Gizli ABŞ-Rusiya razılaşmasının detalları üzə çıxır Dünya

Gizli ABŞ-Rusiya razılaşmasının detalları üzə çıxır

Türkiyə "Böyük Suriya planı"na dəstək verəcəkmi?

Sərhədimizin cənubunda baş verən hadisələri, Türkiyənin qərarlılığını, Vaşinqtondan verilən "Hərbçilərimizi geri çəkməyi düşünürük" açıqlamalarını, Suriyada siyasi inkişafın konstitusiya layihəsinin işlənib hazırlanması prosesinə çatmasını və hərbi hərəkətliliyin intensivləşməsini – bütün bu baş verənləri anlamaq üçün yaxın tarixdə gizli diplomatiyada yaşananları bilməmiz və anlamamız lazımdır.
"Strateq" "Habertürk"ün Vaşinqton təmsilçisinə istinadən yazır ki, ABŞ və Rusiya hələ bir il öncə Suriyanın gələcəyilə bağlı ilkin anlaşma əldə etmişdilər. Hər iki ölkə də bu anlaşmanın Türkiyənin razılığı və dəstəyi olmadan tətbiq edilmə ehtimalının olmadığını bildiklərinə görə, onun ən həlledici məsələsi Suriya kürdlərilə bağlı oldu. Rusların "Şimali İraq modeli", amerikalılarınsa "Qamışlı modeli" adlandırdıqları "Kürd qurumunun formalaşması modeli"nin formulu bu prosesin gedişində müəyyən edildi.
Suriyada kürdlərin daxil olduğu federativ quruluş düşünülmür. Şimali Suriyada, lakin sərhədlərimizdən uzaqda, sərhədləri bəlli olan və Suriya ordusu tərəfindən qorunan, sərhədlərində Suriya bayrağı dalğalanan və YPG/PYD təsirindən azad edilən bir ərazidə yaradılacaq kürd qurumuna mədəni və idarəçilik muxtariyyatı veriləcək.
Rusiya ilə ABŞ arasında keçirilən gizli diplomatik görüşlərdə Türkiyənin öncə buna etiraz edəcəyi, lakin sonra, Şimali İraqda olduğu kimi, bu qurumla iş apardığı halda, İraq Kürd Regional Administrasiyası necə Türkiyənin təsiri altına girdisə, Şimali Suriyada da bunun olacağı danışıldı. Bu nəticənin necə əldə edildiyini Vaşinqtonda birbaşa özüm müşahidə etdim. O üzdən bu prosesi də ən yaxşı məhz mən anlada bilərəm.
Rusların "Şimali İraq modeli" adlandırdıqları formulu amerikalılara anlatmaq üçün planın memarı olan Putinin Orta Şərq üzrə müşaviri Vitali Naumkin bu ilin fevral ayının 25-də Vaşinqtona gəldi. 26 fevralda Corctaun Universitetində yalnız xüsusi dəvət olunanların iştirak edə biləcəyi yeməkli toplantı oldu. 26 fevral gecəsi Vaşinqtonun xarici siyasət və milli təhlükəsizlik elitaları Naumkinin Suriya planını dinləməyə gəlmişdilər. Naumkin "Kürdlər və Suriyanın gələcəyi" mövzusuna həsr etdiyi çıxışında Rusiyanın düşüncələrini açıqca anlatdı.
Ertəsi gün – 27 fevralda o dövrdə MKİ direktoru olan Mayk Pompeo Prezident Trampa səhər brifinqi vermək üçün Ağ Evə bir az gec gəldi. Naumkinin Vaşinqtondan ayrılmasını gözləmişdi. Bu baxımdan Pompeonun nə üçün önəmli olduğunu da anlatmalıyam.
Naumikinin Vaşinqtona gəlməsindən bir həftə öncə, MKİ direktoru gizli bir əməliyyat keçirmişdi. MKİ-nin FTB ilə əməkdaşlıq şəraitində apardığı bu əməliyyatla Rusiyanın xarici, daxili və hərbi kəşfiyyatının rəhbərliyindəki şəxslər gizlicə Vaşinqtona gətirildilər. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinvə FTX-nin rəhbəri Aleksandr Bortnikov da Vaşinqtona gələn qrupda idi. Halbuki bu şəxslərə qarşı tətbiq olunan sanksiyalar görə, onların ABŞ-a girişi qadağan olunmuşdu. Pompeo onları MKİ-nin mərkəzi ofisində qəbul etdi və uzun bir toplantı keçirildi. Bu toplantıda Naumkinin bir həftə sonra açıqlayacağı "Kürd planı" və Suriyanın gələcəyi məsələsinin detalları müzakirə edildi.
Bu hadisədən sonra Naumkinin nitqini də dinləyən Pompeo, 27 fevralda verdiyi Gündəlik Prezident Brifinqində (Presidential Daily Briefing) Fəratın şərqi ilə bağlı olaraq düşünülənləri Prezident Trampa anlatdı. Brifinqdən sonra Trampın Putinə zəng etməsi planlaşdırılmışdı. Onlar 1,5 saat telefonda danışdılar. Tramp, Putinlə danışarkən "Şimali İraq modeli"inə həmən razılıq verməsə də, onun, ən azı, üzərində müzakirə aparıla biləcək bir təklif olduğunu söyləmişdi. O gün Vaşinqtonda, əgər Suriyada İranın təsirinin azaldılması prosesinə Rusiyanın aktiv dəstəyi alına bilərsə, "Şimali İraq modeli"inə dəstəyin artırılması haqqında qərar verildi. Vaşinqton bu modelə "Qamışlı modeli" adını verdi.
27 fevralda Vaşinqtonda, əgər bir gün ABŞ bölgədəki 2200 hərbçisini geri çəkərsə, YPG/PYD ünsürlərinə "Siz Əsəd hakimiyyəti və Rusiya ilə əlaqəli çalışın" deyilməsinə də qərar verildi. Anlayacağınız odur ki, bizi bu günlərə gətirən prosesin pərdə arxasında bunlar yaşandı. Bunlar mənim şərhlərim deyil, birbaşa yaxından izlədiyim və çoxtərəfli dəqiqləşdirdiyim hadisələrdir. Məsələ Orta Şərq, xüsusilə Suriya olduqda heç bir hadisəyə qəti olaraq baxmamaq lazımdır. Lakin hadisələrin inkişafının yeni bir prosesin içinə daxil olduğu qətidir. Qəti olan digər bir şey də bölgədə Türkiyənin müəyyənedici olacağıdır.