ABŞ Şimali Koreyaya nə edə bilər? Dünya

ABŞ Şimali Koreyaya nə edə bilər?

"The New Statesman" məcmuəsində dərc edilmiş məqaləsində Koreya üzrə ekspert, Britaniya-Cənubi Koreya şurasının üzvü Cask Hands belə bir sual verir: Şimali Koreya nüvə ölkəsidir və onunla necə davranmaq olar? Məqalədə deyilir ki, Şimali Koreyanın qitələrarası Hvasong-14 raketini sınaqdan keçirməsi və onun Alyaskaya çatmaq qabiliyyətində olması barədə xəbərlər ilk növbədə ABŞ prezidenti üçün təhlükəli vəziyyət yaradır.
Sözü gedən raket 2800 metr yüksəliyə qalxıb və 39 dəqiqə ərzində uçub. Ekspertin dediyinə görə buna təəccüblənməyə dəyməz, çünki Pxenyan artıq illərdir ki, öz raketlərini təkmilləşdirməklə məşğuldur və bu sahədə getdikcə daha böyük irəliləyişə nail olub.
Məqalədə deyilir ki, Kim Conqunun aqressiv davranışı daha çox onun ölkə daxilində üzləşdiyi problemlərlə bağlıdır. Başqa sözlə, Şimali Koreyanın lideri öz hakimiyyətini qoruyub saxlamağa çalışır. Atası öldükdən sonra, 2011-ci ildə hakimiyyəti irsi yolla qəbul etmiş Kim qatı konfusian cəmiyyətində təcrübəsinin olmadığına görə böyük risklərlə üzləşmişdi. Məhz buna görə də hakimiyyətini möhkəmlətmək məqsədilə Kim Conqun dayısı Canq Sonqtaek də daxil bütün düşmənlərini qəddar şəkildə repressiya edib. O ölkə daxilində öz qüdrətini nümayiş etdirmək üçün Şimali Koreyanın raket proqramına rəhbərliyi tam olaraq öz üzərinə götürüb və özünü Şimali Koreyanı ölkənin xarici düşmənlərindən müdafiə etməyə qabil olan bir lider kimi tanıtmağa çalışıb.
Cask Hands sual edir: Belə bir vəziyyətdə eskalasiya riskini azaltmaq üçün nə etmək olar? Hazırda Donald Trampın masası üzərində olan vasitələr məsələnin təcili çözümünə imkan vermir. Məqalədə deyilir ki, yeni prezidentin hakimiyyətə gələndən az sonra hərbi hərəkət vasitəsinə əl atmasının ağır nəticələri ola bilər.
Milli Təhlükəsizlik Şurasında Asiya məsələləri departamentinin keçmiş rəhbəri Viktor Ca deyib ki, belə bir müharibənin xərcləri 1 milyard dollar, lakin həlak olacaq bir milyonadək insan bir yana, törədəcyi dağıntıların ziyanı 1 trilyon dollara çata bilərdi. Bu, sadəcə fəlakət olardı. Şimali Koreyanın üzərinə qoyulmuş ağır sanksiyalar artıq onilliklərdir ki, davam edir və ölkə buna tam şəkildə alışıb. Buna görə də sansksiyalar rejimin silahlanma siyasətini dayandıra bilməyəcək.
Əslində burada Trampı qınamaq da olmur, çünki Şimali Koreya indiyədək neçə-neçə ABŞ prezidentini səriştə ilə manipulyasiya edə bilib. Çin, əlbəttə Şimali Koreya üzərində təsirə malik olsa da, nəzarətə malik deyil. Bundan başqa Çinin öz maraqları var və Şimali Koreya rejiminin devrilməsi bu maraqlara daxil olmaya da bilər.
Ötən həftə Cənubi Koreyanın yeni seçilmiş prezidenti Moon Jaein Vashinqtonda Trampla görüşüb və bildirib ki, o məsələnin danışıqlar yolu ilə həllinə tərəfdardır. Hands inanır ki, Trampın Şimali Koreya ilə münasibətlərində ABŞ-Cənubi Koreya alyansına böyük ehtiyac var. Ekspertin fikrincə, Tramp bu situasiyada Moonun Şimali Koreya ilə dialoq qurmasına tam dəstək verməlidir.
Ekspertin qənaətinə görə, Kurcill demişkən, belə məsələlərdə "çənə-çənə dava-davadan yaxşıdır". Bundan başqa Tramp, o Ağ Evə gələndən bəri boş qalan Şimali Koreya səfiri postuna kimisə təyin etməlidir. Ekspert yazır ki, Şimali Koreya liderinin əsas amalı sülalə hakimiyyətinin davam etməsidir, bu isə ən azı bu istiqamətdə müzakirə aparmaq imkanı yaradır.