Rusiya MDB-dən ikiəlli yapışıb Dünya

Rusiya MDB-dən ikiəlli yapışıb

Xarici işlər nazirinin müavini: "MDB-dən çıxmaq üçün yüz dəfə ölçüb, bir dəfə biçmək lazımdır"
"Krımda baş verənlərlə Dağlıq Qarabağ və Dnestryanı münaqişələr arasında paralellik yoxdur"

"Müstəqil Dövlətlər Birliyi parçalanmağa hazırlaşmır. MDB keçmiş sovet ölkələrinin formatıdır və çox az adam bilir ki, bu formata müxtəlif fəaliyyət sahələrinə dair 70-dən çox orqan daxildir".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenza deyib. O bildirib ki, hazırda 9 MDB ölkəsi azad ticarət zonası yaradıb: "Xidmət ticarəti və dövlət satınalmaları haqqında müqavilənin imzalanmasına hazırlıqlar gedir. Yəni iqtisadi mələlər müzakirə olunur. Biz, Böyük Vətən Müharibəsinin 70 illiyinə hazırlaşırıq. MDB parlamentlərarası əlaqələri də aktiv şəkildə inkişaf edir. Bir sözlə, dinamika müsbətdir".
V. Nebenza Ukraynanın MDB-dən çıxmasının fakt olmadığını bildirib: "Bizim fikrimizcə, bu, Ukraynanın özünün marağına olmazdı. Çünki Ukraynanın belə addımı öz vətəndaşlarının maraqlarına mənfi təsir göstərəcək. MDB çərçivəsində 450 müqavilə imzalanıb. Bu müqavilələrin 223-də Ukrayna iştirak edir. Ukraynanın hipotetik olaraq MDB-dən çıxması onun bir sıra müqavilələrdən kənarda qalmasına gətirib çıxaracaq. Bu müqavilələrə təqaüd təminatı, tibbi xidmət, eləcə də miqrasiya aiddir. Ona görə də, MDB-dən çıxmaq mövzusu Ukrayna əhalisi üçün "bayram" ola bilməz. Burada yüz dəfə ölçüb, bir dəfə biçmək lazımdır. Fikrimcə, hazırk Kiyev hökuməti bunu başa düşür. MDB-dən çıxmaq barədə verilən bəyanatların hazırda nisbətən səngiməsi bunu dolayısı yolla təsdiq edir".
V. Nebenza Avropa Birliyi ilə əməkdaşlığın inkişaf etdirilməsinin Rusiya və digər MDB ölkələri üçün prioritet olduğunu söyləyib: "Məsələ ondadır ki, AB ilə münasibətləri hansı formatda inkişaf etdirmək lazımdır. AB-nin "Şərq tərəfdaşlığı" proqramı iqtisadi deyil, geosiyasi proqramdır. Keçən ilin yayına qədər biz Ukrayna ilə AB arasında azad ticarət zonası deyilən müqavilənin nədən ibarət olduğunu bilmirdik. Həmin müqavilə ilə tanış olanda, başa düşdük ki, orada yazılanlar Ukrayna ilə bizim iqtisadi əlaqələrimizə mənfi təsir edəcək. AB texniki standartlarına keçid Ukrayna bazarlarını AB məhsulları ilə dolduracaq, Ukrayna məhsulları isə Gömrük İttifaqı ölkələrinə axacaq. Təbii ki, bu da öz növbəsində Gömrük İttifaqı ölkələrinin, o cümlədən Rusiyanın iqtisadiyyatına mənfi təsir edəcək".
Rusiya XİN başçısının müavini Krımda baş verənlərin Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin tənzimlənməsinə necə təsir edəcəyi ilə bağlı sualı da cavablandırıb: "Mən Krımda baş verənlərlə Dağlıq Qarabağ və Dnestryanı münaqişələr arasında paralellər aparmazdım. Dağlıq Qarabağ konfliktinin tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Orada Rusiya, ABŞ və Fransa həmsədrlər səviyyəsində təmsil olunurlar. Onlar azərbaycanlılarla ermənilər arasında birbaşa dialoqun olmasına vasitəçilik etməyə çalışırlar. Bir müddət əvvəl MDB ölkələri XİN başçılarının sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Ondan əvvəl də hər iki ölkə liderlərinin görüşü keçirilib. Dnestryanı münaqişənin tənzimlənməsi üçün "5+2" formatı var. Bu istiqamətdə də iş davam etdirilir".