ABŞ-da ictimai rəy Türkiyənin əleyhinə köklənib Dünya

ABŞ-da ictimai rəy Türkiyənin əleyhinə köklənib

ABŞ rəsmi Ankaranın milli maraqlarına zərər vurmaqda davam eləsə, Türkiyə ictimai rəyi və siyasi qüvvələri də kritik qərar qəbul etmək mərhələsinə gələ bilər. Lakin İncirlik və Kürəcik hərbi bazalarının bağlanmasını bu gün üçün real saymıram. ABŞ müdafiə naziri Esperin son açıqlamaları da gərginliyi azaltmaq cəhdi kimi qəbul olunmalıdır.
Bu sözləri açıqlamasında siyasi şərhçi Oqtay Qasımov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sanksiyalar tətbiq olunarsa, Türkiyənin İncirlik və Kürəcik hərbi bazalarını Birləşmiş Ştatların üzünə bağlayacağı barədə fikirlərini şərh edərkən deyib. Oqtay Qasımovun fikrincə, proseslərin İncirlik və Kürəcikdəki hərbi bazaların bağlanması həddinə gedib çıxması mümkünsüz görünür: “İncirlikdəki hərbi bazalarda ABŞ-ın nüvə silahlarının olduğu barədə xəbərlər yayılmaqdadır. Hərbi bazaların bağlanması kifayət qədər riskli və iki ölkə arasında münasibətlərə zərər verə biləcək addım ola bilər. Tərəflər arasında sanksiyalarla bağlı danışıqlar aparıla bilər. ABŞ tərəfindən son illərdə Türkiyəyə qarşı davamlı olaraq basqı, təhdid, onun maraqlarını heçə saymaq siyasəti həyata keçirilir. Bu, Suriya böhranı başlayandan açıq şəkildə görünür. ABŞ-ın terror təşkilatlarını on minlərlə TIR-larla silahlandırması, öz çətiri altında saxlaması Türkiyənin əleyhinə olan fəaliyyətdir. Türkiyənin səbir kasasını daşıran damla qondarma erməni soyqırımı qərar layihəsinin Senatda tələm-tələsik təsdiq edilməsi oldu”.
Siyasi şərhçi qeyd edib ki, ABŞ ictimai rəyi Türkiyə əleyhinə köklənib, daxili siyasəti də Türkiyə üzərindən idarə etməyə çalışırlar: “Türkiyə də haqlı olaraq ədalətsiz, heç bir müttəfiqliyə yaraşmayan siyasətə qarşı öz adekvat tədbirlərini görməlidir. Buna görə də Türkiyənin əlində olan ən önəmli vasitələrdən biri də İncirlik və Kürəcikdəki hərbi bazalardır”.
Oqtay Qasımov hesab edir ki, Türkiyə ilə ABŞ arasında narazılıq 2020-ci ilin aprelinə, qondarma erməni soyqırımının ildönümünə doğru artacaq: “Erməni soyqırımı” ilə bağlı iddialar və ABŞ prezidentinin çıxışında bu fikirlərin yer alıb-almamasına dair spekulyativ proseslər gedəcək və o zaman gərginlik qaçılmaz olacaq. Trampın bu qərar layihəsinə veto qoyacağı mümkün variantlardan biridir. Amma layihə üçdə iki səs çoxluğu ilə Senatda qəbul edilibsə, artıq prezidentin veto qoymaq hüququ qalmır. Hər halda daha çox ehtimal edilən variant odur ki, Tramp məsələni müəyyən müddət ləngidə və veto qoya bilər. Bir ehtimalı da nəzərdən qaçırmaq olmaz ki, 2020-ci il ABŞ-da prezident seçkiləri olacaq və Tramp da ABŞ-da yaşayan və siyasi cəhətdən fəal olan icma olaraq ermənilərin səsini almaqda maraqlıdır. ABŞ-ın bu gün yürütdüyü siyasət proqnoz olunmayan siyasətdir. Bu baxımdan bütün variantları gözləmək mümkündür. Amma bu gün üçün hesab edirəm ki, bir müddət ləngimə olacaq, Tramp qətnaməni dərhal təsdiq etməyəcək”.