Türkiyə və Amerika tarix yazır Dünya

Türkiyə və Amerika tarix yazır

İŞİD-lə mübarizə bu mərhələdə çətin olmayacaq. Rusiyanın etirazlarına baxmayaraq, Türkiyə və Amerika qələbəni öz ayaqlarına yazmaq imkanına malik olacaq və bununla da tarixə düşəcəklər. Bu sözləri açıqlamasında Türkiyənin Suriyada Mosul-Rakka əməliyyatlarına başlaması barədə danışarkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bildirib ki, Türkiyənin İŞİD-ə qarşı Suriyada quru əməliyyatlarına başlaması çox böyük əhəmiyyət kəsb edir:
"Düzdür, Ankaranın birinci məqsədi İŞİD-i tamamilə Yaxın Şərqdən silməkdir. Ancaq Türkiyə paralel olaraq kürdlərin dənizdən-dənizə dövlət layihəsini də məhv etməyi qarşısına məqsəd qoyub. Türkiyənin Suriyadakı hərbi əməliyyatları ilə əlaqədar Rusiya və Amerika fərqli fikirlər səsləndirir. Türkiyə, hələ ki, Amerikanın dediyinə əməl edərək kürdlərlə vuruşmur. Obama ilə Ərdoğan İŞİD-ə qarşı son mübarizəyədək Amerika və Türkiyənin quru və hərbi hava qüvvələrini birləşdirməsi barədə razılaşıblar. NATO-nun hərbi hava qüvvələri də əməliyyatlarda iştirak edəcək. Amerikanın çox müasir raket silahları artıq Türkiyənin sərhədlərinə gətirilib. Yaxın günlərdə bu ölkənin dəniz piyadaları və eləcə də xüsusi təyinatlı qoşunları Türkiyə ilə birgə əməliyyat planlarını həyata keçirəcək. Amerika və türk generalları Rakkanın alınması üzrə birgə hərbi əməliyyat planı hazırlayırlar. Bu yaxınlarda hər iki dövlətin Rakkaya böyük hücum əməliyyatı gözlənilir".
Politoloq Amerikanın bu dəfə İŞİD-i yox etməkdə daha qərarlı göründüyünü bildirib: "Türkiyənin Əsədə qarşı münasibəti dəyişib, keçid dövrü və dinc siyasi proseslərin həyata keçirilməsi ön plandadır. Amerika və Rusiya bu planı dəstəkləyir. Ancaq Rusiya nədənsə hərbi əməliyyatlara qatılmaq istəmir. Amerika isə bu dəfə İŞİD-i yox etməkdə daha qərarlı görünür. Mosulun alınmasına da az qalıb. İŞİD sıralarında fərarilik halları artır. Görünür, İŞİD-lə mübarizə bu mərhələdə çətin olmayacaq. Rusiyanın etirazlarına baxmayaraq, Türkiyə və Amerika qələbəni öz ayaqlarına yazmaq imkanına malik olacaq və bununla da tarixə düşəcəklər".
Qeyd edək ki, Türkiyə və Azad Suriya Ordusunun (ASO) Suriyada birgə "Fərat qalxanı" adlı uğurlu hərbi əməliyyatları davam edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda Çində keçirilən 11-ci G20 sammiti çərçivəsində həmkarları Putin və Obama ilə görüşüb. Tərəflər Suriya məsələsini müzakirə ediblər.