“Zurabişvilinin ilk səfərlərindən birini Azərbaycana etməsi təsadüfi deyil“ Dünya

“Zurabişvilinin ilk səfərlərindən birini Azərbaycana etməsi təsadüfi deyil“

"Azərbaycanla Gürcüstan qonşu dövlətlərdir, iki ölkə arasında çox sıx əməkdaşlıq var. Ölkələr arasında əməkdaşlıq bir sıra sahələri əhatə edir ki, bura siyasi, iqtisadi, turizm və digərləri daxildir". Bu fikirləri açıqlamasında Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavid Osmanov deyib.
O bildirib ki, Gürcüstan prezidenti Salome Zurabişvilinin dövlət başçısı seçildikdən sonra ilk səfərlərindən birinin məhz Azərbaycana etməsi təsadüfi deyil: "Çünki, Azərbaycan tərəfindən həyata keçirilən trans neft, trans qaz layihələrinin əksəriyyətinin məhz Gürcüstan ərazisindən keçir və bütün bunlar ölkələr arasında iqtisadi baxımdan sıx əməkdaşlığın göstəricisidir".
Deputat söyləyib ki, Gürcüstana yatırılan investisiyaların həcminə görə ölkəmiz 2012-ci ildən etibarən 1-ci yerdədir: "Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti qeydiyyata alınıb, 650-ə yaxın Azərbaycan sərmayəli şirkət, xüsusilə SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Enerji sahəsi Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindəndir və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi iri layihələr bu əməkdaşlığın çox uğurlu nümunələridir".
Səfər zamanı bir sıra mühüm görüşlərin keçiriləcəyini deyən C.Osmanov qeyd edib ki, Gürcüstanın yeni dövlət başçısı Prezident İlham Əliyevlə görüşdükdən sonra, Azərbaycanın digər rəsmiləri ilə də görüşəcək: "Hesab edirəm ki, görüşlər zamanı Azərbaycan-Gürcüstan əlaqələri və əməkdaşlıq imkanları dair geniş şəkildə müzakirə ediləcək, səfərdən sonra ölkələrimizi birləşdirən tarixi dostluq, mehriban qonşuluq əlaqələri daha da yüksək səviyyəyə qalxacaq".
Xatırladaq ki, Gürcüstan prezidenti Salome Zurabişvili bu gün Azərbaycana rəsmi səfərə gəlib. Səfər iki gün davam edəcək.