Sərhəddəki 7 bazanın vəzifəsi nədir? - Vaşinqtonun gizli planı Dünya

Sərhəddəki 7 bazanın vəzifəsi nədir? - Vaşinqtonun gizli planı

ABŞ-ın Suriyanın Əl Bab mahalında İŞİD-lə mübarizədə Türkiyəyə yardım qarşılığında irəli sürdüyü "PYD-yə toxunmayın!" şərtinin arxasındakı gizli səbəbi məlum olub.
Türkiyənin "Haber7" saytının yazarı Taha Dağlı əsas məsələnin bölgədəki neft ehtiyatları olduğunu yazıb.
"Pentaqon səlahiyyətlisi "Sizə Əl Babda dəstək verək, amma PYD-dən uzaq durun, məsələn, Əl Babdan sonra Münbiçə getməyin" dedi. Bizim elə bir dəstəyə ehtiyacımız yoxdur. Cerablusda işi təkbaşına gördük, eyni işi Əl Babda da, Münbiçdə də görərik. Amma Əl Babda dəstək məsələsi ABŞ-ın gerçək niyyətini ortaya çıxardı. Münbiç, Rakka, Kobani və Haseke Şimali İraqa qədər uzanan xəttin üzərində yerləşir. Türkiyə sərhədində yerləşən bu bölgələrə ABŞ göz qoyub. Haseke onsuz da hazırda PYD-nin, daha doğrusu ABŞ-nin işğalı altındadır. Bura Suriyanın ən zəngin neft ərazilərinin başında gəlir. Rimelan və Şedadi neft yataqları Haseke sərhədləri daxilindədir. Bundan başqa, burada zəngin təbii qaz ehtiyatları da var", - deyə türkiyəli yazar bildirib.
Taha Dağlı qeyd edir ki, ABŞ bölgədə 7 hərbi baza qurub. Bunların ən böyükləri Rimelanın Alajafal kəndində və Suriya-Türkiyə-İraq sərhədinin birləşdiyi Malikiyedəki hərbi bazalardır:
"ABŞ əsgərləri, CİA agentləri və diplomatlar vertolyotlarla bu bazalara girib-çıxır, orada PYD terrorçuları ilə toplantılar keçirirlər. Bundan başqa, PYD terrorçularına verilən silahlar da bu bazalardan paylanılır. Suriyanın şimalında bir ABŞ işğalı var. Bu işğal əvvəllər PYD terror təşkilatı üzərindən həyata keçirilirdisə, 2016-cı ildən etibarən ABŞ öz əsgəri ilə birbaşa bu bölgələri işğal etdi".