Ukraynanın şərqində döyüşlər başlayıb Dünya

Ukraynanın şərqində döyüşlər başlayıb

Slavyansk şəhərində atışmada ölənlər və yaralananlar var
Putin rəsmi Kiyevi hədələdi, Rusiyanın Ukrayna ilə sərhəddində ağır hərbi texnikaların hərəkəti müşahidə olunub

Ukraynanın şərqində yerləşən Slavyansk şəhərində atışma başlayıb. APA-nın Rusiya saytlarına istinadən verdiyi məlumata görə, şəhərdə özünümüdafiə qüvvələrinin bir neçə postu atəşə tutulub.
Hazırda şəhərin kənarında döyüşlər gedir. Ölən və yaralananların olduğu bildirilir. Şəhərdə mobil rabitə işləmədiyindən orada baş verənlər barədə ziddiyyətli məlumatlar yayılmaqdadır.
Qeyd edək rus separatçıları srağagün gecə Donetsk vilayətinin Artyomovsk şəhərində silah anbarının yerləşdiyi hərbi hissəyə silahlı hücum ediblər. Ukraynanın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hücum edənlərin sayı 100-dən çox olub. Hadisə zamanı bir hərbçinin yaralandığı bildirilir. Terrorçu qru geri oturdulub və hərbi hissənin mühafizəsi gücləndirilib.
Ukrayna DİN-i Donetsk vilayətinin şimalındakı Svyatoqorsk şəhərində də antiterror əməliyyatları keçirib və şəhər qeyri-qanuni silahlı qruplaşmadan azad edilib. Əməliyyat itkisiz başa çatıb.
Qeyd edək ki, Pasxa bayramı ilə əlaqədar fasilədən sonra Ukraynanın güc strukturları ölkənin şərqində anti-terror əməliyyatını bərpa ediblər.
Rəsmi Kiyevin silahlı terrorçulara qarşı həyata keçirdiyi tədbirlər Kremldə qəzəblə qarşılanıb. Rusiya prezidenti Vladimir Putin anti-terror əməliyyatlarına sərt reaksiya verib. Putin deyib ki, əgər Rusiya Krım əhalisinə kömək etməsəydi, orada vəziyyət indi Ukraynanın şərqindəkindən pis olardı: "Ona görə də, bu, bir daha onu göstərir ki, biz hər şeyi düz və vaxtında etmişik".
Putin həmçinin xəbərdarlıq edib ki, Ukraynanın şərqində ordudan istifadə edilməsi nəticədə Ukrayna-Rusiya dövlətlərarası münasibətlərə mənfi təsir göstərəcək: "Əgər Kiyev doğrudan da Slavyanskda ordudan istifadə etməyə başlayıbsa, bu öz xalqına qarşı çox ciddi cinayətdir".
Ukrayna mətbuatı dünən günün sonuna doğru Rusiyanın Ukrayna ilə sərhədyanı rayonlarında ağır hərbi texnikanın hərəkətinin müşahidə olunduğu barədə məlumat yayıb. Xəbərlərə görə Ukrayna sərhədi yaxınlığında, Rostov vilayətində də tanklar, "BTR" və KamAZ-lardan ibarət kolon görünüb.
Sosial şəbəkələrdə yayılan xəbərlərdə bildirilir ki, zirehli texnikanın üzərində "Sülhməramlı missiya" sözləri yazılıb.
Həmçinin Ukrayna sərhədindən 100 km aralıda 12 hərbi helikopterin uçuşu müşahidə olunub.
Bu arada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ukraynadakı vəziyyətlə əlaqədar NATO ilə təmaslarını dayandırdı barədə bəyanat yayıb. KTMT-nin baş katibi Nikolay Bordyuja RİA Novosti agentliyində keçirdiyi mətbuat konfransında deyib: "Biz bu gün NATO-nun Ukrayna böhranı dövründə tutduğu mövqeyi nəzərə alaraq NATO ilə birgə fəaliyyət üzrə təmasların qurulması üzrə istənilən səyləri dayandırırıq".
Bordyuja bunu NATO-nun Rusiyanı və onun müttəfiqlərini "şantaj etməsi" ilə əsaslandırıb: "Bu gün NATO KTMT-yə üzv olan dövlətlərin bütün cəbhəsi boyu şantaj fəaliyyəti göstərir, son aylar Rusiyanın hərəkətlərindən son dərəcə narahat olduqlarını nümayiş etdirirlər".
Qeyd edək ki, ötən həftə NATO baş katibi Anders Foq Rasmussen bildirib ki, Ukraynanın ətrafındakı hadisələrlə əlaqədar təşkilatın döyüş hazırlığının gücləndirilməsi və təlimlərin keçirilməsi üçün müdafiə planlarını təkrar gözdən keçirmək niyyətindədir.