Ankarada dəhşətli terror aktı Dünya

Ankarada dəhşətli terror aktı

Nəticədə 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb

Cavid

Ankarada baş vermiş partlayış nəticəsində ölən və yaralananların sayı durmadan artır.
Hökumət sözçüsü Numan Kurtulmuş ölənlərin sayının 28 nəfərə yüksəldiyini bildirib.
Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisənin terror aktı olduğu və bombalı bir maşınla törədildiyi bildirilir.
Türkiyənin Radio Televiziya Üst Qurumu hadisə ilə bağlı rəsmi açıqlamalardan başqa xəbər verilməsi və görüntü yayılması, olay anının, yerinin və sonrakı görüntülərin, həmçinin cənazələrin görüntülənməsi ilə bağlı yayım qadağası tətbiq edib.
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Ankarada baş verən terror hadisəsinə mövqeyini açıqlayıb.
Onun sözlərinə görə, Türkiyə terrorla mübarizədə verdiyi itkilərə yenilərinin əlavə olunması ürəklərini ağrıtmaqla yanaşı səbrlərini də zorlamaqdadır.
"Heç bir əxlaqı və insani dəyər sərhəddi tanımayan bu terror aktlarını gerçəkləşdirən oyunçulara və onun arxasında dayanan güclərlə müabrizəmizi hər gün daha qətiyyətli şəkildə davam etdirəcəyik. Birliyimiz və bərabərliyimiz sayəsində ölkə daxili və xaricində həyata keçirilən bu cinayətlərə qarşı mübarizədə qətiyyətliyik. Və bu cür hadisələr bizləri daha da gücləndirir.
Hansı vəziyyətdə olmağımızdan asılı olamyaraq Türkiyəyə qarşı təhdidlərdən geri durmayacağıq və bu təhlükələrə qarşı istənilən addımı atacağıq."Torpaq əgər uğrunda ölən varsa vətəndir" inancı ilə yaşayan 79 milyon vətəndaşımızın qəlbinə sarsılmaz bir inanc olaraq hopub. Allahın izni ilə biz bu çətin günləri də qələbə ilə başa vuracağıq", - deyə R.T. Ərdoğan vurğulayıb.
Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı da terror aktını kəskin şəkildə pisləyən bəyanatla çıxış edib.
O deyib ki, bu cür fövqəladə vəziyyətin yaranması düşmənlik və barbarlıqdır.
"Kim nə edirsə etsin, əziz millətimiz terrora boyun əyməyəcək, təslim olmayacaq. Heç bir cani, qatil, terror təşkilatı və bunları himayə edən yerli və xarici havadarlar məqsədlərinə çatmayacaq".
MHP lideri bildirib ki, Türkiyə bu gün terrorun və cinayətin, fəlakətlərin təhdidi altındadır. Bununla belə o qeyd edib ki, Türkiyə dövləti ona qarşı oynanılan oyunları poza biləcək gücdədir.
"Türkiyə zalımların, insan canına qəsd edən alçaqların oyununu poza biləcək güc və qüdrətə sahibdir".
Almaniya kansleri Angela Merkel də Ankarada baş verən terror hadisəsini qətiyyətlə pisləyərək, terrorizmlə mübarizədə Türkiyəyə hərtərəfli dəstək verməyə hazır olduğunu bəyan edib.
Almaniya hökuməti qəti şəkildə bu terror hadisəsini lənətlədiyini bəyan edib: "Mən ölənlərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralanalara isə tezliklə sağalmasını arzu edirəm. Türk xalqına isə deyirəm ki, biz almanlar sizin bu kədərinizi bölüşürük. Biz insanlığa qarşı olan cinayətlə mübarizədə Türkiyənin yanıdayıq", - kanslerin teleqramında qeyd olunur.
Almaniyanın xarici işlər naziri Franko-Valter Ştaynmayer də baş verən terror hadisəsi ilə bağlı türk xalqına başsağılığı verərək bəyan edib ki, bu, Türkiyəyə qarşı yeni ən alçaq zorakılıq hadisəsidir.
"Moskva hesab edir ki, Ankaradakı terror hadisəsi Suriyadakı sülh danışıqlarını pozmağa yönəlib".
Bunu isə Rusiya parlamentinin üst palatası olan Federasiya Şurası Müdafiə və Təhlükəsizlik rəhbərinin müavini Frants Klintseviç Ankarada baş verən terror hadisəsini şərh edərkən deyib.
Türkiyənin paytaxtı Ankarada baş verən terror hadisəsini qınayan rusiyalı parlamnetari Klintseviçin fikrincə, burada hər hansı şübhə yoxdur ki, bu qanlı cinayətin təşkilatçılarının əsas məqsədi Yaxın Şərqdəki vəziyyəti daha da kəskinləşdirməkdir. "Bu terror hadisəsi isə əsasən Suriya probleminin həlinə yönəlik gedən danışıqlar prosesini pozmağa yönəlib", - deyə senator əlavə edib.
Senator onu da qeyd edib ki, Türkiyə hakimiyyəti baş verənləri soyuq başla müzakirə edib düzgün addımlar atacaq: "Rusiya problemlərin həllində çıxış yolu kimi təşkil olunan hər bir terror hadisəsinə qarşıdır. Biz Ankaranın mərkəzində təşkil edilən qətliamı sərt şəkildə qınayırıq. Həyatını itirənlərin ailələrinə və yaxınlarına səbr diləyirik"- deyə Klintseviç vurğulayıb.
Politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, Ankarada terror hadisəsəsini törədənlərin və planlaşdıranların geosiyasi məqsədi Türkiyə-Rusiya toqquşmasını bir az daha yaxınlaşdırmaqdır.
Onun sözlərinə görə, terrorçular İstanbuldan sonra Ankaranı da vurdular. "Terrorçular əvvəllər paytaxta bu qədər yaxınlaşa bilməzdilər. Çünki Ankarada təhlükəsizlik tədbirləri daha üst səviyyədədir. Ancaq terrorçular bu maneəni də aşdılar. Demək, terroru planlayanlar və onların arxasındakılar qarşılarına böyük hədəflər qoyublar. Baş nazir Əhməd Davudoğlu Brüsselə, Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan isə Azərbaycana səfərlərini təxirə saldılar. PKK əvvəlkitək xarici dövlətlərin əlində alətdir. Terrorun Kandildə deyil Suriya ərazisində planlaşdırıldığı məlum olarsa, Türkiyə ordusunun bu ölkəyə müdaxiləsi və ya ən azı silahlı kürdlərin ərazilərini daha intensiv şəkildə bombalaması aktuallaşacaq", -deyə politoloq vurğuayıb.
Onun fikrincə, bəlkə də elə bu partlayışı törədənlərin və planlaşdıranların geosiyasi məqsədi Türkiyə-Rusiya toqquşmasını bir az daha yaxınlaşdırmaqdır: "Bunu arzulayan iki qüvvə var: PKK, onun Suriyadakı törəmələri və DAİŞ (İŞİD). ABŞ Suriyadakı silahlı kürdlərə dəstəyindən əl çəkməsə Ankara-Vaşinqton münasibətlərində də sualların sayı artacaq."