ABŞ Qara dənizdə Rusiyanı blokadaya almaq siyasəti aparır Dünya

ABŞ Qara dənizdə Rusiyanı blokadaya almaq siyasəti aparır

"Rusiya nümayəndə heyətinin BMT BA-da iştirakına ABŞ tərəfindən viza maneəsi tətbiq edildi. Bu tarixdə bəlkə də ilk dəfə baş verirdi. Rusiya kəskin reaksiya verdi. RF Xİ naziri S.Lavrov bunu ABŞ Dövlət Katibi Mayk Pompeo ilə müzakirə etdi. Lavrovun açıqlamasına görə, Pompeo və Trampın Rusiyaya qarşı tətbiq olunan viza qadağasından xəbərləri yoxdur. Əksər ABŞ mütəxəssisləri bunu “texniki problem” adlandırdılar. Buna baxmayaraq, baş verənlər Rusiya-ABŞ münasibətlərində hər şeyin normal olduğu anlamında deyil; münasibətlərdə gərginlik artan istiqamətdədir". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, ABŞ özünün hərbi xərclərini artırır və səbəb kimi Rusiya və Çinin gücünün artmasını göstərib: "ABŞ Suriyada Konstitusiya Komissiyasının yaradılması barədə Rusiyanın rolunu təsdiq etdi. Eyni zamanda Suriyada proseslərin sabitləşməməsi istiqamətində fəaliyyət göstərir.
Rusiya şirkətləri Suriyanı yanacaqla təmin etdiyi üçün ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi. Rusiya tərəfinin yaydığı məlumata görə, ABŞ Çin-lə Rusiyanın arasını vurmaq istiqamətində fəaliyyət göstərir. Gərginliyin motivasiyası olan daha ciddi məsələlər var. RF XİN dünyada nüvə müharibəsinin başlanma riskinin böyük olduğunu açıqladı. RF müdafiə naziri S.Şoyqunun fikrincə, ABŞ-ın özünü üstün hesab etməsinə inamı Rusiya üçün ən böyük təhlükədir.
ABŞ Qara dənizdə Rusiyanı blokadaya almaq siyasətini aparır. Pentaqonun başçısı da Rusiya və Çini “ən böyük təhlükə mənbəyi” adlandırdı.
ABŞ-ın Hərbi Hava Qüvvələrinin Avropadakı komandanı Cefri Xarriqyan RF-in Kalininqrad vilayətində RƏMS sistemini dağıtmağa hazır olduqlarını bildirdi. Bəlkə də tarixin ironiyasıdır ki, Xarriqyan da ermənidir, Kalininqrad şəhərinin qubernatoru da ermənidir və hazırda Ermənistanın Rusiyadakı səfiri V.Toqonyan Kalininqrad ermənilərinin aktivləşməsi istiqamətində müəyyən işlər görüb.
BMT BA müstəvisi çərçivəsində RF Xİ naziri çoxsaylı görüşlər keçirdi və o cümlədən ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçisi H. Kissincerlə bir çox məsələləri müzakirə etdi. RF Xİ naziri S.Lavrov Aİ-ni “etibarsız tərəfdaş” adlandırdı. ABŞ rəsmilərinin fikrincə, NATO Rusiya üzərində üstünlüyünü itirir. RF prezidenti V.Putin NATO üzvlərinə müraciət ünvanladı.
Səudiyyə Ərəbistanının neft anbarlarının bombalanmasını Rusiya tərəfi pislədi. Prezident V.Putin Səudiyyə Ərəbistanına “S-300” və ya “S-400” ZRK almağı təklif etdi. Amma Səudiyyə şahzadəsi ilə telefon danışığında bu məsələni deyil, qarşıdakı təmasları müzakirə etdi.
Venesuela prezidenti N.Maduro Moskvada prezident V.Putinlə görüşüb, xüsusilə hərbi-texniki əməkdaşlıq və Venesuelanın borcunun ləğvi məsələlərini müzakirə etdi. Artıq bəzi rusiyalı hərbi mütəxəssislər yenidən Venesueladadır.
Fransa-Rusiya münasibətləri inkişafdadır. Prezident V.Putin Fransanın eks-prezidenti Jak Şirakın dəfn mərasimində iştirak etdi. Bundan əvvəl isə iki ölkənin Xİ nazirləri ABŞ-ın Orta və Uzaq Mənzilli Raketlər Müqaviləsindən çıxmasını müzakirə etmişdilər.
Çinlə Rusiya arasında münasibətlərdə ciddi keyfiyyət dəyişikliklərinin əsası qoyula bilər. Prezident V.Putin Çinin dünya siyasətində rolunun artmasından danışdı. RF Xİ naziri S.Lavrov Çini Rusiyanın böyük qardaşı adlandırmaqdan imtina etdi. BMT BA çərçivəsində RF Xİ naziri S.Lavrov və Çinin Xİ naziri Van İ ŞƏT və BRİKS çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər".