İrəvan savaşa hazırlaşır? Dünya

İrəvan savaşa hazırlaşır?

Ermənilər son zamanlar rusların rəğbətindən və Moskvanın pulsuz göndərdiyi silahların çoxluğundan riqqətə gələrək müharibə ritorikasını artırıblar.
Bu sözləri Ermənistandakı rus bazasının genişlənməsi ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq sözügedən qərarın təkcə NATO-nun Yaxın Şərqdəki fəallığına qarşı yönəlmədiyini bildirib:"Əvvəlcə erməni mətbuatında belə bir fikir yayıldı ki, Rusiya Ermənistana yaxın hissədə yeni bir baza yaratmaq istəyir. Daha sonra Ermənistanın müdafiə naziri bildirdi ki, köhnə bazalarda - həm aviasiya, həm də Gümrüdəki 102-ci briqadada yenidənqurma işləri aparılacaq. Yəni şəxsi heyətin sayı iki dəfə artırılacaq, döyüş texnikası müasirləri ilə təchiz ediləcək. Rusiya mətbuatı isə guya bazaların təkmilləşdirilməsi prosesinin getdiyini bildirdi. Belə ki, həmin bazalada 10-15 il bundan öncə icad olunmuş köhnə texnikalar dəyişdiriləcək, eyni zamanda, Rusiyada muzdlu qoşun hissələrinin yaradılmasına məhz 102-ci briqadadan başlanılacaq. Yəni 102-ci briqadada əsgər sayını iki dəfə artırmaq istəyirlər. Belə bir izahat verirlər ki, guya muzdlu əsgərlərin 102-ci bazaya cəlb edilməsi briqadanın döyüş qabiliyyətinin təkmilləşdirilməsinə xidmət edəcək, çünki həm NATO-nun Avropa qitəsində Şərqə doğru genişlənməsi prosesi gedir, həm də Alyans Yaxın Şərqdə yeni ciddi hədəflər üzərində çalışır. Əlbəttə, bunlar sona qədər səmimi deyilmiş sözlər deyil. Çünki bu yaxınlarda birləşmiş erməni və rus qoşunlarının komandanı general Makaryan bildirdi ki, o, rəhbərli etdiyi qoşunları tərəddüd edilmədən Qarabağa yönəldə bilər. Rəsmi səviyyədə heç bir təkzib olmadı, yalnız politoloqlar səviyyəsində cavab verildi və bildirildi ki, bunu etsə, yalnız Putin edə bilər".
Politoloqun fikrincə, Azərbaycan bu məsələnin araşdırılması və Rusiyadan rəsmi səviyyədə cavab alınması istqiamətində səy göstərməlidir:
"Rusiya öz forpostunda müxtəlif silah növlərinin sınaqdan keçirilməsi və bu silahlardan Yaxın Şərqdə və Azərbaycanla döyüş meydanlarında istifadə edilməsi istiqamətində səylər göstərir. Ancaq Azərbaycan həm rusların, həm də ermənilərin ritorikasına alışıb, ordumuz istənilən təcavüz aktını dəf etməyə hazırdır. Dünya bütün bu məsələləri diqqətlə izləyir, xarici siyasətimiz bu informasiyanı lazım olan mərkəzlərə çatdırır. Bu yaxınlarda ABŞ Konqresi Gürcüstanın ərazi bütövlüyü məsələsini xüsusi maddə ilə qeyd etdi. Güman edirəm ki, belə bir xoş hadisə Azərbaycanla da baş verə və Rusiyanın bu bölgədə oynadığı destruktiv rol ətraflı açıqlana bilər".
Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin Ermənistandakı rus bazasının genişlənmə ehtimalının olduğunu açıqlayıb.