“Ermənistan təhlükə altındadır” Dünya

“Ermənistan təhlükə altındadır”

David Şahnazaryan: "Kremllə maraqlarımız heç vaxt üst-üstə düşməyib"

"Ötən 23 il ərzində Ermənistan öz müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində lazımı addımlar atmalıydı"
Bu sözləri Ermənistanın "Anlaşma" Mərkəzinin rəhbəri David Şahnazaryan Avrasiya İqtisadi İttifaqının perspektivlərinə dair tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda Ermənistanın dövlətçiliyi təhlükə altındadır: "Hazırda dövlətçiliyimiz təhlükə altındadır. 23 ildə tutarlı addımlar atmamışıq. Baxın, Gürcüstan, Moldova və Ukrayna öz dövlətçiliyi uğrunda ölüm-dirim mübarizəsi aparır. İctimaiyyət nümayəndələri əməli işlərə keçməlidir, ölkə Konstitusiyasının mövcudluğunun unudulmasına imkan verməməlidir. Bunu nə dövlət, nə də digər tərəflər etmək fikrindədir".
Şahnazaryan əlavə edib ki, Rusiyanın əsas məqsədi Azərbaycanla əməkdaşlığı genişləndirmək və bölgədə müəyyən məsələlərə nəzarəti ələ almaqdır: "Əgər Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olarsa, münaqişənin həllində ciddi problemlər yaşanacaq. Çünki Rusiya imperiya ambisiyasından əl çəkməyib".
Qondarma Dağlıq Qarabağ qurumunun təhlükəsizliyi baxımından Ermənistanın Rusiyanın olduğu qurumlarda təmsilçiliyinə ehtiyacın duyulması məsələsinə toxunan Şahnazaryan bildirib ki, ölkəsi ilə Kremlin maraqları heç vaxt üst-üstə düşməyib:
"Hərbi hissələrini saxlamaq üçün Rusiya Ermənistandan bir plasdarm kimi istifadə edir. Problemlərimizi özümüz həll etməliyik. Qonşularımızla normal əlaqələr qurmalı, problemlərimizi də layiqli şəkildə həll etməliyik. İranla əlaqələri genişləndirməliyik. Rusiyanın orbitindən çıxmalıyıq. Ermənistan dünyadan təcrid vəziyyətindədir. Nəhayət, bizə demokratik Ermənistan lazımdır".