13:48
483
“Ərazi bütövlüyünün və suverenliyin bərpası, Qarabağ məsələsinin bağlanması Azərbaycan üçün böyük strateji üstünlük deməkdir”.
Bu sözləri millət vəkili Könül Nurullayeva “Xalqcəbhəsi.az”-a açıqlaması zamanı söyləyib
Onun sözlərinə görə, rəsmi Bakı sülh gündəliyini dövlətlərarası münasibətlərin normallaşdırılması, qarşılıqlı suverenliyin tanınması və ərazi iddialarından imtina prinsipləri üzərində qurub: “Biz sülh sazişinin imzalanmasını regional sabitlik və iqtisadi inteqrasiya üçün strateji məqsəd kimi təqdim etmişik. Azərbaycan öz prinsiplərindən geri çəkilmir və regionun inkişafı üçün konkret addımlar atır.Ermənistan cəmiyyətində sülhə vahid yanaşma hələ tam formalaşmayıb. Paşinyan hökuməti sülhə meylli görünə bilər, lakin daxili təzyiqlər onun manevr imkanlarını məhdudlaşdırır. Yayda keçiriləcək seçkilər də prosesi müəyyən dərəcədə təsir edə bilər. Azərbaycanın əsas tələbi Ermənistan konstitusiyasından ‘ərazi iddialarının’ çıxarılmasıdır və bu, sülh prosesinin ön şərtidir. Bəzi dairələr bunu İrəvan üçün daxili siyasi həssas məsələ kimi təqdim etməyə çalışsa da, revanşist iddiaların perspektivi yoxdur.Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq artıq ötən il dekabrın 18-dən Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Bu addım yalnız kommersiya xarakteri daşıyır və beynəlxalq bazar qiymətlərinə uyğun həyata keçirilir.Sərhədlərin delimitasiyası davam edir, kommunikasiya məsələlərində texniki gecikmələr var, amma yekun sülh sazişinin imzalanması qaçılmazdır. Azərbaycan bütün lazımi addımları atır və regional stabilliyə töhfəsini verir.”
Könül Nurullayeva bildirib ki, Azərbaycanın prinsipial mövqeyi və atdığı addımlar həm regionda, həm də beynəlxalq ictimaiyyət qarşısında ölkənin möhkəm və qətiyyətli siyasətini nümayiş etdirir.
Günel Elxan