Koronavirusun dəyişdirdiyi iş üsulları və izləmə sistemləri Dünya

Koronavirusun dəyişdirdiyi iş üsulları və izləmə sistemləri

"Covid-19" koronavirusuyla mübarizədə bəzi ölkələr insanların sağlamlıq vəziyyətini izləmək üçün rəqəmsal texnologiyalaradan istifadə edirlər. Çin, Sinqapur, İsrail və Cənubi Koreya kimi ölkələrdə koronavirusun yayılmasını mobil telefonlara yüklənən izləmə proqramlarıyla əngəlləməyə çalışırlar. Bu məsələ Avropa ölkələrinin də gündəmindədir.
Ancaq bunu şəxsi həyatın toxunulmazlığı və individual məlumatların qorunması hüququna zidd hesab edənlər də var. Bundan başqa, milyonlarla insanın proqram təminatları vasitəsilə evdən işləməyə başlaması kibertəhlükəsizlik məsələsini də aktuallaşdırır.
İnternetdə konfidensiallıq və rəqəmsal iş təminatı üzrə mütəxəssis, sosioloq Antonio Casilli koronavirusun dəyişdirdiyi iş üsulları və izləmə sistemləri haqqında "BBC Türkcə"-nin suallarını cavablandırıb. Çin, Sinqapur, Cənubi Koreya və İsrail kimi ölkələrdə koronavirusun yayılmasının qarşısını almaq üçün telefonlara və digər rəqəmsal cihazlara yüklənən izləmə proqramlarından istifadə olunur. Bu, uğurlu metoddurmu?
“Yox, qətiyyən uğurlu metod deyil. Ancaq bu, bütün dünyada tətbiq edilən kütləvi nəzarət siyasətinə uyğundur. Çin, Cənubi Koreya və Sinqapur bir-birindən fərqli ölkələrdir. Məsələn, Çin epidemiyaya qarşı mübarizədə karantin, sosial təcrid və izolyasiya kimi sərt tədbirlər tətbiq etməklə uğur qazandı. Əlbəttə, telefonlardakı izləmə proqramlarından da istifadə etdi. Ancaq Çində bu təcrübə daha əvvəldən vardı.
Cənubi Koreyanın uğurunun səbəbi genişmiqyaslı test yoxlamaları, Tayvanda isə hökumət və məsul şəxslər arasındakı koordinasiya oldu. İndi də İtaliya və Fransa kimi ölkələr koronavirusla mübarizədə yoluxmaların müəyyən edilməsi üçün telefonla izləmə proqramlarının tətbiqinə başlamaq istəyirlər. Ancaq bu üsullar pandemiyayla mübarizədə yox, psixoloji basqı siyasətində effekt verə bilər. Başqa sözlə, belə proqramları biotibbi vasitədən daha çox intizam yaratmaq üsulu saymaq olar”.
O zaman demək olarmı ki, siz kütləvi izləmə sistemlərinin tətbiqini hökumətlərin böhrandan faydalanmaq cəhdi hesab edirsiz? Ekspert bildirib ki, bəli, artıq çox da gizli olmayan kütləvi izləmə siyasətini reallaşdırmağa başlayırlar. Əslində, bu, əvvəl də vardı. Hökumətlərin, siyasi partiyaların və özəl şirkətlərin ondan istifadə etdiklərini anlamaq üçün Edward Snowden və ya "Cambridge Analytica" ilə bağlı böhranları gözləməyə ehtiyac yoxdur. Hərçənd hökumətlər və təşkilatlar belə vəziyyətlərdən izləmə üsullarını tətbiq etmək üçün istifadə edirlər. "Covid-19" epidemiyası da onlardan biridir.
Dronlar, şəxsi həyata müdaxilə edən proqramlar - bunlar demokratiyaya təhlükə yaradır. Üstəlik, bu texnologiyaların istehsalçıları da, adətən, hökumətlərə yaxın şirkətlər olur. Kütləvi izləmə sistemləri istehsal edən şirkətlər demokratik quruluşlara daxil ola bilmək üşün uğurlu lobbiçilik fəaliyyəti göstərirlər. Bəzi qeyri-hökumət təşkilatları məhz buna görə üztanıma və "ağıllı şəhərlər" kimi texnologiyalara etiraz edirlər.
Bunlar məxfiliyin və fərdi hüquqların pozulması kimi görünə bilər, amma digər tərəfdən də insanlar ölməyə davam edir və bəziləri "Mən məxfilikdən vaz keçməyə hazıram, təki dövlət məni qorusun" deyir. Belədə bunu necə tənzimləmək olar?
İnsanlar məhz buna görə - ölüm qorxusuna görə məxfiliyə daha çox dəyər verməli, onu qorumalıdırlar. Məxfilik yalnız avtoritar rejimlərə qarşı güclü vasitə deyil, eyni zamanda sağlamlığın qorunması üçün də çox vacib məsələdir. Məsələn, tibbi məxfilik anlayışı var, yəni tibbi problemlərin, məlumatların, xəstəliklərin gizli saxlanması hüququ. Çünki bunlardan sizə qarşı ayrı-seçkilik məqsədilə istifadə edilə bilər. Hazırda tibbi məxfiliyə qarşı ciddi təhlükə yaranıb.
Koronavirusa yoluxanların açıqlanması təkcə təhlükəli deyil, həm də ayrı-seçkilik yarada biləcək məsələdir. Bəzi hallarda səhiyyə xidmətlərindən istifadəyə mane ola, bəzi hallarda isə insanları öz sağlamlıqlarıyla bağlı informasiyanı paylaşmaqdan çəkindirə bilər. "Covid-19" xəstələri ayrı-seçkiliyə və ya qonşularının hücumlarına məruz qalsalar, digər xəstələr də səhhətlərindəki problemlərin bilinməsini istəməzlər. İnsanların tibbi məxfilik haqları qorunmalı və fərdi məlumatlar yalnız səhiyyə işçiləri üçün əlçatan olmalıdır. Bu, təkcə məxfiliyin yox, fərdi və kollektiv sağlamlığın qorunması üçün vacibdir.
İnsanlar özlərini qorumaq üçün başqalarıyla bağlı məlumatlara ehtiyac duya bilməzlərmi? Məsələn, xəstəliyi harda, kimdə aşkar edildiyini bilməklə müdafiə olunmaq üçün. Bu, kütləvi izləmə sistemləri istehsal edənlərin əsas arqumentidir. Son 10 ildir ki, bunu deyirlər: "İnsanlar özləri bunu istəyirlər, onlar məlumatların açıqlamasından məmnundurlar". 10 il əvvəl "Facebook" da belə deyirdi. Ancaq yox, insanlar özləri haqda məlumatların bilinməsini və paylaşılmasını istəmirlər. "Cambridge Analytica" hadisəsində bu, çox aydın göründü.
Məlumatları toplayıb paylaşanlar iddia edirlər ki, "Bu sizin yaxşılığınız üçündür". Xeyr, elə deyil. Bunu ancaq avtoritar rejimlər deyə bilər. Bir də kütləvi izləmə vasitələri istehsal edib bu yolla varlananlar.
Ən təhlükəli baxış bucaqlarından biri də "koronavirusla mübarizə və məxfilik hüququ arasında balans yaratmağa çalışmaq" fikridir. Bu, almayla armudu, yəni bir-biriylə heç bir əlaqəsi olmayan məsələləri müqayisə etmək deməkdir. Koronavirusla məxfilik ayrı-ayrı şeylərdi. Məxfilik əsas azadlıq haqlarından biridir və deməli, qorunmalıdır. Onu heç bir halda arxa plana keçrimək olmaz, çünki fundamental haqdır.
Avropada fərdi məlumatların qorunmasına ciddi yanaşılır, ancaq indi Rusiya və bəzi Asiya ölkələri kimi, Avropa ölkələri də koronavirusla mübarizədə cib telefonarı vasitəsilə izləmə proqramlarından istifadə məsələsini müzakirə edirlər. Dünya George Orwell-in 'Big Brother' ("Böyük qardaş") əsərindəki vəziyyətlə üz-üzə qala bilərmi?
Daha da pisi - 'Big Mother' ("Böyük ana") ola bilər. İndi hamı Çin və Rusiya hökumətlərini pisləyir. Bəli, Rusiyadakı üztanıma, Çindəki sosial təqib sistemləri çox qorxuludur. Ancaq İngiltərə, Fransa, ABŞ və İsrail də eyni dərəcədə "pisdir". Cünki bu ölkələr nəhəng kütləvi izləmə sistemlərini istehsal edən əsas mərkəzlərdir. Fransa, İngiltərə və ABŞ-da sistematik olaraq məxfiliyin pozulması halları baş verir.
"Palantir" (Avropa ölkələrinin koronavirus məlumatlarının toplanması üçün müzakirələrə başladığı analitik qurum) da Rusiya yox, Amerika şirkətidir. Qurucusu isə qatı bir Tramp tərəfdarı olan Peter Thield-dir. Bu, demokratiyaya xələl gəlməsi, təşkilat maraqlarının hökumət işlərinə daxil olması məsələsidir.
Kütləvi izləmə baxımından "Big Brother" bir çox sahədə mövcuddur. Bu gün böyük şirkətlər qarşılıqlı maraq əlaqələri quraraq hökumətlərin içinə sızırlar.
Siz "rəqəmsal işçi qüvvəsi" sahəsində də fəaliyyət göstərirsiz. Epidemiya bir çoxlarını evdən işləməyə məcbur edib, ancaq bəziləri hələ də bayırdadır və kimlərsə rəqəmsal sistemin olmaması ucbatından işini itirmək təhlükəsiylə üz-üzədir. Bu, işçi qüvvəsindəki bərabərsizlik baxımından nə anlama gəlir?
Dünya əhalisinin az qala yarısı karantindədir. ABŞ-ın "Gallup" araşdırma şirkətinin bu yaxınlarda açıqladığı məlumata görə, kornavirusa yoluxma riski olanlarla olmayanlar arasında sosial sinif fərqi var. Daha az gəlirli sahələrdə çalışanların bəziləri fiziki təmasın daha yüksək olduğu işləri görürlər.
Üstəlik, bu sahələrdə evdən çalışmaq da mümkün deyil. Daha yüksək gəliri olan orta və yuxarı sinif mənsubları uzaqdan işləmək sisteminə keçə bilirlər. Avropa və ABŞ-da onlar karantin və təcrid tədbirləri hələ başlamamış evlərinə qapandılar.
Təbii ki, sinfi mənsubiyyətin də yaratdığı səbəblər var, fəhlə sinfi təhlükələrə qarşı daha müdafiəsizdir. Amma bu, əsas səbəb deyil.
Ancaq bəzi başqa peşə qrupları üçün də müxtəlif təhlükələr mövcuddur. Məsələn, tibb işçiləri, həkimlər - onların gəlirləri çox ola bilər, amma risk altındadırlar. Bəli, varlıyla kasıb arasında böyük fərq var, ancaq məsafələrin müəyyənləşdirdiyi işlər arasında da fərq böyükdür. Dizayner və vəkil peşələri əvvəllər də fiziki təmas tələb etməyən fəaliyyət sahələriydi, koronavirus epidemiyası dövründə daha sürətlə "rəqəmsallaşdılar". Ancaq rəqəmsal dünyada quruluan "Uber", "Deliveroo" kimi platformalarda çalışanlar sosial sığorta və təminat baxımından kifayət qədər qorunmurlar. Çox zaman da müqaviləsiz işləyirlər və üstəlik, fiziki risklərə qarşı da daha müdafiəsizdirlər.
Yəni bu sürətli rəqəmsallaşma öz qurbanlarını da yaradır, eləmi? “Bəli, texnologiya əvvəllər də mövcud olan sinfi və məşğulluq fərqlərini üzə çıxardı. Bəzi cərəyanları şişirtmək meyli də var. Ancaq bu texnologiyalar cəmiyyətdəki "yanlış şeyləri düzəltmək" vədiylə bizlərə təqdim olunub. "Hamı azad şəkildə çalışacaq, hər kəs istədiyini edə biləcək" fikirləri yaranıb. İndi biz bunun doğru olmadığını gördük. Texnologiyanın da maskası düşür. Evdən işləmə və rəqəmsallaşma iş tərzi anlayışımızı gələcəkdə necə dəyişəcək? indiki izləmə üsulları qalıcı ola bilərmi?
İndi bəziləri "CEO-ların, texnologiya mütəxəssislərinin illər boyu edə bilmədiyi rəqəmsal çevrilişi koronavirus bacardı" deyə zarafat edirlər. Yəni "inanların bacarmadığını koronavirus bacardı" deyirlər. Məsələn, universitetlər 10 ildir rəqəmsal təhsil tətbiq edirdilər, ancaq bunu sistemləşdirə bilmirdilər. İndi isə bütün təhsil sektoru uzaqdan tədrisə keçdi. Hətta bəzi başqa ofis içləri və nazirliklər də "ağıllı çalışma" idarəçiliyinə keçib işlərini uzaqdan həll etməyə başladılar.
Ancaq texnologiyalar təqdim ediləndə bizə verilən vədlər bunlar deyildi. Videokonfranslar, uzaqdan təhsil… Son bir neçə həftədə texnologiyalar çox sürətli və mənfi yöndə tətbiq edilməyə başlandı və bu ani keçid sağlam sistemlər üzərində qurulmadı.
İndi şirkətlər uzaqdan çalışanları yoxlamaq üçün bəzi kompüter paroqlamlarını satın alır - kütləvi izləmənin bir forması da budur. O vaxt uzaqdan işləməyin izləmə və təqib sisteminə çevriləcəyi nəzərdə tutulmamışdı. İdeal olan bu deyil.
Evlərə qurulan sistemlər fərdlərin kiber təhlükəsizliyi baxımından problem yaradırmı? Məsələn, "Zoom" proqramı getdikcə populyarlaşır və orda şəxsi məlumatların toplanması narahatlıq doğurur.
"Zoom" çox yaxşı nümunədir, istifadəsi asan olduğu üçün təqdir edilir. Ancaq təhlükəsizlik və məxfilik problemləri var. Şifrləmə yoxdur, halbuki bunu hələ bazara çıxaranda vəd etmişdilər. Bu proqramın "Facebook"- dakı məlumatlardan istifadə etdiyi xəbəri də yayılmışdı.
"Məlumatların idarə olunması" deyə biləcəyimiz məxfilik qaydaları çərçivəsində fərdlərə aid informasiyaların hansısa naməlum şirkətlərə satılmaması və qorunması üçün hansı işlər görüldüyü çox vacibdir. "Zoom"-un iş modelinin məlumatları "Facebook", "Google" və digər şirkətlərə satmaq üçün qurulduğu görünür. İnformasiya siyasətiylə bağlı yazdıqlarını cəmi iki gün əvvəl dəyişdilər və məlumatları satmadıqlarını deməyə başladılar. Orda toplananlar sadəcə fərdi məlumatlar deyil, eyni zamanda İP ünvanlarımızdır. Artıq hamı evdə "Zoom"-dan istifadə edir; bu isə ev adreslərinin və kompüterlərə (telefonlara) aid məlumatların toplanması deməkdir.
"Facebook" səhifənizin və iş yerinizlə bağlı çox vacib informasiyaların yanlış adamların (adətən, "big tech" şirkətlərinin) əlinə keçməsi çox təhlükəli haldır.
Son vaxtlar "Zoom"-un bazar qiymətinin artması faktını da bununla izah etmək olar - istifadəçi sayı və deməli, toplanan məlumatların həcmi artıb.