İslam Kərimova Moskvada abidə yaradan londonlu heykəltəraş tənqid olunur Dünya

İslam Kərimova Moskvada abidə yaradan londonlu heykəltəraş tənqid olunur

"The Guardian" yazır ki, Özbəkistanın mərhum prezidenti İslam Kərimov yeni tarixin ən qəddar diktatorlarından biri kimi tanınır. Məqalədə deyilir ki, Kərimov rejimi tənqidçilərini həbsxanalara atıb, onlara işgəncələr verib və 2005-ci ilin mayında Əndican şəhərində yüzlərlə dinc nümayişçini gülləbaran edib.
"The Guardian" yazır ki, onun bu reputasiyasına baxmayaraq aparıcı Britaniya heykəltəraşlarından biri Kərimovun Moskvada açılacaq xatirə abidəsi üzərində işləyir.
Məqalədə deyilir ki, heykəltəraş Paul Dayin Əfqanıstan və İraqda xidmət etmiş Britaniya əsgərlərinə həsr olunmuş abidəsinin açılışını bu il kraliçanın özü edib. İndi heylkəltəraş Özbəkistan hökuməti və Kərimovun qızlarının sifarişini qəbul etdiyinə görə kəskin tənqid olunur.
"Kərimov hakimiyyətinin 25 ili ərzində dəhşətli insan haqları pozuntuları baş verib, - Human Rights Watch təşkilatının direktorlarından Huqh Villiamson deyib, - Ona abidə ucaldılması bütün bu dəhşətli tarixə məhəl qoyulmaması, tarixin yenidən yazılması deməkdir".
Bu ilin əvvəllərində Kərimovun qızı Lola Kərimova-Tillyaeva Facebook səhifəsində yazmışdı ki, Moskvada heykəltəraş Daylə görüşüb və şəhərin hakimiyyət orqanları ilə abidə layihəsini müzakirə edib.
Day "The Guardian" qəzetinə bu iş üçün sifarişi qəbul etdiyini etiraf etsə də, başqa təfərrüatlar verməkdən boyun qaçırıb. O deyib ki, abidənin gələn yay açılacağı gözlənilir.
Day Londonun ictimai yerlərini bəzəyən bir sıra maraqlı işlərin müəllifidir. Bunlardan biri də St Pancras dəmiryolu vağzalındakı "Görüş yeri" heykəlidir.
Day telefon müsahibəsi zamanı deyib ki, hazırkı vaxtda Kərimovun xatirəsinin əbədiləşdirilməsinin etik tərəfi barədə söhbət etməyə hazır deyil.
Heykəltəraş deyib ki, o iki dəfə Özbəkistanda olub və araşdırma aparıb.
"Mən bu işi Özbəkistan hökuməti, Kərimovun ailəsi və ümumilikdə adamlar üçün böyük ruh yüksəkliyi ilə görürəm" - Day deyib .
"The Guardian" yazır ki, Kərimovun hakimiyyəti illərində onun öz ailəsi təmtaraq içərisində yaşasa da, özbək xalqının əksəriyyəti gününü dəhşətli yoxsulluqda keçirirdi. Onun qızı Gülnara Kərimova gözdən düşənədək müğənnilik edib pop mahnıları yazdırır, özünün cəvahirat və ətir brendlərini açırdı. O, 2014-cü ildən bəri ictimaiyyət arasında görünmür, prokurorlar isə bildirirlər ki, prezident qızına qarşı dələduzluq və çirkli pulların yuyulması ittihamları irəli sürülüb.
Mərhum prezidentin digər qızı Kərimova-Tillyaeva fotoşəkillərdə tez-tez Avropanın kübar məclislərində görünür və əri ilə birlikdə çoxmilyonluq bizneslər paketinə malikdir. O, 2011-ci ildə bir Fransa jurnalını, onun barəsində "diktator qızı" yazdığına görə məhkəməyə verib, lakin bu mühakiməni uduzub.
Sözü gedən abidə də Karimova-Tillyaevanın başçılıq etdiyi Kərimov Fondu tərəfindən maliyyələşdirilir. Abidə Moskvanın mərkəzindəki Özbəkistan səfirliyi binasının qarşısında qoyulmalıdır. Səfirliyin qarşısındakı meydana ötən il Kərimovun adı verilib.
Moskvada mənzillənmiş Fergana xəbər agentliyinin baş redaktoru Daniil Kislov deyib ki, bu abidənin qoyulmasında məqsəd ilk növbədə Özbəkistan və Rusiyanın müttəfiq olduqlarını vurğulamaqdır.
Kərimovun hökuməti pambıq yığımı zamanı icbari uşaq əməyindən istifadəyə görə tənqid olunurdu.
İqtisadi çətinlik milyionlarla özbəyin Rusiyanın şəhərlərində çox vaxt dəhşətli şəraitdə işləməsinə və yaşamasına səbəb olub.
"Əgər sən Kərimova abidə qoymaq istəyirsənsə, bu abidə reallığı - Əndicanda ölənləri, milyonlarla miqrant işçini, siyasi repressiyaları və iqtisadi çürüməni əks etdirməlidir" - deyib Kislov.
Moskva Ali İqtisad Məktəbindən Vera Leonova deyib ki, Day bu sifarişi qəbul edərkən bunun etik tərəfləri barədə düşünməliydi.
"Görəsən Paul Day Özbəkistanda araşdırma aparıb Kərimov hakimiyyətinin nəticələrini aşkar edibmi? O bu sifarişin onun reputasiyasına təsiri barədə düşünübmü?" - deyə sual edib Leonova.
Day bu kimi sualları rədd edərək deyib ki, o siyasətçi və jurnalist deyil və buna görə də uzunmüddətli keyfiyyət və gözəllik yaratmaq üzərində düşünür.
"Gördüyüm bütün işlər mənim karyerama müsbət də, mənfi də təsir edə bilıər. Həyat imkan təklif edir, mən də axınla gedirəm" - deyib heykəltəraş.
Lakin Moskvanın mərkəzindəki Yakimanka rayonunun yerli icra hakimiyyətindən Andrey Morev deyib ki, abidənin qoyulacağı yerə yaxın yaşayan 100-dək sakin artıq etiraz petisiyası imzalayıb. Onlar internetdə bu abidənin məhəllələrində qurulması planlarına hiddət bildirilər.
Amma Morev deyib ki, sakinləri məsələnin siyasi tərəfi narahat etmir.
"Onlar orada ümumiyyətlə heç bir heykəl olmasını istəmirlər" - deyib Morev.
Yakimankanın yerli bələdiyyə şurası 8-1 nisbətində səsvermə ilə bu abidəyə verilmiş icazənin ləğvi barədə qərar çıxarıb. Lakin belə görünür ki, mərkəzi Moskva hökuməti qərarını dəyişmək niyyətində deyil.
Leonova isə bildirir ki, bu abidə barədə bütün söhbətlər bağlı qapılar arxasında aparılıb və heç bir ictimai müzakirə açılmayıb.