“Müstəqil Kürdüstan“ dünyanın neft xəritəsini necə dəyişəcək? Dünya

“Müstəqil Kürdüstan“ dünyanın neft xəritəsini necə dəyişəcək?

"Financial Times" qəzeti yazır ki, İraqın şimalında keçirilmiş müstəqillik referendumunun ən mürəkkəb perspektivlərindən biri də, kürdlərin neftlə zəngin Kərkük əyalətinə iddialı olmalarıdır. Məqalədə deyilir ki, Kərkük günə 400 min barrel neft hasil edir və bu toplam İraq neft hasilatının 10 faizi deməkdir.
Beləliklə, Kürdüstan həqiqətən də müstəqil olarsa, İraq hökuməti OPEC-də ən böyük ikinci hasilatçı statusunu İrana təhvil verməli olacaq. Bundan başqa İraqın şimalındakı Kürd Muxtar Regionunun 45 milyard barrel neft ehtiyatına malik olduğu məlumdur. Bu, İraqın bütün neft ehtiyatlarının üçdə biri deməkdir. Burada hazırda günə 650 min barrel neft hasil olunur ki, bunun da 550 min barreli Türkiyə ərazisi ilə Aralıq dənizi limanlarına çıxarılır.
Neft bazarı narahat deyil
"Financial Times" yazır: "Elə isə dünya neft bazarı OPEC-in ikinci ən böyük hasilatçısı olan bir ölkəni potensial baxımdan parçalayacaq ziddiyyətli referendumdan niyə qədər də narahat olmayıb?" Məqalədə daha sonra deyilir: Birincisi ona görə ki, referendumda Kürdüstanın müstəqilliyinə hətta "hə" deyilsə də, bu avtomatik olaraq dərhal müstəqil Kürdüstanın yaranması ilə nəticələnməyəcək.
Kürdüstan rəsmiləri referendumun nəticələrinin icbari olduğunu desələr də, onlar bunu da qeyd ediblər ki, müstəqillyin rəsmi bəyanına qədər Bağdadla ciddi danışıqlara girəcəklər. Bu isə illərlə davam edə bilər. Məqalədə deyilir ki, beynəlxalq dəstək və tanıma olmadan Kürdüstan yaxın gələcəkdə özünün müstəqilliyini elan edə bilməyəcək. Lakin ən maraqlısı budur ki, Bağdad və İranın, indi isə həm də Türkiyənin hərbi müdaxilə barədə hədələrinə baxmayaraq burada tammiqyaslı müharibənin başlayacağı ağlabatan görünmür. Belə ki, kürdlər özünü İslam Dövləti (İD) adlandıran qrupa qarşı müharibədə həlledici rol oynayıblar və bu, İraq Kürdüstanında nəzərəçarpacaq anti-İŞİD koalisiyasının yaranması ilə nəticələnib.
Burada, xüsusilə də Kərkükdə və onun ərafında yaxşı möhkəmləndirilmiş müdafiə xətləri yaradılıb. Bəzi mübahisəli ərazilərdə şiə silahlılarla xırda toqquşmalar istisna edilməsə də, neft infrastrukturunu təsirləndirəcək tammiqyaslı müharibə real görünmür. Bundan başqa mərkəzi İraq hökuməti bütün xarici dövlətləri Kürdüstan regionu ilə ticarətdən çəkinməyə çağırıb. Beləliklə, Türkiyə buradan gedən neft kəmərini bağlamasa, Bağdadın yeganə çarəsi Kürdüstan neftini daşıyan tankeləri məhkəməyə vermək olacaq. Keçmişdə vəziyyət elə bu cür olub.
Kürdüstan və iri neft şirkətləri
Buna baxmayaraq Kürdüstan Regional Hökuməti (KRH) Vitol, Trafigura, Petraco və Glencore kimi neft ticarəti firmalarından istifadə edir və Bağdadın qara siyahısına baxmayaraq kürd nefti dünya bazarında özünə alıcı tapır. "Financial Times" yazır ki, üstəlik, Türkiyənin hərbə-zorba gəlməsinə baxmayaraq o, Kürdüstan neftini nəql edən boru kəmərini bağlamayacaq. Ankara Yaxın Şərq və Rusiyadan gələn enerji ixracatı üçün etibarlı tranzit kimi kəmərlərdən fayda götürür.
Məqalədə deyilir ki, baş verən hadisələr beynəlxalq neft şirkətlərini narahat etməyib. Geosiyasi risklərə və qeyri-sabitliyə baxmayaraq bu şirkətlər Kürdüstan neftinə marağı itirməkdənsə, əksinə bura axıdılan investisiyaları artırırlar. Referendumdan bircə həftə əvvəl ABŞ neft nəhəngi "Chevron" iki illik fasiələdən sonra Kürdüstandakı qazma işlərini bərpa edib. Üstəlik son iki həftədə Kürdüstan Regional Hökuməti böyük neft şirkətlərini onlara olan borclarını qaytaracağına inandıra bilib.
Rosneft və Türkiyə baş rolda
Bundan başqa lap bu yaxınlarda Rusiya dövlət neft nəhəngi Rosneft bir milyard dollardan artıq kredit də daxil KRH ilə bir neçə enerji sazişləri bağlayıb. Kürdüstan Rosneftə olan borclarının ödənməsinə əslində başlayıb. Beləki buradan Rosneftin Almaniyadakı emal zavodlarına xam neft göndərilir. Beləliklə, kürdlər borclarını elə neftlə ödəyirlər.
"Financial Times" yazır ki, Rosneft habelə Kürdüstanın neft kəmərinə böyük investiyalar qoymaqla onun tutumunu günə 700 min barreldən 1 milyion barrelə çatdırmaq niyyətini bildirib. Həm də bu, elə bu ilin sonlarınadək baş verə bilər. Bundan başqa Rosneft Kürdüstanın yerli KAR şirkəti ilə birlikdə ildə 30 milyard kubmetr keçiriciliyi olan qaz boru kəmərini tikməyə hazırlaşır.
Bu qaz kəmərinin tikintisi 2019-cu ildə başa çatacaq və bu boru ilə qazın Türkiyəyə nəqlinə 2020-ci ildə başlanacaq. Kürdüstanın Rosneftin köməyi ilə beynəlxalq bazara çıxaracağı qazın həcmi Avropanın qaza ehtiyacının 6 faizini verə bilər. Bütün bunlara görə də Türkiyənin bu qədər gəlirdən imtina edərək kəməri bağlaması ağlabatan deyil. Beləliklə, Kürdüstanın müstəqilliyindən beynəlxalq narahatlıqlara baxmayaraq, neft bazarı buradan axan neftin yaxın vaxtlarda kəsiləcəyinə inanmır.