Trampın Putinlə görüşü ləğv etməsinə Rusiyadan reaksiya Dünya

Trampın Putinlə görüşü ləğv etməsinə Rusiyadan reaksiya

"ABŞ Prezidenti Trampın Rusiya lideri Putinlə görüşü ləğv etməsi piar gedişidir".
Bu sözləri Trampın Putinlə Argentinada nəzərdə tutulan görüşünü ləğv etməsinə münasibət bildirərkən Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski deyib. Onun sözlərinə görə, bu addımla Tramp ABŞ daxilində reytinqinə xidmət edir.
"Trampın Putinlə görüşünü ləğv etməsi növbəti antidiplomatik gedişdir. Görünür, ABŞ daxilində Rusiyaya qarşı olan qüvvələrin təzyiqinə qarşı piardır. Düşünürdüm ki, görüş hətta ayaqüstü də olsa, baş tutacaq. Ancaq bu, Trampın şəxsi mövqeyidir ki, Rusiyaya qarşı tammiqyaslı siyasət yürüdür", - Slutski bildirib.
Parlamentarinin sözlərinə görə, Putinlə görüşün ləğvi Ukrayna Prezidenti Poroşenkonun seçki öncəsi yolunu təmizləməyə xidmət edir:
"Görüş çox xeyirli ola bilərdi. Artıq ikinci dəfədir ki, Rusiya və ABŞ liderləri beynəlxalq tədbirdə bir araya gəlir, amma görüş keçirə bilmirlər. Ola bilər ki, hansısa kompromis tapılardı".
Fransada Birinci Dünya müharibəsində də liderlərin görüşünə imkan verilmədiyini xatırladan Slutski bildirib ki, görüşün baş tutmamasının kimin ziyanına olduğunu bilmək olmaz.
Qeyd edək ki, Tramp Kerç böhranına görə Rusiya lideri ilə artıq razılaşdırılmış təkbətək və geniştərkibli görüşlərini ləğv edib.
Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.