Ermənistan Rusiyadan Türkiyə və Azərbaycanla dəmir yolunun bərpası üzrə qərar qəbul etmələrini gözləyir İqtisadiyyat

Ermənistan Rusiyadan Türkiyə və Azərbaycanla dəmir yolunun bərpası üzrə qərar qəbul etmələrini gözləyir

Ermənistan Rusiyadakı tərəfdaşlarına Azərbaycanın və Türkiyənin sərhədlərinə aparan dəmir yolu xətlərində bərpa işlərinin həyata keçirilməsi barədə qərar qəbul etmələrini xahiş edib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu məsələ dövlət və hökumət başçıları səviyyəsində, o cümlədən Rusiya tərəfi ilə aparılan danışıqlar zamanı müzakirə olunub: “Bəli, bu məsələ müzakirə olunub. Mən bunu Rusiya Prezidenti Vladimir Putin ilə müzakirə etmişəm, həmçinin, Ermənistan Baş nazirinin müavini özünün rusiyalı həmkarı ilə danışmaq imkanı əldə edib. Biz Rusiya tərəfdaşlarımızdan reaksiyanı gözləyirik”.

Bərpa işlərinin həyata keçirilməsinə başlanması üçün vaxt çərçivəsindən danışarkən Paşinyan vurğulayıb ki, ABŞ ilə TRIPP layihəsinin həyata keçirilməsi üzrə çərçivə sazişi imzalandıqdan sonra münasib vaxt ən qısa müddət olmalıdır.