ABŞ prezidentləri barədə maraqlı faktlar Dünya

ABŞ prezidentləri barədə maraqlı faktlar

ABŞ-da ölkənin 45-ci prezidenti seçilir. Amerikada prezident seçkiləri 1789-cu ildən etibarən keçirilir. AZƏRTAC TASS informasiya agentliyinə istinadla ABŞ prezidentləri barədə maraqlı faktları təqdim edir.

İlk prezident

Corc Vaşinqton 1789-cu ildə yekdilliklə ABŞ-ın ilk dövlət başçısı seçilib. 1792-ci ildə yeni müddətə prezident seçilən C.Vaşinqton həmin vaxtdan etibarən seçənlər kollegiyasının bütün üzvlərinin (100 faiz) səsini qazanan yeganə prezident olaraq qalır. O, ABŞ tarixindəki iki partiyasız prezidentdən biri olub. Partiyadaxili mübarizənin siyasi həyata mənfi təsir göstərdiyini və ölkənin inkişafını ləngitdiyini düşünərək partiyaçılıq ideyasını rədd edib. İkinci partiyasız prezident isə Con Tayler (1841-1845) olub. O, əvvəlcə vitse-prezident seçilib, 1841-ci ildə isə Uilyam Harrisonun ölümündən sonra dövlət başçısı postunu tutub. Vitse-prezident seçilərkən viqlər partiyasının üzvü olsa da, prezident olduqdan sonra partiya maraqlarına zidd siyasət yeritdiyi üçün təşkilatın sıralarından xaric edilib.

12 il prezident postunda

Franklin Delano Ruzvelt (1933-1945) ABŞ-ın dövlət başçısı postunda hamıdan çox qalan prezidentdir – 12 il (4422 gün). Bu postda ən az qərar tutan isə inauqurasiyadan bir ay sonra vəfat etmiş Uilyam Harrisondur (31 gün).

Cavanlar və qocalar

ABŞ-ın ən gənc prezidenti 42 yaş 10 ayında vəzifəyə yüksələn Teodor Ruzveltdir (1901-1909). Lakin o, bu posta seçkilər nəticəsində deyil, 1901-ci ildə prezident Uilyam Mak-Kinlinin qətlindən sonra vitse-prezident kimi yiyələnib. Ən gənc seçilən prezident isə 43 yaşında hakimiyyətə gələn Con Kennedidir (1961-1963). 69 yaşında prezident seçilən Ronald Reyqan (1981-1989) ABŞ-ın ən yaşlı dövlət başçısıdır. O, iki müddətə prezident seçilib və Ağ evi 78 yaşında tərk edib.

Fasilələrlə iki müddət

Qrover Klivlend ölkə tarixinə fasilələrlə iki müddət prezident seçilən yeganə dövlət başçısı kimi düşüb. O, ABŞ-ın 22-ci və 24-cü prezidentidir (1885-1889 və 1893-1897).

İlk qaradərili prezident

Brak Obama (2009-2017) ABŞ tarixində ilk qaradərili prezidentdir.

"Nobel" mükafatı laureatları

ABŞ-ın üç prezidenti – Teodor Ruzvelt (1901-1909), Vudro Vilson (1913-1921) və Barak Obama (2009-2017) vəzifədə olarkən "Nobel" sülh mükafatı alıblar. Bundan başqa, həmin mükafat sabiq prezident Cimmi Karterə (1977-1981) də təqdim olunub.

Prezident seçkilərinə qatılan ilk qadın

İndiyədək ABŞ-da qadın bir dəfə də olsun prezident və vitse-prezident postunu tutmayıb. Vitse-prezident postuna iki qadın namizədliyini irəli sürüb: 1984-cü ildə Demokratik Partiyasından Ceraldin Ferraro (Uolter Mondeyllə birgə) və 2008-ci ildə Respublika Partiyasından Sara Peylin (Con Makkeynlə birgə). Prezidentlik yarışına qoşulan ilk qadın Demokratik Partiyasının namizədi Hillari Klintondur. 2008-ci ildə o, partiyadaxili praymerizdə Barak Obamaya məğlub olub. 2016-cı ildə isə Hillari Klinton Demokratik Partiyasından prezidentliyə rəsmi namizəd seçilib.

Əməkhaqqını xeyriyyəçiliyə xərcləyənlər

Dağ-mədəni sənayesi sahəsində sərvət toplamış Ağ evin 31-ci başçısı Herbert Quver (1929-1933) və varlı ailədən çıxmış ABŞ-ın 35-ci prezidenti Con Kennedi (1961-1963) öz prezidentlik əməkhaqlarını xeyriyyəçiliyə sərf ediblər.

"Corc Buş" təyyarədaşıyan gəmisi

ABŞ-da prezidentlər istefaya getdikdən sonra da adları uca tutulur. Təyyarədaşıyan gəmilərə sabiq dövlət başçılarının adlarını vermək kimi ənənə mövcuddur. ABŞ-ın 41-ci prezidenti ata Corc Buşun şərəfinə adlandırılan "Corc Buş" təyyarədaşıyan gəmisi 2006-cı ilin noyabr ayında suya buraxılıb.

Qayaya həkk olunanlar

Corc Buş, Avraam Linkoln və Tomas Ceffersonun adları Vaşinqtonda memoriallara yazılıb. Həmçinin Teodor Ruzveltlə birgə onların surətləri Cənubi Dakotadakı Raşmor dağında qayaya həkk olunub. Arlinqton qəbiristanlığında isə Con Kennedinin şərəfinə məşəl alovlanır.