Abdulla Gül AKP-yə qayıdır Dünya

Abdulla Gül AKP-yə qayıdır

"Bu partiyanın qurucusu, partiyadan seçilən ilk baş nazir və ilk prezidentəm"

Türkiyə prezidenti Abdulla Gül səlahiyyət müddətinin başa çatacağı 28 avqust tarixindən sonra hansı addımı atacağını açıqlayıb.
APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, A. Gül jurnalistlərə açıqlamasında Ədalət və İnkişaf Partiyasının (AKP) sıralarına dönəcəyini bəyan edib.
A. Gül AKP-nin qurucusu olduğunu xatırladıb: "Bu partiyanın qurucusu, partiyadan seçilən ilk baş nazir və ilk prezidentəm. Partiyaya qayıtmağım çox təbiidir. Prezidentlik müddətim yekunlaşdıqdan sonra şübhəsiz ki, partiyama dönəcəyəm. İnanıram ki, Türkiyə güclənərək yoluna davam edəcək".
A. Gül bu açıqlaması ilə AKP-nin lideri və baş nazir vəzifəsinə iddiasını ilk dəfə açıq şəkildə ortaya qoymuş olub.
Xatırladaq ki, avqustun 10-da keçirilən prezident seçkilərində baş nazir Rəcəb Tayyib Ərdoğan qalib gəlib. Ölkə Konstitusiyasına əsasən prezident partiya üzvü ola bilməz. Bu səbəblə R. T. Ərdoğan prezident səlahiyyətlərini icra etməyə başladıqdan sonra AKP özünə yeni lider seçməli olacaq.