Türkiyənin növbəti prezidenti kim ola bilər? Dünya

Türkiyənin növbəti prezidenti kim ola bilər?

Abdullah Gül hər nə qədər gizlətməyə çalışsa da növbəti dəfə prezident olmaq istəyir və Ərdoğanın "Medvedev"i olmağa həvəsli görünmür

Cavid

Türkiyədə hər kəsin maraqla gözlədiyi prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb. Ali Seçki Qurumunun açıqlamasına görə, Türkiyədə prezident seçkiləri Konstitusiyaya görə 2 turdan ibarət olacaq. Birinci tur seçkilərinin 10 avqustda, ikinci tur seçkilərinin isə 24 avqustda keçiriləcəyi qeyd olunub.
Xatırladaq ki, Türkiyə Ali Konstitusiyasının müvafiq qanununa görə, Türkiyə Cümhuriyyəti prezidentinin səlahiyyət müddəti 5 il müəyyən olunub və növbəti prezident seçkiləri hazırki prezidentin səlahiyyət müddətinin bitməsinə 60 gün qalmış müddətdə sona çatdırılmalıdır.
Qeyd edək ki, Türkiyənin hazırkı prezidenti Abdulla Gülün səlahiyyət müddəti 28 avqust 2014-cü il tarixində başa çatır.
Amma hələlik hakim AKP-dən kimin prezidentliyə namizədliyi məsələsi ilə bağlı qəti qərar qəbul olunmayıb. Türkiyə ictimaiyyətində belə bir söz-söhbət gəzir ki, indiki baş nazir Ərdoğan Güllə yerini dəyişəcək. Yəni hakim AKP Putin-Medvedev təcrüəsindən yararlana bilər. Bunlar yalnız ehtimallardır. Müxalifətdən də hələlik namizədlik məsələsində qəti mövqe nümayiş etdirilmir.
Türkiyənin hakim partiyasının təmsilçiləri hesab edirlər ki, prezident səsvermənin birinci turunda seçilə bilər. Məsələn, baş nazir Rəcəb Tayyib Ərdoğanın siyasi müşaviri Yalçın Ağdoğan belə hesab edir. Onun sözlərinə görə, hakim partiyanın ölkə prezidenti postuna bir neçə namizədi var.
Ağdoğanın fikrincə, hakim partiyadan namizəd səsvermənin birinci turunda seçiləcək və ona görə də seçkilərin ikinci turunun zəruriliyi öz-özünə aradan qalxır: "Türkiyədə bələdiyyə seçkilərinin yekunları göstərdi ki, xalq hakim partiyaya güvənir və bu, prezident seçkilərinin gedişinə müsbət təsir göstərəcək".
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prezident seçilməsindən sonra hazırkı dövlət başçısı Abdullah Gül baş nazir postunu tuta bilər. Bunu isə bir müddət əvvəl hakim Ədalət və İnkişaf Partiyası rəhbərinin müavini Əli Şahin bildirmişdi. Onun sözlərinə görə, prezident Abdullah Gül böyük siyasi təcrübəyə malikdir və hakim partiya bu təcrübədən faydalanmaq istəyir. Türkiyə baş nazirinin müavini Bülənt Arınç hesab edir ki, Türkiyə xalqının böyük dəstəyi və bələdiyyə seçkilərinin nəticələri baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürəcəyi təqdirdə prezident seçilə biləcəyinə əsas verir.
Baş nazir Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Türkiyədə keçiriləcək prezident seçkiləri xüsusi əhəmiyyət kəsb edəcək və ondan sonra ölkədə hər şey dəyişəcək. Onun sözlərinə görə, prezident seçkilərində xalqla sıx əlaqələrə malik olan şəxslər namizəd olmalıdırlar.
Xaricdə yaşayan Türkiyə vətəndaşları da ilk dəfə olaraq prezident seçkilərində iştirak edə biləcək. Bundan ötrü 56 ölkədəki 118 türk diplomatik nümayəndəliyində seçki qutuları qoyulacaq. Məlumat üçün bildirək ki, xaricdə yaşayan seçicilərin sayı 750820 nəfərdir.
Türkiyə bu seçkilərdən sonra prezident üsul-idarəli respublika olacaq. Dövlətçiliyin bu formada idarəçilik modelinə keçid layihəsi parlamentə hakim çoxluq tərəfindən təklif edilib.
Ekspert Hüseynbala Səlimovun fikrincə, hər nə qədər Ukrayna ətrafında cərəyan edən proseslər haqlı olaraq siyasi gündəmi zəbt etsə də, digər maraqlı siyasi hadisələr də diqqətdən kənarda qalmır. Onlardan biri də qonşu Türkiyədəki prezident seçkiləridir. Onun fikrincə, seçkilərə hələ bir neçə ay qalsa da artıq ölkə indidən kimin prezident olacağını müəyyənləşdirməyə çalışır: "Amma bir qədər tələskənlik təəssüratı bağışlasa da məsələ predmetsiz də deyil - ona görə ki, ölkədə hamı prezidentliyə iki real namizəd görür. Bunlardan biri indiki prezident Abdullah Gül, o birisi isə baş nazir Ərdoğandır. Siyasi olimpdə hələ ki, bu iki siyasətçilə mübarizə aparmaq iqtidarında olan digər siyasətçi görünmür. Bu iki nəfərdən kimin prezident olacağı isə mayın 9-11-də keçiriləcək qurultayda bilinəcək. Bu qurultayda hakim partiya öz namizədini müəyyən edəcək".
Ekspert hesab edir ki, şanslar təxminən bərabərdir: "Amma martın 30-da keçirilən yerli seçkilərdən 45,5 faizlik qələbə ilə çıxan Əradoğanın şansları daha yüksək qiymətləndirilir".
Heç kim şübhə etmir ki, Ərdoğan öz namizədliyini irəli sürərsə seçkidən qələbə ilə çıxacaq. Halbuki, yerli seçkilərə qədər çoxu belə düşünmürdü. Böyük korrupsiya qalmaqalından sonra hamı belə düşünürdü ki, Ərdoğanın partiyası seçkiləri uduzacaq. Hətta böyük şəhərlərdə məğlubiyyətin ünvanları da göstərilirdi. Amma deyilənlər doğru çıxmadı - Ərdoğanın partiyası seçkilərdən qalib çıxdı.
İndi hakim partiya iki nəfərdən birinin üzərində dayanmalıdır. Təbii ki, partiya daxilində də Ərdoğanın şansları daha böyükdür. Amma o, hələ ki, birmənalı bəyanatlar verməkdən çəkinir.
Gül bu vaxta qədər onun siyasi resurslarından yararlanıb. Ona görə partiya daxilində onun Ərdoğana rəqib ola biləcəyini düşünmək üçün heç bir əsas yoxdur.
Ekspert deyir ki, həm seçki qanununa, həm də partiya nizamnaməsinə görə Ərdoğan daha baş nazir ola bilməz. Gül haqqında isə bunu demək olmur - qanun ona daha bir dəfə prezident olmağa və ən azı iki dəfə baş nazir olmağa imkan verir.
Nə qədər gizlətməyə çalışsa da Gül də növbəti dəfə prezident olmaq istəyir. Amma o da Ərdoğan kimi birmənalı və kəskin bəyanatlardan qaçır. Bəzən isə hətta gələcəklə bağlı planlarını hələ müəyyənləşdirmədiyini deyir. Təbii ki, o, nə qədər belə desə də, cəmiyyət onu Ərdoğanla bir tandemdə görməyə alışıb. Əksəriyyət belə düşünür ki, nə Ərdoğan, nə də Gül yaxın vaxtlarda böyük siyasətdən getməyəcək. Amma bu, o halda mümkün olardı ki, prezident Gül Ədoğanın dövründə baş nazir olmağa razılıq versin. Amma Gül buna razı olacaqmı? Məsələ də elə bundadır. Artıq Gül bildirib ki, o, Ərdoğanın "Medvedev"i olmaq istəməzdi. Bu isə o deməkdir ki, tandemokratiya bu dəfə baş tutmaya da bilər.
Ekspertə görə Ərdoğanın çıxışlarında arabir güzəşt notları sezilir: "Amma hələ heç kim bilmir ki, bu notlar nə qədər ciddidir? Ərdoğan çox ambisiyalı siyasətçidir. Eyni zamanda öz gücünə çox arxayındır. Hətta o qədər arxayındır ki, axır vaxtlar qeyri-populyar siyasi qərarlar qəbul etməkdən də çəkinmir. Prinsipcə, o, Gülə daha bir şans verə bilər. Amma siyasət siyasətdir, bəzən prosesləri proqnozlaşdırmaq çox çətin olur...Üstəlik, Ərdoğanın seçki müddətində böyük siyasətdən kənarda qala biləcəyini düşünmək bir qədər çətin olardı. Gülün "Medvedev olmaq" istəməməsinə gəldikdə isə, artıq bir neçə dəfə o, Ərdoğanla siyasi tandemdə olub. Əgər Ərdoğan Gülün vaxtında baş nazir olmağa razı olubsa, bunu Gül niyə etməsin? Təbii ki, biz Türkiyə siyasətçilərinin əvəzinə qərar verə bilmərik. Həm də qərar veriləcəyi günə də çox qalmayıb. Bütün hallarda isə məsələni növbəti demokratik seçki həll edəcək".