Astanada tarixin 5 dəhşətli soyqırımı anılıb Dünya

Astanada tarixin 5 dəhşətli soyqırımı anılıb

Qazaxıstanın Astana şəhərində Xocalı faciəsinin ildönümünə həsr olunan "Bir də heç zaman: Aşarşılık, Xolokost, Kamboca, Xocalı, Ruanda" adı fotosərgi təşkil olunub.
Tədbirdə bəşəriyyət tarixində baş verən beş ən dəhşətli soyqırımı birlikdə anılıb, daha belə cinayətlərin təkrarlanmaması üçün həmrəylik nümayiş etdirilib.
Azərbaycanın Qazaxıstandakı səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası və Qazaxıstan Dövlət Tarixi İnstitutunun dəstəyi ilə baş tutan fotosərgidə adı çəkilən soyqırımlarının əks olunduğu fotolar nümayiş etdirilib.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu kimi hadisələrin yenidən təkrarlanmasından heç kimin sığortalanmadığını və sərginin də başlıca məqsədinin sülhə çağırış olduğunu qeyd edib. Səfir vurğulayıb ki, bir sıra beynəlxalq və ictimai təşkilatların dəstəyi ilə tarixin və insanlığın üz qarası olan soyqırımları birlikdə anmaqda əsas məqsəd insanları sülhə çağırmaq, dünya ictimaiyyətini, cəmiyyəti bu kimi soyqırımlarla tanış etmək və yenidən belə cinayətlərin törədilməsinin qarşısını almağa çalışmaqdır. Diplomatın sözlərinə görə, beş dəhşətli soyqırımı hadisəsinin hər birinin ayrı-ayrılıqda fotosərgilərini təşkil etməklə onların formaca fərqli, mahiyyətcə eyni olduqlarını, bəşəriyyətə əleyhinə nə dərəcədə ağır bir vandallıq aktı törədildiyini bir daha diqqətə çatdırmağa çalışıblar.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva isə Xocalı soyqırımının daha çox köməksiz qalan yaşlılar, qadın və uşaqları hədəf almasının onun nə qədər ağrılı olduğunu göstərdiyini vurğulayıb. O, bir daha belə faciələrin təkrarlanmaması üçün bütün dünyada ədalətin təmin olunmasının vacibliyinə diqqət çəkib. Günay Əfəndiyevanın sözlərinə görə, Xocalı soyqırımı, digər genosid aktları kimi insanların qəlbində sağalmayan yara açıb. Ermənistan silahlı qüvvələrinin törətdiyi bu soyqırımı qəddarlığına və amansızlığına görə ən ağırlarından biridir. Baxmayaraq ki, üzərindən artıq 26 il keçir, o, hələ də insanların ürəyini sızladır. Erməni millətçiləri əsas hədəf kimi dinc insanları, xüsusilə qadın və uşaqları seçdiyini vurğulayan fond rəhbəri uşaqların ölməsini hər bir xalqın gələcəyinin faciəsi adlandırıb.
Astana şəhərinin baş ravvini Şmuel Karnaux isə Azərbaycan səfirliyinin soyqırımların xatırlanması, ədalətin bərpa olunması və sülhə çağırış təşəbbüsünü yüksək qiymətləndirərək bildirib ki, belə faciələr hər birimiz üçün ağrılıdır. "Nə etmək lazımdır ki, bir daha belə faciələr təkrarlanmasın? Onun üzərində düşünmək, yüz minlərlə, milyonlarla insanların qətlinə gətib çıxaran bu cür hadisələrin heç bir zaman baş verməməsinə çalışmaq lazımdır" - deyə o vurğulayıb.
Qazaxıstan Dövlət Tarixi İnstitutunun direktor müavini Amangəldi Kaşkimbayev ötən əsrin 30-cu illərində məqsədyönlü şəkildə Qazaxıstanda və Orta Asiyada milyonlarla insanın aclıqdan tələf edilməsinə yönəldilmiş Aşarşılık qətliamını da yad etdiyi üçün Azərbaycan səfirliyinə minnətdarlıq ifadə edib, Xocalı, Xolokost və digər soyqırımların tarixə və insanların qəlbinə qara ləkə kimi düşdüyünü bildirib.
Anım mərasimində Azərbaycanın əməkdar artisti, dirijor və bəstəkar İslam Manafovun ifasında musiqilər səsləndirilib.
Qeyd edək ki, dünya tarixinin beş dəhşətli soyqırımının bir arada anıldığı tədbirdə Qazaxıstanın tanınmış dövlət və ictimai xadimləri ilə yanaşı, bu ölkədəki diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycan icmasının üzvləri, jurnalistlər və digər qonaqlar iştirak ediblər.