə çalmadı. Niyə görəsə, gələcək liberal nizamın Qərbin qarşıdan gələn yeni dövrü necə idarə edəcəyi və əsas Qərb dəyərlərinin qorunması üçün hansı əks-strategiyalardan istifadə ediləcəyindən asılı olduğu hissi yaranır.