Tramp Qətərdən şəxsi biznesinin intiqamını alır? Dünya

Tramp Qətərdən şəxsi biznesinin intiqamını alır?

"The İndependent" qəzetinin məşhur Yaxın Şərq yazarı, jurnalist Robert Fisk, prezident Donald Trampın Qətəri "terrorizmin əsasını qoyan bir ölkə" adlandırmasının səbəblərinə dair mülahizələrini bildirib. Fisk yazır ki, görəsən, bunun səbəbi kiçik əmirlik haqqında prezidentə verilmiş dezinformasiyadır, yoxsa, onun 2010-cu ildə Qətərə təklif etdiyi söylənən tikinti layihəsinin rədd edilməsi?
2011-ci ildə "Fələstin sənədlərini" faş etmiş məqaləni yazan təhqiqat jurnalisti Klayton Svişer iddia edirdi ki, Tramp və onun qızı İvanka bundan 7 il əvvələ Qətərə gəlibmişlər. Jurnalistin yazdığına görə, orada onlar investisiya dəstəyi almaq üçün iki Qətər rəsmisinə yaxınlaşıblar. Onlardan biri Qətər İnvestisiya Şurasının üzvü Hüseyn əl-Abdullah, digəri isə hakim ailədən o vaxtlar baş nazir olan Şeyx Həmid bin Cassem ət-Tani olub.
Huffington Post saytında yazan Svişerin bildirdiyinə görə, Trampın o sövdələşməsi baş tutmayıb. O iddia edir ki, əl-Abdullah Trampın təqdimat tərzindən şoka düşüb, amma Şeyx Həmid deyəsən, onu axıradək dinləyib. Buna baxmaraq Qətərin 338 milyard dollarlıq Dövlət Fondundan Trampın layihəsinə pul buraxılmayıb.
Svişer əlavə edir ki, hər halda İvanka Tramp sonralar əri Jared Kuşnerlə başqa bir mülkiyyət sövdələşməsi təklifi ilə Qətərə gəlib. Burada söhbət Kuşnerin 666 Fifth Avenue ünvanındakı mülkündən gedirmiş. Bu layihə barədə danışıqlar 2016-cı ilədək davam edib.
Svişer iddia edir ki, bu yaxınlarda bu iş barədə yeni məlumat əldə edib. O aşkar edib ki, Kuşnerin atası Karles artıq baş nazir yox, fərdi biznesmen olan Şeyx Həmidlə danışıqlar aparıb. Danışıqların mövzusu 500 milyon dollar olub. Lakin Qətər Kuşnerin atasına bildirib ki, o, 1, 2 milyard dolları başqa yerdən tapmalıdır. Svişerə görə, bu danışıqlar yaxın aylaradək davam edirmiş.
Fisk yazır ki, Trampın Qətərin üstünə düşməsinin səbəbi hələ də izah edilməyib, amma bu arada Qətər özünə bu vaxtadək ağlına da gəlməyən yeni dostlar tapıb.
Oman ərzaqla dolu ticarət gəmilərini Dohaya göndərir. Bəzi məlumatlara görə, Mərakeş də eyni hərəkəti edir. Hərçənd belə də ehtimal olunur ki, kral 6-cı Məhəmməd öz ölkəsindəki ictimai narazılığı bu yolla bir qədər sakitləşdirəcəyinə ümid edir.