Amerikalı agentdən İŞİD-lə bağlı şok açıqlama Dünya

Amerikalı agentdən İŞİD-lə bağlı şok açıqlama

Terror qruplaşması ABŞ, İngiltərə və İsrailin məhsuludur

Cavid

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) sabiq əməkdaşı Edvard Snouden "İraq Şam İslam Dövləti" (İŞİD) adlı terror qruplaşması ilə bağlı ilginc məlumatlar açıqlayıb. Snouden bildirib ki, İraq və Suriyada müxtəlif cinayətlər törədən İŞİD qruplaşması ABŞ, İngiltərə və İsrail kəşfiyyat xdimətlərinin məhsuludur.
Amerikalı kəşfiyyatçı əlavə edib ki, İŞİD-çilərin himayəsində məqsəd İsrail rejiminin təhlükəsizliyini təmin etməkdir: "İsraili qorumaq üçün yeganə üsul Orta Şərqdəki silahlı qruplaşmaları nəzarətdə saxlamaqdır. Bundan əlavə İslama qarşı yeni düşmənlər yaratmaq da planın tərkib hissəsinə daxildir. MOSSAD İŞİD lideri Əbu Bəkr Əl-Bağdadiyə bir il ərzində hərbi, din və dil kursları keçib".
Qeyd edək ki, Snouden ABŞ xüsusi xidmət orqanlarının məxfi proqramlarından geniş miqyasda informasiyalar sızdırıb. Bundan başqa o, PRİSM Milli Təhlükəsizlik Agentliyinin mühüm saytların elektron əlaqələrini izləməyə imkan verən məxfi proqramı haqda informasiyanı ortaya çıxarıb. Həmin açıqlamalardan sonra Snouden ABŞ dövlətinin təqibinə məruz qalıb.
İŞİD-in hansı dövlət tərəfindən himayə edilməsi ilə bağlı müxtəlif fikir və iddialar var. Hətta Türkiyənin də bu terror təşkilatına dəstəyi iddia olunur.
Məşhur fransalı araşdırmaçı Tierri Missan da son məqaləsində İraq hadisələrinin səhnəarxasına toxunub. Onun İŞİD terrorist qruplaşması ilə bağlı təhlili mövzunun görünməyən tərəflərinə aydınlıq gətirib.
Qərb mətbuatı İŞİD Qurana istinad edən cihadçı qruplaşma kimi tanıtdırır. Amma əslində bu qruplaşma İraqda neft müharibəsi başladan bir terror təşkilatıdır. O Suriyaya neft nəqlinin kəsilməsinə də səbəb olub. Hər iki zəmində İŞİD İsraildən kömək alıb. İŞİD həmçinin Regional Kürd Hakimiyyətinin köməyi ilə Kərkükdən neft oğurluğuna başlayıb. Bu neftin satışı Səudiyyə Ərəbistanının "Aramco" neft şirkətinin öhdəsinədir. Onlar bu neftin İraqa məxsus olduğunu gizlədərək Ərəbistanın neft hasilatının artması yolu ilə əldə edildiyini söyləyir və bazara çıxarır. Qərb KİV-i iddia edir ki, İraqın şimal və qərb məntəqələrinə soxulmuş İŞİD dini göstərişlərə əməl edən cihadçı bir qruplaşmadır. Onlar bir əlində Quran, bir əlində kalaşnikov tutub. Suriyalılar da daxil olmaqla İŞİD vəhşiliklərindən zərər görənlərin nəzərincə bu qruplaşma dünyanın dörd tərəfindən toplanmış muzdurlardan ibarət bir ordudur. Onların rəhbərliyi ABŞ, Fransa və Səudiyyə Ərəbistanından olan zabitlərin öhdəsinədir. Terroristlərin vəzifəsi məntəqədə qarşıdurma yaratmaqdır. Bu qarşıdurmada məqsəd müstəmləkəçi dövlətlərin məntəqəyə daha asan nəzarət etməsidir. Qərb mətbuatı iddia edirdi ki, NATO İŞİD-i himayə etmir. İŞİD neft quyularını ələ keçirdiyi səbəbdən varlanıb. Amma xatırladaq ki, Suriyada da terroristlər neft quyuları ələ keçirmişdi. Nə üçün KİV bu hadisədən xəbər tutmamışdı?
Qərb mediası çalışır ki, Ən-Nüsrə cəbhəsi və Taliban arasındakı müharibənin səbəbini iki qruplaşma arasında olan rəqabət kimi göstərsin. Bir halda ki, bu iki qrup neft quyularına nəzarəti ələ almaq üçün vuruşur.
Bu günə qədər Qərb və Fars Körfəzi ölkələrinin KİV-inin də cavablandıra bilmədiyi bir sual var: Terroristlər əldə etdikləri nefti hansı yollarla Vaşinqtonun nəzarəti altında olan beynəlxaq bazarda satışa çıxarır? Mart ayında Benqazidəki silahlılar ələ keçirdikləri nefti satmaq qərarına gəlsələr də bu işdə müvəffəq ola bilmədilər. ABŞ Dəniz Qüvvələri onların neft tankerlərinin qarşısını kəsib, satış üçün sulara çıxarılan tankerləri Liviyaya geri qaytardı. Bu gün Ən-Nüsrə və İŞİD ələ keçirdikləri neftləri beynəlxalq bazara çıxara bilirsə, şəksiz Vaşinqton və tanınmış neft şirkətlərindən onlar üçün yaşıl işıq yandırılıb.
İyun ayının 15-19-da Moskvada Dünya Neft Konqresi toplantısı keçirilib. Toplantıda Ukrayna haqqında danışılacağı güman edilirdi. Amma gözləntilərin əksinə olaraq mövzu İraq və Suriya oldu. Məlum oldu ki, Ən-Nüsrənin Suriyadan oğurladığı neftləri amerikalı Rakfiller ailəsinin şirkətlərindən olan "ExxonMobile" satışa çıxarıb. Həmçinin İŞİD-in əldə etdiyi neft Amerika və Səudiyyə Ərəbistanın dəstəyi ilə "Aramco" şirkətinin dəstəyi ilə satılıb. Bu nöqtəyə diqqət yetirilməlidir ki, Liviya müharibəsi zamanı Qatara, yuxarıda qeyd etdiyimiz ExxonMobile şirkətinə icazə verilmişdi ki, "Əl-Qaidənin azad etdiyi məntəqələr"dən nefti dünya bazarına çıxarsın.
Beləliklə bugünki müharibəni 20-ci əsrin Yaxın Şərqdəki bütün müharibələri kimi neft şirkətləri arasındakı müharibə adlandıra bilərik. Bu gün Ərəbistan İraqdan oğurlanmış nefti qanuniləşdirmək üçün öz möhüründən istifadə edir. Belə ki, İraq nefti Ərəbistan imzalı boçkalarda satışa çıxır.
İŞİD-in daha da irəliləməsi onlara bu fürsəti verir ki, iki əsas neft kəmərinə nəzarət etsinlər.
Politoloq Razi Nurullayevə görə isə İŞİD-in arxasında böyük dövlətlər durur: "İŞİD-in bu gün əldə etdiyi uğurları heç də onun güclü olması ilə bağlı deyil. Məsələ burasındadır ki, hər bir terror qruplaşmasının, dini təşkilatların və dini cərayanların arxasında dayanan və onlar üzərindən regionda maraqlarını təmin etməyə çalışan xarici güclər var. Əminəm ki, ABŞ, Türkiyə və digər NATO gücləri İŞİD-i bir həftə ərzində yer üzündən silə bilərlər. Bunun üçün sadəcə olaraq, İraqın baş naziri Nuri əl-Malikiyə hərbi yardım etmək, peyk vasitəsilə alınan gizli məlumatları ötürmək və hərbi məsləhətçilər göndərmək lazımdır.
Amma, bunu adı çəkilən güclər istəyirmi? Əsla.
Həm ABŞ, həm də Türkiyə İraqın indiki şiə hakimiyyətinin devrilməsini istəyir. Çünki, Maliki bütün İraqın sahibi ola bilmədi. Onun son illər yeritdiyi siyasət ABŞ və Türkiyənin də iqtisadi maraqlarına ciddi ziyan vurdu. Neft və qaz anlaşmaları üzərindən Malikinin qurduğu oyunlar Türkiyəni çox pis vəziyyətə qoydu. Buna görə də adı çəkilən dövlətlər Nuri əl-Malikinin hakimiyyətdən getməsini tezləşdirmək istəyirlər. Bu məsələdə İŞİD-lə adı çəkilən dövlətlərin maraqları üst-üstə düşüb".
Politoloq Qabil Hüseynli isə bildirib ki, İŞİD-in əlində Türkiyənin verdiyi silahlar nəzərə çarpır. Əlbəttə, onlarda Amerika silahları da var. Çünki Amerika silahlarını Türkiyəyə, Türkiyə vasitəsilə də Suriya Azadlıq Ordusuna ötürürdü. Əl-Nüsra da o zaman bu silahları əldə edə bilmişdi. Sonradan anlaşıldı ki, bu təşkilatlar Əl-Qaidə terror təşkilatı ilə əlaqəlidir. Çünki onlar bir çox məsələlərdə açıq-aşkar Suriyada dini dövlətin yaradılması ideyaları ilə çıxış edirdilər. Həmin dövrdən Suriya Azadlıq Ordusu əl-Nüsra təşkilatını öz tərkibindən çıxarmağa çalışdı. Buna müəyyən qədər nail oldu. Əl-Nüsra sonradan Suriya Azadlıq Ordusunun əleyhinə çevrilən bir təşkilat oldu. Bu zaman öz adını dəyişərək Şam Respublikasının ordusu adlandırdı. Daha sonra isə bunun tərkibinə Səudiyyə Ərəbistanın bilavasitə himayə etdiyi vəhabilər, eləcə də Səddam Hüseyn rejiminin tör-töküntüləri olan daha çox sünnilərin içərisindən çıxmış səddamçılar qatıldı. Qısa müddətdə bunlar silahlanaraq Səudiyyə Ərəbistanın köməyi ilə ondan sonra əvvəldən Amerika və Türkiyədən aldığı köməklə sıralarını genişləndirərək nisbətən güclü bir ordu yaratdılar. Bu orduya Səddam Hüseyn dövrünün generalları rəhbərlik etməyə başladı. Hətta Səddam Hüseynin oğlu da bu ordunun tərkibində idi. Döyüşlərin birində həlak oldu. İndi də İŞİD özünü İraq Şam xilafəti elan edib. Xilafətin başında duran xəlifə də əl-Bağdadi vaxtilə Səddam Hüseyn ordusunda qulluq etmiş generaldır. Göründüyü kimi bu İŞİD-in formalaşmasında Türkiyə və Amerika rol oynayıblarsa, sonradan bu ordu daha çox Səudiyyə Ərəbistandan da Qətərdən də yardım almağa başladı".
Politoloqun sözlərinə görə, Suriyada hərbi əməliyyatların başa çatmamasının əsas səbələrindən biri də həmin bu terrorçu təşkilat oldu: "Çünki Amerika biləndə ki, Suriya Azadlıq Ordusunun tərkibində terrorçu və dini əl-Qaidə ilə bağlantısı olan təşkilat var. Əgər Bəşər Əsəd devrilərsə, bu təşkilat hakimiyyəti Suriyada ələ keçirə bilər. Ona görə də Bəşər Əsədi devirməkdən vaz keçdi. Xatırlayırsınızsa, hərbi gəmilər hətta Dəməşqi bombalamağı da nəzərdə tutmuşdu. Bu təşkilat daha çox Səudiyyə Ərəbistanın, Qətərin və islamçıların yardımıyla ayaq üstə durdu. Suriyadakı mövqelərini tərk edərək birbaşa İraqa hücum etdi. Bu əslində Səddam Hüseyninin intiqamını almaq məqsədi güdürdü. Və İŞİD-in məqsədi əl-Maliki rejimini devirmək və İraqda yenə Səddam Hüseyn rejiminə bənzər bir rejimi qorumaq məqsədi güdürdü. Düzdür, onlar elan edirdilər ki, Suriya və İraqın ərazisində bir islam respublikası yaradacaqlar. Qələbələrin qazanılmasında bir sirr də ondan ibarət idi ki, İraq ordusu mövqelərini qoyub qaçırdılar. Silahlarını da bunlara ötürürdülər. Orduda mənəvi-psixoloji durum ağır vəziyyətdə idi. Nəticə etibarilə qısa müddətdə İŞİD İraqın bir çox ərazilərini işğal etdi. Onun haqqında miflər əsatirlər yaranmağa başladı. Guya bu ordu hətta İspaniyada Kordova ərazisinə iddia edir. Türkiyə bunlara yardım edərkən onu nəzərdə tuturdu ki, ümumiyyətlə, kürdlərin Suriyadakı Kərkük ərazilərini və digər əraziləri tutmasına mane olsunlar. Türkmənlər yaşayan bölgənin əmin-amanlığını təmin etsinlər. Bunlar silah yardımı aldıqdan, təlim keçdikdən sonra tamamilə öz bildikləri istiqamətə hərəkət etdilər. Amma indi İŞİD-in qələbələr dövrü artıq arxada qaldı. Onun təhlükəli bir istiqamətə inkişaf etdiyini görən Amerika, İran, hətta Rusiya da ciddi surətdə İraqa yardım etməyə başlayıblar. İraq ordusunda vəziyyət düzəltməyə başlayıb. Ən başlıcası isə İraq ordusu güclü hərbi aviasiyaya malik olmağa başlayıb. Rusiyadan on ədəd qırıcı bombardmançı təyyarə artıq İraq ordusunun arsenalına daxil olub. Onlar çox uğurlu əməliyyatlar aparıblar. Havadan endirilən zərbələr nəticəsində artıq İŞİD-in qələbələr seriyası dayandırılıb və məğlubiyyət dövrü başlayıb. İndi İŞİD-a yardım edən dövlətlər də ifşa olunub. Çünki İŞİD-in bəzi sənədləri Amerika kəşfiyyatının əlinə keçib. Səudiyyə Ərəbistanı da, Qətər də bu təşkilata yardım etməkdən qorxur. Üstəlik də, həm Amerikanın pilotsuz təyyarələri İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak edir, həm də ki, İraq ordusuna 500-600 hərbi təlimatçı ordunun yenidən qurulmasında iştirak edir. Bu mənada ordu İŞİD-ə qarşı uğurlu əməliyyatlar həyata keçirməyə başlayıb. Məqsəd qısa müddətdə İŞİD-i tamamilə lokollaşdırıb sıradan çıxarmaqdan gedir. Və mən əminəm ki, çox da uzun çəkməyəcək bir dövrdə İŞİD tamamilə sıradan çıxarılacaq. Çünki beynəlxalq terrorizmin ən aqressiv formasıdır. Və Qərb ölkələri üçün də ciddi təhlükədir".