Ərdoğan Sudan prezidentini niyə hədəfə alıb? Dünya

Ərdoğan Sudan prezidentini niyə hədəfə alıb?

Xartumun hərbi qüvvələri Suriyada iranlıları əvəz edə bilər
Dekabrın 16-da Sudan prezidenti Ömər əl-Bəşir Suriyaya sürpriz bir səfər reallaşdırıb və Bəşər Əsədlə görüşüb. 2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlanğıcından bəri hər hansı bir ərəb lideri müharibə gedən ölkəyə səfər etməyib, bu ilkdir. Ömər əl-Bəşir və Bəşər Əsəd Suriyadakı son hadisələri, bölgənin və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Ancaq səfərin əsl səbəbi beynəlxalq birlik üçün aydın deyil, bəziləri bunun ərəb liderləri və səlahiyyətlilərini gələcək əməkdaşlıq və dialoq üçün Şama cəlb etməyə başlanğıc, Bəşər Əsəd üçün əlverişli bir əlamət hesab edirlər.
"Strateq" "Əl-Ərəbiyyə"yə istinadən yazır ki, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) soyqırımı və insanlığa qarşı cinayətlərə görə məsuliyyətə cəlb etdiyi Bəşir beynəlxalq sanksiyalardan çıxış yolu tapıb və Rusiyanın ona verdiyi maddi-texniki dəstəklə bu səfəri gerçəkləşdirib. Qeyd edək ki, ICC-nin qərarı Afrika Birliyi, Ərəb Birliyi, Çin və Rusiya tərəfindən tanınmır. Bəşir 1989-cu ildən bəri ölkəni idarə edir. Onun hakimiyyəti dövründə Sudan siyasi qeyri-sabitlik və yoxsulluq ucbatından bir çox etirazlarla üzləşib. Sudandaki son etirazlar da Bəşirin Şam səfərinə bağlı deyil, tamamilə iqtisadi səbəblərlə baş verib. Beləliklə, Sudan prezidentinin Suriya lideri ilə görüşü münaqişənin həllinə işarə edən, Suriya ilə bağlı bir inkişafdır. Sudan lideri Şama Rusiya təyyarəsində gəlib – Rusiya bu səfərin sponsorudur. Niyə bu səfər məhz indi baş tutub Niyə Rusiya bu səfərə sponsorluq edib? Suriya, Rusiya və Sudanın özü üçün bu nə deməkdir?
Sudan iqtisadi əlaqələr baxımından Suriyanın yaxın tərəfdaşı deyil. O, zəif və qeyri-sabitdir, baxmayaraq ki, hərbi imkanları həm Suriya, həm də Rusiya üçün maraqlı ola bilər. Rəsmi Xartumun hərbi qüvvələri Yəməndə yerləşdirilib. Yəmən böhranı bu və ya digər şəkildə həll yoluna yaxınlaşdıqca, Sudan qüvvələrinin Suriyaya köçürülməsi şansı var. Suriya böhranı hələ də hər hansı bir qərardan uzaqdır. Əsas maneələrdən biri Suriya ərazisində İran qüvvələrinin böyük iştirakıdır. Suriyadakı İran dəstəkli birliklərin varlığı İsrail və Körfəz ölkələrinə böyük narahatlıq verir. Onlar Suriyadan iranlıların tam çəkilməsini tələb edirlər.
Səudiyyə Ərəbistanı və İran arasında davamlı qarşıdurma kontekstində məzhəbi bölünmə daha da genişlənir. Tehran Səudiyyə ilə mübarizə üçün bir çox yollar axtarır və Levantda mövqeyini gücləndirmək istəyir. İsrailin də İran və İrana dəstəkli milislərə qarşı çıxması üçün öz əsasları var və bu, onun təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu ssenaridə Tehran beynəlxalq hərbi təzyiqə məruz qalaraq ən azı öz qoşunlarını Suriyadan çıxarmasının vacibliyini anlamağa başlayıb. Amma Rusiya bilir ki, İranın çıxışı Suriya ordusunu və hərbi obyektlərinin mühafizəsini zəiflədəcək.
Sudanlı hərbi qüvvələrin Suriyada yerləşdirilməsi həll yolu ola bilər. Bu qoşunların Suriyadakı şiə militanları əvəz etməsi İsrailin, KİV-lərin və beynəlxalq birliyin razılığını qazanacaq. Rusiya 2017-ci ildə Sudanla əlaqələrin gücləndirilməsi təşəbbüsü göstərir. Bəşir 2018-ci ilin əvvəlində Rusiya prezidenti Vladimir Putinlə neft hasilatında ikitərəfli əməkdaşlığı artırmağı məqsəd qoyan danışıqlar üçün Moskvada olub. "Rosneft", "Qazprom" və hərbi dəstək Sudana üz tutub.
Sudan Rusiyanın qızıl və qiymətli daşlar hasilatı üçün birgə müəssisələrin yaradılması təcrübəsi ilə maraqlanır. Rusiya nəqliyyat, humanitar əməkdaşlıq və infrastrukturun inkişafı sahəsində əlaqələrin inkişaf etdirilməsini təklif edir. Onlar həm də hərbi və texnoloji əməkdaşlığı müzakirə ediblər. Beynəlxalq təcrid içindəolan Sudan ordusunu ən müasir silahlarla təmin etmək üçün Rusiya Sudana dostluq əli uzadıb. Beləliklə, Suriyada sudanlıların iştirakı Suriya-Sudan əlaqələrini inkişaf etdirməklə yanaşı, Rusiya-Sudan əlaqələrini də artıracaq.
Sudan qüvvələrinin yerləşdirilməsi bölgədəki mövcud gərginliyin əhəmiyyətini qabardır və Yaxın Şərqdə bir çox münaqişələrin sülhlə həllinə yol açır. Amma Sudan, Rusiya və Suriya bu həlli qəbul edərsə, Sudan ordusu Suriyadakı İran qüvvələrini əvəz edəcəkmi? Bu, ABŞ qoşunlarının çıxması və Suriyanın şimal-şərq bölgələrində türk əsgərlərinin girməsindən asılıdır. Türkiyə prezidenti Ərdoğanın əl-Bəşirin Şam səfərinə tənqidi yanaşmasının səbəbi də budur.