“Paşinyan dünya ictimai rəyini azdırmağa çalışır” Dünya

“Paşinyan dünya ictimai rəyini azdırmağa çalışır”

Paşinyan danışıqlar prosesini başqa səmtə yönəltməklə yanaşı, dünya ictimai rəyini azdırmağa çalışır.
Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Ermənistanın dünya ictimaiyyətinə yönəlmiş saxta çağırışları heç bir rol oynamayacaq:
"Ermənistan rəhbərliyinin dünyanın gözü önündə baş vermiş tarixi hadisələri saxtalaşdırması və başqa bir ölkəyə qarşı təcavüz, təhdid ritorikası ilə müraciət etməsi yolverilməz və demokratiyadan uzaqdır. Paşinyan hətta bir az da irəli gedərək Azərbaycanın Ermənistanda "demokratiya" üzərinə hücuma hazırlaşdığını bəyan edir. Bu onun qatı erməni millətçisi olmasından qaynaqlanır. Demaqoq və psixoloji durumu yerində olmayan Paşinyan ölkəsini müharibəyə körükləyir, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atır. Azərbaycan Ordusu torpaqlarımızı işğal etmiş və ölkəmizə 350 milyard dollar məbləğində ziyan vurmuş bir rejim liderinin sərsəmləmələrinə layiqincə cavab verir".
Politoloq vurğulayıb ki, Azərbaycan Prezidenti haqlı olaraq Ermənistanın iddialarını rədd edir və sərt qınayır:
"Azərbaycan sülh danışıqlarının Ermənistan tərəfindən bu şəkildə pozulmasına seyrci qala bilməz. Onsuz da Ermənistanın durumu çox ağırdır və Azərbaycanla rəqabət işğalçıya baha başa gələ bilər".
Politoloq Vasif Əfəndiyev isə deyib ki, Ermənistan baş naziri Nikol Paşinyanın son zamanlar verdiyi bəyanatlar onun təşviş içərisində olduğunun göstəricisidir və ciddi dövlət adamının hərəkətlərinə uyğun deyil.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bütün beynəlxalq təşkilatlar ilk növbədə sülh və danışıqlar yolunu məqsədəuyğun hesab etdikləri təqdirdə Paşinyanın müharibə çağırışları ciddi qəbul olunmamalıdır: "Məntiqə görə işğalı həyata keçirən tərəf danışıqların davam etməsində maraqlı olmalıdır ki, işğal faktını rəsmiləşdirmək və müəyyən güzəştlər əldə etmək üçün vaxt qazansın. Lakin Paşinyan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və Azərbaycanı sülh danışıqları təşəbbüsünü ironik olaraq heçə alması münaqişənin həlli istiqamətində ciddi proseslərin getdiyindən xəbər verir.
Məlumdur ki, problemin həlli ilə məşğul olan bütün beynəlxalq qurumlar ilkin mərhələ olaraq 5 +2 rayonun qaytarılması tələbini qoyublar. Uzun illər Rusiya və Ermənistan münaqişənin həllinin başlanğıcı sayıla bilən bu planı əngəlləməyə çalışsalar da artıq hasnısa qərara gəlməyin zamanıdır. Bu məslədə isə 2 seçim var, ya torpaqların qaytarılması prosesinə başlanılır, ya da müharibə variantı qaçılmazdır. Xarici siyasətimizdəki uğurlarımın ardından hərbi potensialımızın da gün gündən artdığı göz önündədir. Paşinyan da düşdükləri vəziyyəti çox yaxşı anlayır. Ona görə də sabah hər hansı razılşamaya getməyə məcbur olan Paşinyan bir növ özünü sığortalamaq məqsədilə belə bəyanatlar verməyə məcburdur".
Politoloq Mübariz Əhmədoğlunun fikrincə isə, Paşinyan daxili problemlərini həll etmək üçün müharibəyə başlaya bilər.
Onun sözlərinə görə, Nikol Paşinyan qısa müddət ərzində artıq 5-ci dəfə Dağlıq Qarabağa səfər etdi: "Sonuncu qəfil səfəri fövqəladə əhəmiyyət daşıyırdı. Nikol Paşinyan ABŞ-a getməyi, Trampla görüşü də arzulayırdı və BMT Baş Assambleyasında çıxışı da planlaşdırılmışdı.
BMT Baş Assambleyasında ilk 3 gün ən vacib hesab olunur. N.Paşinyan bu dövrdə Amerikada olmamasını Yerevan şəhərindəki mer seçkilərində iştirakı ilə əlaqələndirdi. N.Paşinyanın ssenarisinə görə sentyabrın 23-ü səhər səsini verib, sonradan ABŞ-a yola düşəcək. Artıq bu zaman o ABŞ prezidenti D.Trampın keçirdiyi rəsmi qəbulda da iştirak etməyəcək. Paşinyan bəlkə də Trampın keçirdiyi ziyafətə dəvət almayıb, bu çox ehtimallıdır. Paşinyan ABŞ-ın Ermənistanda illər boyu qurduğu siyasətinə dağıdıcı zərbə vurdu. Ona görə Paşinyanın ABŞ-da olarkən ciddi ABŞ rəsmisi ilə görüşməsi və ya ciddi tədbirlərə dəvət alması çox az ehtimallıdır. Bunu bilərəkdən Paşinyan özünü elə göstərir ki, Yerevan seçkisi onun üçün daha vacibdir. Paşinyanın bu versiyasını biz ciddi qəbul etmirik.
Əgər ABŞ-a səfərdən imtina edibsə, Dağlıq Qarabağa səfər edirsə demək bu da Yerevan şəhər merliyinə seçkilərdə ciddi problemlə bağlıdır. Paşinyanın dəstəklədiyi namizədi əhalinin cəmi 22 faizi dəstəkləyir. 3 ay bundan qabaq Paşinyanın reytinqi 100 faiz idi. 2,5 ay bundan qabaq 94 faiz, təxminən bir ay bundan qabaq 40 faiz, indi isə artıq 22 faizdir. Paşinyanın kifayət qədər sürətlə gerilədiyini görməmək mümkün deyil.
Paşinyan bu dövr ərzində həmişə özünün yalançı vətənpərvərlik şüarlarından istifadə edib, Dağlıq Qarabağ məsələsi ilə ciddi məşğul olan şəxs kimi göstərib. Amma onun verdiyi ziddiyyətli bəyanatlar heç kəsə sirr deyil.
N.Paşinyan BMT Baş Assambleyasının növbəti sessiyasının açıldığı gün ABŞ-da olmaq əvəzinə ayın 18-də Dağlıq Qarabağa gəldi və ön xətdə oldu, hərbi hissələrdə görüş keçirdi. FB-də keçirdiyi canlı yayımda o müharibəyə hazır olduqlarını xüsusi vurğuladı.
Diqqət çəkən məqam da burasındadır ki, Paşinyan Azərbaycan tərəfindən olunan hücumu dəf etməkdən danışmır, Paşinyan müharibədən danışır. Deməli Paşinyan Azərbaycan tərəfinə hücuma keçməyə hazırlaşır. Azərbaycan tərəfinin verəcəyi cavabı zərrə qədər şübhə altına almaq lazım deyil. 2016-cı il aprel ayında da indiki müdafiə naziri David Tonoyan təxribata başladı və cavabı da nəticəsi də hamıya bəllidir. İndi də Nikol Paşinyan eyni həmin yolu gedir və nə cavab alacağı da əvvəlcədən bəllidir".