ABŞ və Rusiya Şimali Koreya ilə bağlı razılıq əldə edib Dünya

ABŞ və Rusiya Şimali Koreya ilə bağlı razılıq əldə edib

ABŞ dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Koreya yarımadasının nüvəsizləşdirilməsinə nail olmaq məqsədilə diplomatik həll yolunun tapılması üçün birgə işi davam etdirmək haqda razılıq əldə edib. Bu haqda ABŞ Dövlət Departamentinin açıqladığı bəyanatda bildirilir. Bəyanatda deyilir ki, Tillerson və Lavrov arasında çərşənbə günü telefon söhbəti zamanı Şimali Koreyanın "qeyri-sabitlik yaradan nüvə proqramı ətrafında mövcud narahatlıq" məsələsini müzakirə edib və nə Birləşmiş Ştaltar, nə də Rusiyanın Pxenyanı nüvə qüdrəti kimi qəbul etmədiyini vurğulayıb.
Bundan öncə Rusiyanın Xarici İşlər Nazirliyi Lavrovun amerikalı həmkarına "Vaşqintonun aqressiv ritorikasının Koreya yarımadasında gərginliyin artmasına gətirib çıxardığını dediyini bildirmişdi. Rusiya eyni zamanda bildirib ki, Lavrov ABŞ-ın ritorikasının qəbuledilməz olduğunu deyib. Bu arada, ABŞ-ın Ədliyyə nazirliyi Pxenyanın ballistik raket proqramında rolu ilə əlaqədar Şimali Koreyanın iki yüksək səviyyəli rəsmisini sanksiyalar siyahısına salıb. Nazirliyin bəyanatında bildirilir ki, Kim Yonq Sık və Ri Pyonq Çol "Şimali Koreyanın qanunsuz silah proqramlarının əsas liderləridir."
Bu addım BMT Təhlükəsizlik Şurasının keçən həftənin cümə günü Şimali Koreyanın idxal edə biləcəyi benzin və dizelin həcminin azaldılması və Şimali Koreyaya qadağan olunmuş maddələr daşımaqda şübhəli bilinən gəmilərin daha ciddi yoxlanılmasını nəzərdə tutan qətnamə layihəsini yekdilliklə qəbul etməsindən sonra atılıb. Şimali Koreya 2017-ci ildə nüvə və raket proqramının inkişafını ciddi şəkildə sürətləndirərək, keçən ay yeni qitələrarası ballistik raketi sınaqdan keçirib. Bu, Şimali Koreya tərəfindən bu il keçirilən üçüncü qitələrarası və 20-ci ballistik raket sınağıdır. Moskva Şimali Koreya və Birləşmiş Ştatlar arasında danışıqlara çağıraraq, "nəzarətdən çıxa biləcək gərginliyin artması riski" ilə bağlı xəbərdarlıq edib. Rusiya Vaşinqtonun Cənubi Koreya ilə birgə təlimlərini də tənqid edib.