“İlkin razılaşma rüşvət əsasında görülən işə bənzəyir” Dünya

“İlkin razılaşma rüşvət əsasında görülən işə bənzəyir”

Elxan Şahinoğlu: "Belə çıxır ki, Suriya böhranı olmasaydı və miqrantlar Avropaya axın etməsəydi, Brüssel Türkiyə ilə əlaqələrini inkişaf etdirməyəcəkdi"

Avropa İttifaqı ilə Türkiyə arasında miqrantlarla bağlı əldə olunan ilkin razılaşma rüşvət əsasında görülən işə bənzəyir. Belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Avropa İttifaqı Türkiyə hakimiyyətindən xahiş edir ki, miqrantları Avropaya buraxmasın, öz ölkəsində saxlasın, hətta avropadakıların bir hissəsini yenidən qəbul etsin: "Bunun müqabilində isə Brüssel Ankaraya aşağıdakı şəkildə "hörmət" edəcək. I 2018-ci ilə qədər qədər Türkiyəyə 3 milyard dollar veriləcək. İİ Vizalar ortadan qaldırılacaq, III Türkiyənin Avropa İttifaqına üzvlüyü sürətləndiriləcək. Belə çıxır ki, Suriya böhranı olmasaydı və miqrantlar Avropaya axın etməsəydi, Brüssel Türkiyə ilə əlaqələrini inkişaf etdirməyəcəkdi, bunun üçün mütləq gərək hardasa vətəndaş müharibəsi olmalıydı. Mən əldə olunan razılaşmanın yerinə yetiriləcəyinə də şübhə edirəm. Çünki, birincisi, daxili prosedura görə Avropa İttifaqının bütün dövlətləri və parlamentləri Brüsselin Ankara ilə əldə etdiyi razılaşmaya yaşıl işıq yandırmalıdır. Bunu isə həyata keçirmək həm siyasi, həm də texniki nöqteyi-nəzərdə problematikdir. İkincisi, Avropa İttifaqı verdiyi vədləri adətən ya yerinə yetirmir, ya da ki, bürokratik əngəllər səbəbindən uzadır. Belə olan halda Türkiyə də haqlı olaraq üzərinə düşəni etməyəcək".