Tramp İranla sazişə zəmanət verməsə, nələr olacaq? Dünya

Tramp İranla sazişə zəmanət verməsə, nələr olacaq?

ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişini "ən pis sövdələşmə" adlandırıb və ondan çıxmaqla hədələyib. 2015-ci ildə imzalanmış həmin saziş Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaları yüngülləşdirdi. Oktyabrın 15-dək Trampın sazişə zəmanət verməkdən imtina edəcəyi, İrana qarşı daha güclü addımlar atacağı gözlənilir. "The Financial Times" qəzeti yazır ki, bu, heç də ABŞ-ın sazişi avtomatik olaraq pozması anlamına gəlmir, ancaq bundan sonra baş verə biləcəklər xeyli mürəkkəb, qarmaqarışıq, potensial partlayıcı kimi görünür.
İranla sazişin imzalanmasına Almaniya və AB ilə yanaşı, Çin, Fransa, Rusiya, Böyük Britaniya və Birləşmiş Ştatlar da qoşulub. Prosesi beynəlxalq qanun kimi BMT-nin Təhlükəsizlik Şurası təsdiqləyib. Bu gün BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə sazişinə əməl etdiyini bildirir.
Konqres sənədə ta əvvəldən isti yanaşmadığından, ondan sazişi ratifikasiya etmək istənilməyib. Ancaq qurum özünə rol tapıb: 2015-ci ildə İran Nüvə Sazişinin Nəzərdən Keçirilməsi Aktını qəbul edib. Sənəd hakimiyyətdə olan administrasiyadan tələb edir ki, hər 90 gündən bir ABŞ-ın sazişə öhdəliyini, eləcə də İranın sənədə necə əməl etdiyini, sənədin ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun gəlib-gəlmədiyini təsdiqləsin. Əgər Tramp həmin tarixədək sənədə zəmanət verməsə, Konqres növbəti 60 gün ərzində nüvə sanksiyalarının qaytarılması üçün qanunvericilik təşəbbüsü irəli sürə bilər. Bununla da Birləşmiş Ştatlar nüvə sazişini pozmuş olacaq ki, sonucda razılaşma tamamilə dağıla bilər.
Sanksiyaların bərpasıyla bağlı qanunvericiliyi yalnız Konqres rəhbərliyi irəli sürə bilər. Demokratların belə bir addımı dəstəkləməyəcəyi görünür, deməli, nüvə sazişinin taleyi Nümayəndələr Palatasının respublikaçı lideri Kevin Karti və Senatın respublikaçı lideri Mitc Konnellin əlinə keçir. Sürətləndirilmiş qaydalara sadə çoxluğun səsi və maksimum 10 saatlıq debat gərəkəcək. Yəni Senatdakı 100 yerin 52-ni tutan respublikaçıların məsələnin öhdəsindən təkbaşına gələcəyi real görünür.
Konqres Trampdan işarə gözlədiyini deyir. Ancaq qəzet yazır ki, Tramp administrasiyası, deyəsən, sazişə təzyiqi artırmağa çalışır, nəinki Birləşmiş Ştatların onu ləğv edən kimi görünməsinə. Administrasiya bu cür görünmək riskindən tam sığortalanmayıb, amma Konqresin nüvə sanksiyalarını bərpa etmək meyli də elə qabarıq görünmür.
İranla bağlı sərt mövqeyi ilə seçilən, Trampla vaxtaşırı görüşən respublikaçı senator Tom Kotton da deyir ki, o, İrana qarşı güclü addımlara çağırsa da, ilk addımda sanksiyaların bərpası üçün Senat rəhbərliyinə təzyiq göstərməyəcək. Sənədi imzalamış Avropa ölkələri isə administrasiya və Konqresi sənəddən çıxmamağa getdikcə daha çox çağırırlar. Onlar da İran kimi sənədi dəyişdirməyin mümkün olmadığını bildirirlər.
"Ancaq avropalılar Trampa kömək göstərməyə cəhd edə bilərlər. Onlar da sazişi mövcud çərçivədə sərtləşdirməyə çalışırlar, yaxud da sənəddən kənar nüvə danışıqları aparılmasını istəyirlər", – məqalədə deyilir. İran isə sazişin saxlanmasından ötrü elə avropalılara bel bağlayır. Ancaq Tramp administrasiyası yeni sanksiyalar məsələsini qabartsa, İran da sazişdən çıxmaqla, eləcə də hərbi addımlarla hədələyib.