NATO Ukrayna və Gürcüstanı gözləyir Dünya

NATO Ukrayna və Gürcüstanı gözləyir

Alyans Moskvanın planını alt-üst etmək niyyətindədir

Cavid

Ərazi problemlərinin olmasına baxmayaraq, NATO Ukrayna və Gürcüstanı tərkibinə qəbul edə bilər. "RİA-Novosti"nin verdiyi məlumata görə, bu barədə NATO-nun Rusiyadakı məlumat bürosunun direktoru Pobert Pşel bildirib. "Formal nöqteyi-nəzərdən bu, əlbəttə ki, mümkündür. Ərazi problemləri NATO-ya üzv olan digər ölkələrdə də var idi.
Baltikyanı ölkələrdən biri (Estoniya-red) ittifaqa daxil olanda sərhəd xətti haqqında Rusiya Federasiyası ilə yekun müqaviləsinə malik deyildi. Halbuki bunu problem hesab etmək olardı. NATO üzvləri bu problemə kompleks baxır. Yəni, hamı qəbul edir ki, bu ölkə günahkar deyil", - Pşel deyib. R.Pşel həmçinin bildirib ki. Ukrayna Gürcüstandan fərqli olaraq, NATO-ya daxil olmaq arzusunu ifadə etməyib. NATO-nun Uels sammiti 4-5 sentyabr tarixlərində keçiriləcək. Sammitdə NATO-Ukrayna və NATO-Gürcüstan birgə komissiyalarının görüşləri də baş tutacaq. Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən sonar NATO keçmiş sovetlər birliyi respublikalarının təhlükəsizliyini alyansa üzvlüyündə görüb. ABŞ Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünü tezləşdirmək niyyətini gizlətməyib. Bu yaxınlarda ABŞ-ın vitse-prezidenti Co Bayden Gürcüstanın NATO-ya daxil olması məsələsində bu ölkəni dəstəklədiklərini bildirib. NATO baş katibi Anders Foq Rasmussen isə bildirib ki, NATO-nun sentyabr ayı keçiriləcək Uels sammitində Gürcüstan üçün "üzvlük üzrə fəaliyyət planı" (MAP) müzakirə olunmayacaq. Əvəzində isə alyans Gürcüstanı NATO-ya daha da yaxınlaşdırmaq üçün "mühüm paket" hazırlayacaq. Rasmussen bildirib ki, təklifin təfərrüatları üzərində işləmək lazımdır. Bu barədə "Civil.ge" xəbər verir. Qeyd edək ki, NATO baş qərargahında Rasmussen iyunun 25-də açıqladığı əməkdaşlıq üzrə "mühüm paket" və Gürcüstan üçün üzvlük üzrə fəaliyyət planı haqqında sualları cavablandırıb. "Uels sammiti üzvlük üzrə fəaliyyət planına deyil, Gürcüstanın NATO-ya yaxınlaşdırılmasına həsr olunacaq", - o deyib. "Bu, mühüm bir paket olacaq. Biz Gürcüstanla birlikdə sammitə qədər bu təkliflər paketi üzərində işləyəcəyik. Təəssüf ki, mən indi sizə paket haqqında dəqiq məlumat verə bilməyəcəyəm. Sammitə qədər bunun üzərində işləmək lazımdır", - Rasmussen deyib.
"Onu deyim ki, 2008-ci il Buxarest qərarı hələ qüvvədədir. Yadınızdadırsa, biz Gürcüstanın vacib tələbləri yerinə yetirməsi şərti ilə, NATO üzvü ola biləcəyinə qərar vermişdik. Sammitə qədər hazırladığımız təkliflər paketi Gürcüstanı NATO-ya daha da yaxınlaşdıracaq", - o əlavə edib. Xatırladaq ki, 2008-ci il Buxarest sammitində NATO liderləri Gürcüstanın NATO-ya qoşulması üçün üzvlük üzrə fəaliyyət planından (MAP) imtina etmişdilər. Buna baxmayaraq, liderlər Gürcüstanın gələcəkdə nə vaxtsa NATO-ya qoşula biləcəyinə söz verdilər. Buxarest sammitində verilən qərarda həmçinin bildirilir ki, MAP (üzvlük üzrə fəaliyyət planı) Gürcüstanın "birbaşa üzvlüyü yolunda" ilk addım olmalıdır.
NATO-nun Gürcüstanla bağlı əlavə qərarlarında da alyansa qoşulmaq üçün əvvəl "MAP mərhələsi"ni keçməli olduğu bildirilir. Almaniya kansleri Angela Merkel də Berlində Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşündə bu məsələyə toxunub. Kansler bildirib ki, Uels sammitində Gürcüstan üçün "üzvlük üzrə fəaliyyət planı"nın gündəlikdə olmayacağını düşünür. O həmçinin bildirib ki, Gürcüstanın NATO-ya yaxınlaşması üçün MAP-dan başqa yolların da olması sammitin qərarları ilə təsdiqlənə bilər. Avqustun 2-də NATO-ya ünvanladığı məktubda Britaniyanın baş naziri Devid Kemeron müttəfiqləri Rusiya ilə münaqişəyə hazır olmağa çağırıb. Məktub NATO-nun 1990-cu ildən bəri Britaniyada keçiriləcək ilk sammitindən 6 həftə əvvəl ünvanlanıb. Prezident Obamanın da sammitdə iştirakı gözlənilir. Məlumatı "Daily News" yayıb. Britaniyanın baş naziri Rusiyanın alyansı düşmən kimi gördüyünü əsas gətirərək, NATO müttəfiqlərini Rusiya ilə münaqişəyə hazır olmağa çağırıb. "Rusiya Krımın anneksasiyası və Ukraynada stabilliyi təcavüzkar şəkildə pozmaqla öz qaydalarından kənara çıxıb. Biz hər hansı təhdidlərə çevik reaksiya vermək üçün uzunmüddətli tədbirləri razılaşdırmalıyıq", - Devid Kemeron NATO-ya məktubunda yazır. Kemeron NATO üzv ölkələrini Şərqi Avropada yeni hərbi təlimlər keçirməyə çağırıb. O bildirib ki, qəfil təhdidlərə cavab vermək üçün avadanlıqlar, təchizatlar və infrastrukturlar yerində olmalıdır. "NATO həmişə Rusiyaya tərəfdaş kimi baxsa da, aydın məsələdir ki, Rusiya ona düşmən gözü ilə baxır", - Kemeron yazıb. Onu da qeyd edək ki, ABŞ Konqresi postsovet məkanı ölkələri ilə bağlı yeni qətnamə layihəsi qəbul edib. Bu sənədə əsasən, Ukrayna, Moldova və Gürcüstan Birləşmiş Ştatların müttəfiqləri statusunu alacaqlar. Bu, NATO-ya üzvlükdən yan keçmək şərti ilə baş verəcək. Ekspertlər ABŞ-ın bu addımının mümkün geosiyasi və hərbi nəticələri barədə proqnozlar verirlər. Gəlinən qənaətlər müxtəlifdir. Lakin bir şey aydındır ki, bu layihəyə birmənalı qiymət vermək risklidir. Hazırda müxtəlif regionlarda böyük dövlətlərin qarşıdurması müşahidə edilir.
İndidən hansısa tərəfin haqlı olduğunu demək də çətindir. Hər bir müstəqil dövlətin öz maraqları vardır. Onların təmin edilməsinin daha uyğun formatı qismində ABŞ-a müttəfiq olmağın düşünülməsi, bizcə, birtərəfli yanaşma olardı. Sənədə əsasən, ABŞ NATO üzvü olmadan adı çəkilən ölkələri müttəfiq kimi qəbul edir. Müttəfiqlik özlüyündə bir çox məqamları əks etdirir ki, bununla da Vaşinqton üzərinə öhdəliklər götürür. Həmin ölkələrə hərbi, iqtisadi və maliyyə yardımı yeni məzmun kəsb edir. Burada, eyni zamanda, Ukrayna, Gürcüstan və Moldovaya sınaq müddəti verilir. Onlar hərbi sahədə islahatları ABŞ-ın istədiyi kimi aparmalıdırlar. Əvvəlcə, onu vurğulayaq ki, həmin qərarda Azərbaycan, Bosniya və Herseqovina, Makedoniya və başqaları ilə də hərbi əməkdaşlığı genişləndirmək, mədəniyyət və təhsil sahələrində sıx əlaqələr qurmaq tövsiyə edilib. Vaşinqton diqqətini daha çox postsovet məkanı ölkələrinə yönəldir. Bunlardan başqa, sənəddə Ukrayna, Moldova və Gürcüstana çevik surətdə enerji sahəsində yardım etməyi nəzərdə tutan hüquqi mexanizm yer alıb. Belə ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Ticarət və İnkişaf Agentliyi, Özəl Beynəlxalq İnvestisiyalar Korporasiyası (OPIC) və Dünya Bankı Qrupu vasitəsi ilə həmin ölkələrə yardım göstəriləcək. Belə görünür ki, Birləşmiş Ştatlar dünyada yaranmış geosiyasi vəziyyəti nəzərə alaraq, konkret addımlar atmağa başlayıb. Demək lazımdır ki, Konqresin indi həyata keçirməyə başladığı layihə haqqında "Stratfor" analitik mərkəzinin qurucusu C.Fridman bir neçə ay əvvəl yazmışdı. O vurğulamışdı ki, Vaşinqton təcili olaraq Estoniyadan tutmuş Azərbaycana qədər geniş bir ərazidə yerləşən dövlətlərin müdafiə imkanlarını artırmalıdır, onlara hərbi yardım göstərməlidir. Lakin burada müəyyən fərqlər də vardır. ABŞ daha çox Ukrayna, Moldova və Gürcüstana diqqət ayırır. Bunun səbəbi aydındır. Çünki məhz bu ölkələr Avropa İttifaqı ilə assosiativ üzvlük haqqında saziş imzalayıblar. Belə çıxır ki, Vaşinqton Qərblə daha yaxın inteqrasiyaya gedən ölkələrə yardım göstərmək fikrindədir. Özü də bunu NATO-dan yan keçməklə edir. Demək lazımdır ki, bəzi Avropa dövlətləri Ukrayna, Gürcüstan və Moldovanın NATO-ya üzv qəbul edilmələrinə qarşı çıxırlar. Gürcüstan prezidenti bu cür vəziyyətdən şikayət edib. O, "Acariya" telekanalında çıxışı zamanı deyib ki, "Gürcüstan NATO-dan real və təsirli addımlar gözləyir". Georgi Marqvelaşvili bunun səbəbi olaraq Gürcüstanın regionda mühüm geosiyasi rol oynadığını və NATO ilə eyni dəyərləri paylaşdığını göstərib. Lakin təəssüf ki, NATO hələlik daha çox şüarlarla çıxış edir. Bu təşkilat Gürcüstanın hərbi müdafiə imkanlarının artması üçün ciddi işlər görmür.
G.Marqvelaşvilinin Ukrayna məsələsinə görə narahat olduğu aydındır. Rəsmi Tbilisi ehtiyat edir ki, Moskva onun ərazisinə də "yaşıl adamcıqları" göndərər. Yerli KİV-də artıq belə bir informasiya verilib. Lakin bu, rəsmi təsdiqini tapmayıb. Hər bir halda, Gürcüstan rəhbərliyi yaranmış vəziyyətdən narahatdır və Qərbin himayəsini arzulayır. Özlüyündə bu, xarici siyasətin qüsurlarından xəbər verir. Dövlət özünə qarşı təhlükəli vəziyyət yaradıbsa, deməli, hansısa məqamda səhvə yol verib. Yuxarıda deyilənlər ABŞ Konqresinin qəbul etdiyi qərarın ciddi geosiyasi əks-sədasının olduğunu göstərir. Vaşinqton postsovet məkanı ölkələrinin bir neçəsinə əsaslı şəkildə dəstək göstərməyə hazırlaşır. Bu, həmçinin Cənubi Qafqazda vəziyyətin sürətlə dəyişə biləcəyinə işarədir. Konqresin mədəniyyət və təhsil sahəsinə ayrıca yer ayırması da təsadüfi deyil. Rusiya bu yaxınlarda "rus dünyası" formalaşdırmaq, rus dili və mədəniyyətini bütün dünyaya daha geniş yaymaqla bağlı proqram hazırlayıb. Bunu Rusiyanın Xarici İşlər Nazirliyi təklif edib. Gözlənilir ki, həmin proqram çərçivəsində müxtəlif ölkələrdə rus mədəniyyəti və dilini təbliğ edən mərkəzlər fəaliyyətə başlasın. Amerikanın buna reaksiya verməsi prosesin ciddi olduğunu göstərir.
Görünür, Qərb müstəqilliyini əldə etmiş ölkələrdə hərbi güc tətbiq etmək, silah satmaqla deyil, mədəniyyətlə güclənmək qənaətinə gəlib. Həmin aspektdə Cənubi Qafqazda da "yumşaq güclər"in mübarizəsinin yeni səviyyəyə qalxacağını gözləmək olar. Digər tərəfdən, Ukrayna, Moldova və Gürcüstana hərbi yardımın genişləndirilməsi silahlı toqquşmaların meydana gəlməsi ehtimalını da artırır. Deyək ki, Gürcüstanın hərbi potensialının bir pillə də genişlənməsinə Ermənistan dərhal reaksiya verəcək. İrəvan Moskvadan yeni silahlar tələb etməklə regiondakı hərbi balansı pozacaq. Eyni zamanda, onun təxribatlara əl atması istisna edilmir. Silahlanma yolunun Cənubi Qafqazı xilas edə biləcəyinə inanmaq çətindir. Problemin başqa aspekti geniş geosiyasi məkanda bir neçə müstəqil dövləti Rusiya ilə qarşı-qarşıya qoymaq təhlükəsinin meydana çıxması ilə əlaqəli ola bilər. Özlüyündə aydındır ki, Rusiya bu məkanda hərbi cəhətdən ən güclüdür. Onun maraqlarını qorumaq üçün ciddi mübarizə apardığı da məlumdur. Bu səbəbdən ABŞ-ın bir sıra dövlətə hərbi yardımı gücləndirməsi sonu bəlli olmayan proseslərə rəvac verə bilər. Burada böyük dövlətlərin əsasən öz geosiyasi maraqlarını güddüyü aydındır. Söhbət faktiki olaraq savaş məkanını genişləndirməkdən gedir. Rusiya sərhədi boyu min kilometrlərlə ərazidə hərbi qüvvələrin qarşıdurması yarana bilər. Bunun təhlükələrini təsəvvür etmək çətin deyil. Həmin səbəbdən ukraynalıların, moldovanların və gürcülərin nəyə sevindikləri tam aydın olmur. İstənilən an bu üç ölkə qanlı hərbi toqquşmalarım meydanına çevrilə bilərlər. Ukraynada bu hal artıq mövcuddur. Moldovaya qarşı Moskvanın müəyyən tədbirlərə əl atdığı da məlumdur. Rəsmi Tbilisinin Kremldən qorxusu barədə siyasətçilər danışıblar. Belə çıxır ki, reallıqda Ukrayna ilə yanaşı, Moldova və Gürcüstanın da Rusiya ilə münasibətlərində böhranlı məqamlar mövcuddur və onlar aktiv fazaya keçə bilər.