“İdlibə hücum bütün dünyaya baha başa gələcək” Dünya

“İdlibə hücum bütün dünyaya baha başa gələcək”

Ərdoğan rusiyalı və iranlı müttəfiqlərini məsuliyyətə çağırıb
Ölkənin şimalındakı İdlib şəhərinə hücum edən Suriya hökuməti Türkiyə, Avropa və digər ölkələrdə humanitar və təhlükəsizlik risklərinə səbəb olacaq. Bu, sentyabrın 11-də "Wall Street Journal"-da dərc edilmiş məqaləsində Türkiyə prezidenti Tayyib Ərdoğanın iddiasıdır. Keçən həftə Rusiya və Suriyanın döyüş təyyarələri bir neçə günlük sakitlikdən sonra tammiqyaslı hücum üçün Suriyadakı son üsyançı anklavını bombalama kampaniyasına yenidən başlayıb.
"Strateq" "Reuters"ə istinadən yazır ki, Ərdoğan Tehranda keçirilmiş üçtərəfli sammitdə Suriya prezidenti Bəşər Əsədin əsas dəstəkçiləri olan Rusiya və İrandan atəşkəs razılığı ala bilməyib. "WSJ"-dəki məqaləsində Ərdoğan beynəlxalq birliyi hərəkətə gəlməyə çağırıb və xəbərdar edib ki, əks halda, "bütün dünyaya bu, baha başa gələcək". Ərdoğan bildirib: "Beynəlxalq birliyin bütün üzvləri İdlibə hücumla bağlı məsuliyyətlərini başa düşməlidirlər. Hərəkətsizliyin nəticələri böyükdür".
"Rejimin hücumu Türkiyə, Avropanın yerdə qalan hissəsi və ondan kənarda olan ölkələrdə ciddi humanitar və təhlükəsizlik riskləri də yarada bilər".
İdlib – üsyançıların son iri qalasıdır və hökumətin hücumu müharibənin son, həlledici döyüşü ola bilər. Tehran və Moskva Qərb dəstəkli üsyançılardan tutmuş islamçı militantlara qədər bir sıra rəqiblərinə qarşı müharibənin gedişində Əsədə kömək edirlər. Türkiyə – bu ölkədə qoşunları olan və İdlib ətrafında 12 müşahidə postu inşa edən müxalifətin aparıcı tərəfdarıdır.
Tehranda keçirilən zirvə görüşündə Ərdoğan, Vladimir Putin və Həsən Ruhani münaqişənin hərbi həllinin olmadığını və yalnız müzakirəli siyasi proseslə sona çatacağı barədə razılığa gəliblər. Ərdoğan, həmçinin atəşkəsə çağırış edib, amma Putin bunun mənasız olduğunu və atəşkəsin Rusiyanın terrorçu adlandırdığı islamçı militan qrupları əhatə etməyəcəyini deyib. Ruhani isə Suriya hökumətinin ölkənin bütün ərazisinə nəzarət etməli olduğunu söyləyib.
Çərşənbə axşamı İdlibdə humanitar fəlakətin dayandırılması üçün Ərdoğan Rusiya və İranın da məsuliyyət daşıdığını və beynəlxalq birliyin "ağırlığı siyasi həll yoluna keçirməli" olduğunu açıqlayıb. Bundan əvvəl Türkiyənin müdafiə naziri Hülusi Akar İdlibdə hava və yerüstü hücumları dərhal dayandırmalı və bölgədə atəşkəs elan edilməli olduğunu bildirib.
Son günlərdə ABŞ səlahiyyətliləri Suriya hökumət qüvvələrinin İdlibə planlaşdırılan hücumdan qabaq kimyəvi silah tətbiq edəcəyinə dair sübutları olduğunu söyləyiblər. Bazar ertəsi günü ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsləhətçisi Con Bolton Suriya hökumətinin kimyəvi silahlardan istifadə etməsi halında, ABŞ, İngiltərə və Fransanın əvvəlki hava hücumlarını bərpa etmək və "daha güclü cavab" vermək barədə razılığa gəldiyini vurğulayıb.
Ərdoğan təkcə kimyəvi silahların potensial istifadəsinə diqqət yetirilməsinin kifayət olmadığını iddia edib. "Diqqəti kimyəvi hücumlara yönəldən ABŞ üçün ölümün ixtiyari iyerarxiyasını rədd etmək çox vacibdir. Halbuki adi silahlar daha çox ölüm doğurur". Həm Türkiyə, həm də Birləşmiş Millətlər Təşkilatı bundan əvvəl tammiqyaslı hücum halında, on minlərlə mülki şəxsin qırğına məruz qalacağı və humanitar fəlakət haqqında xəbərdarlıq edib.
ABŞ Humanitar İşlər Koordinasiya Ofisinin verdiyi məlumata görə, bazar ertəsi günü bölgədə hava hücumlarının yenidən başlanmasından bu yana 30 mindən çox insan Suriyanın şimal-qərbindəki məskənlərini tərk edib və İdlibə hücum halında, 800 min nəfərin köçkün olacağına dair xəbərdarlıq edib. Hazırda 3,5 milyon qaçqına ev sahibliyi edən Türkiyə İdlibdə yeni əməliyyat təqdirində, qaçqınların sərhədə doğru yeni axın meydana gətirəcəyini, daha çox köçkünü öz ərazisində yerləşdirə bilməyəcəyini vurğulayıb.
Politoloq Tofiq Abbasov deyib ki, Rusiya, İran və Türkiyə üçlüyünün cavabdehlik daşıdığı regionlar var və hazırda tərəflər arasında bu regionların müqəddaratı ilə bağlı fikirlər haçalanır. O bildirib ki, İdlib bölgəsində vəziyyət xeyli suallar doğurur: "Çünki İdlibdə terrorçuların qərar tutduğu yerdə 3 milyondan çox insan yaşayır. İdlib bir yandan turbulent bölgədir, digər yandan isə Türkiyə ilə həmsərhəddir. Bölgənin gələcəyi və orada 50 minə yaxın yaraqlının müqəddaratı ilə bağlı hələ də vahid bir yanaşma yoxdur. İdlibdə vəziyyəti tam nəzarətə almaqdan ötrü həmin 50 minlik qrupu tərki-silah etmək lazımdır. Təbii ki, belə olan halda hərbi əməliyyatlara ehtiyac yaranacaq. Əsas məsələ bu əməliyyatdan sonra mövqelərin necə dəyişəcəyi və pay bölgüsünün hansı prinsiplər əsasında aparılacağıdır. Söhbət təkcə ABŞ-ın istəyindən getmir, burada həm də İsrail faktoru var. Çünki İsrail İranın Suriyanın strateji əhəmiyyətli bölgələrində möhkəmlənməsi ilə barışmayacaq. Bu isə bölgədə yeni hərbi eskalasiyanın başlanğıcını qoyacaq".
Politoloq qeyd edib ki, Suriya ətrafındakı vəziyyət tərəflərin yenidən bir araya gəlməsini labüd edir: "Rusiya istəyir ki, İran və Türkiyə məhz onun planı əsasında hərəkət etsin. Türkiyə isə böyük humanitar problemlərin olduğunu bildirir. Çünki İdlibdən yeni axın gözlənilir. Bütün bunların hamısı hərbi, siyasi və iqtisadi problemlərin vahid bir komponentini təşkil edir. Bunun üçün də tərəflərin nümayəndələri mütəmadi olaraq danışıqlar və məsləhətləşmələr aparmalıdır. Tehranda Moskvada yeni bir görüş keçirilməsinin razılaşdırılması da məhz bu səbəbdən qaynaqlanır. Çünki tərəflər də bilirlər ki, ziddiyyətlər varsa və mövqelər uzlaşmırsa, o zaman kompromis variantlar tapmaq lazım olacaq. Türkiyə həmsərhəd dövlət kimi böyük risklərlə üz-üzədir. Digər tərəfdən yaraqlıların bir qismi Türkiyəyə istiqamət götürsə, bu, ölkə daxilində vəziyyəti gərginləşdirə bilər. Buna görə də Türkiyə çalışır ki, yüz faizlik variantları özü üçün təmin etsin və bununla da təhlükələri neytrallaşdırsın. Əks təqdirdə, Ankara kompromislərlə razılaşmayacaq. Ona görə də Türkiyə tanklarını Suriya istiqamətinə yeridib. Görünür, hərbi əməliyyatlar qaçılmazdır. ABŞ da fosfor bombalarından istifadə edərək vəziyyəti gərginləşdirir. Vaşinqton bununla hərbi əməliyyatlar başlayacağı təqdirdə prosesə müdaxilə edəcəyini bildirir. Burada ən əsas çıxış yolu incə diplomatiyanın işə salınmasıdır. Əgər diplomatlar gərgin olan vəziyyəti bir qədər də qəlizləşdirməsələr, bu, bütün tərəflərin xeyrinə olacaq".