“Ukrayna Gürcüstandan daha şanslıdır” Dünya

“Ukrayna Gürcüstandan daha şanslıdır”

“Abxaziya, Osetiya, Donetsk və Luqansk ərazilərinin Ukrayna və Gürcüstana qayıtmaq imkanları qalır. Abxaziya, Osetiya, Donetsk və Luqansk kimi ərazilər Ukrayna və Gürcüstanın Qərbə gedən yolda ödədikləri bədəldi. Gürcüstan özünün ərazi bütövlüyünü itirsə də sistematik cəhətdən inkişaf etdi”.
Bunu qəzetimizə açıqlamasında politoloq Kamran Sultanlı bildirib. Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqaz dövlətləri arasında Qərbə ən yaxın dövlətdir. Bu gün Gürcüstan baş naziri ABŞ-da səfərdə olub. ABŞ səfəri nəticəsində dövlət katibi Pompeo və Trampın müşaviri Boltonla görüşüb. Pompeo Gürcüstanı strateji tərafdaş adlandırıb. Gürcüstan özünü artıq Cənubi Qafqaz dövləti hesab etmir. Özünə Qara dəniz dövləti, millətinə isə Avropa milləti deyir. Bu işdə onlara Avropadan da dəstək var. Avropa komissiyasının sədri olan Jan Klod Yunker gürcüləri Avropa milləti adlandırdı. Gürcüstan ərazi bütövlüyünü ititrsə də, beynəlxalq hüququ tam arxasına aldı. Təbii ki, Qərbin Gürcüstan ərazi bütövlüyünə açıq-aşkar dəstəyi bu münaqişədə Rusiyanın birbaşa iştirakı, Rusiyanın işğal edilmiş Ukrayna və Gürcüstan ərazilərində hərbi bazasının olması ilə əlaqəlidir. Lakin əgər Gürcüstan və Ukrayna iqtisadi və siyasi olaraq daha da inkişaf etsə, Qərbə daha da yaxınlaşsa, bu zaman Abxaziya, Osetiya, Donetsk və Luqanskı fakt qarşısında qoya bilər: “Çünki regionda Gürcüstanın siyasi mərkəzə çevrilməsi, iqtisadi cəhətdən daha da inkişafı böyük turizm və biznes mərkəzinə çevrilməsi gələcəkdə Abxaziya və Osetiya vətandaşlarını fakt qarşısında qoya və onları cəlbedici Gürcüstana meyilləndirə bilər. Çünki Rusiyanın onlara dəstəyi məhduddur. Rusiyanın iqtisadi gücü də bir yerə qədərdi. Moskva dəstək versə belə regionu rifah mərkəzinə çevirə bilmiyəcək. Müasir dövrdə hər şeyin əsasında iqtisadiyyat və rifah səviyyəsi dayanır. Təbii ki, Gürcüstanda bu proseslərə Rusiya mane olmağa çalışır”.
Politoloqun fikrincə, xüsusilə Obamanın reset siyasəti dövründə, Gürcüstana olan dəstəyin azalması, Qərbin Avrointeqrasiya prosesini uzatması,Gürcüstana üzvlüklə bağlı lazimi təminatın verilməməsi, Gürcüstanda panprovaslanist Gürcü Marşı və Gürcüstan Vətənpərvərlər Alyansı kimi təşkilatların artımı, həmçinin Rusiyanın kilsə vasitəsilə bu regiona təsir etməsi, Gürcüstan üçün ciddi təhlükələrdi və onun rifahına təsir göstərir: “Lakin rəsmi Tbilisi yıxıla-yıxıla, büdrüyə-büdrüyə olsa belə Avrointeqrasiya yoluna davam edir və gələcəkdə Gürcüstanın iqtisadi və rifah cəhətdən daha da inkişafı, AB-a üzv olması Abxaziya və Osetiyanın baxışlarını Gürcüstana yönəldə bilər. Çünki ən azı Abxaziyanın Suxumi kimi şəhərinin Batumi olmaq imkanları mümkündür. Bunun üçün isə güclü maliyyə dəstəyi lazımdır.
Eyni senari Ukraynaya da aiddir. Ukrayna postsovet məkanında güclü demokratik və rəqabətli mühit formalaşdırıb. Doğrudur Ukraynanın ən mühüm problemi güclü oliqarxik sistem və korrupsiyadır. Əgər Ukrayna bunu həll edə bilsə, gələcəkdə Donbası həll edə bilər. Bu işdə Ukrayna Gürcüstandan daha şanslıdır. Əgər Donetsk və Luqanska nəzər yetirsək görərik ki, bu ərazilərdə insanlar rus pasportunun cəlbediciliyinə iqtisadi göstəricilərə uyğun olaraq qərar verirlər. Əgər Kiyev iqtisadi mərkəzə çevrilə bilsə, Donbasın da baxışlarını Kiyevə tərəfə yönləndirə bilər. Ukraynanın bu imkanı hələ də qalır”.