Boeing İranla saziş bağladı, amma təyyarələrini sata biləcəkmi? Dünya

Boeing İranla saziş bağladı, amma təyyarələrini sata biləcəkmi?

"The Telegraph" qəzetinin sənaye üzrə redaktoru Alan Tovey yazır ki, Boeing şirkəti İran İslam Respublikasına 16, 6 milyard dollarlıq təyyarələrin satışı barədə müqaviləni imzalyıb. ABŞ təyyarə istehsalçısı bu müqavilə əsasında İrana 50 ədəd özünün "səmaların işçi atı" ayamasını qazanmış təksalonlu Boeing 737 və 30 ədəd "mini-jumbo" kimi tanınan Boeing 777 təyyarələrini satacaq.Təyyarələrin sifarişçiyə çatdırılması üçün 2018-ci il nəzərdə tutulub.
"The Telegraph" yazır ki, bu razılaşma İranın 6 dünya gücü ilə imzaladığı nüvə sazişi sayəsində onun üstündəki sanksiyaların yumşaldılması nəticəsində mümkün olub. Məqalədə deyilir ki, Trump administrasiyası bu sazişin icrasına əngəl törətməyə çalışa bilər. Prezident seçilmiş Donald Trump özünün seçki kampaniyası ərzində İranla yaxınlaşmanı dəfələrlə kəskin tənqid edib. Boeing bildirib ki, İran sifarişi ona minlərlə iş yerinin qorunub saxlanmasında kömək edəcək. Buna baxmayaraq sazişin icrası qarşısında başqa əngəllər də mövcuddur Ötən ay Konqress Maliyyə Nazirliyinin İranla pul köçürmələrini bloklayan qanun qəbul edib.
Konqresmenlər narahatdırlar ki, İran yeni təyyarələrdən öz qoşunlarının ölkə daxilində və xaricində yerdən yerə daşımaq üçün istifadə edə bilər. Tehran isə bildirir ki, onun son dərəcə köhnəlmiş sərnişin təyyarələri donanmasının təzələnməsinə təcili ehtiyac var. "The Telegraph" yazır ki, İranın sanksiyalara görə uzun illərdir yeni təyyarələr və ehtiyat hissələri əldə edə bilməməsi onun sərnişin aviasiyasını dünyanın ən təhlükəli nəqliyyat vahidlərindən birinə çevirib.
Məqalədə deyilir kİ, Boeing İran kontraktlarının əldə olunmasına can atan yeganə biznes deyil. Onun rəqibi - Avropanın Airbus şirkəti bəyan edib ki, İranla ümumi dəyəri 22,8 milyard avro olan 118 təyyarənin satışı üçün saziş imzalayıb. Lakin həm Boeing, həm də Airbus bu satışın baş tutması üçün Birləşmiş Ştatların icazəsini almalı olacaqlar. Beləki Airbus şirkətinin özü də bir sıra mühüm təyyarə komponentlərini ABŞ-dan idxal edir.