“Vəziyyət nəzarətdən çıxır” Dünya

“Vəziyyət nəzarətdən çıxır”

Sədrəddin Soltan: “İran sanksiyaların ləğvi qarşılığında irəli sürülən şərtlərin heç birini yerinə yetirməyib”

“İndiki şəraitdə İranda hakimiyyət əleyhinə etiraz aksiyalarının keçiriləcəyini və güclənəcəyini demək çətindir. Çünki pandemiya evə çəkilən insanların küçələrə çıxıb etiraz etməsinə imkan vermir. “Evdə qal” aksiyası vətəndaşların müvəqqəti olaraq, sərbəst toplaşmaq haqlarını dayandırır”.
Bu sözləri politoloq Sədrəddin Soltan deyib.
Ekspertin fikrincə, İranın üzləşdiyi vəziyyət və bunun qarşısındakı səyləri ölkə iqtisadiyyatının ağır durumda olduğunu göstərir:“Neftin ötən illə müqayisədə 3-4 dəfə ucuzlaşması, Böyük Britaniya və Avropa İttifaqı ölkələrinin koronavirusla mübarizəsi İran məsələsini arxa plana atıb. İndi avropalılar öz məsələlərini daha çox ABŞ-la həll edirlər. Hətta ABŞ-ın ikinci “Marşal planı"nı Avropada tətbiq edəcəyi ehtimal olunur. Bu plan İkinci Dünya Müharibəsindən sonra Avopada tətbiq edildi. Dünya müharibəsindən dağıntılarla çıxan qitə ölkələri bunun sayəsində dirçəldi. Yəni İran koronavirus dönəmində Avopa İttifaqı kimi müttəfiqini itirdi. Buna görə də İran indi ABŞ-ın sanksiyalarının ləğv olunmasına nail olmağa çalışır. ABŞ isə sanksiyaları ləğv etmir. Buna da əsasları var.
İran sanksiyaların ləğvi qarşılığında irəli sürülən şərtlərin heç birini yerinə yetirməyib. Atom-nüvə proqramında şəffaflığın təmin olunması, raket başlıqları istehsalının dayandırılması, insan haqları, beynəlxalq terrorizmi dəstəkləməkdən imtina etmək və Yaxın Şərqdə pozuculuq fəaliyyəti ilə məşğul olmamaq – ABŞ-ın İran qarşısında qoyduğu əsas şərtlərdir. İran isə bunların heç birinə əməl etməyib. Demək, bu şərtlər daxilində sanksiyalar qalacaq”.
Sədrəddin Soltan qeyd edib ki, bu sanksiyaların əsas hədəfi İranın nüvə proqramı və iqtisadiyyatını çökdürməkdir:“ABŞ demək olar ki, İran iqtisadiyyatının çökdürülməsi ilə bağlı hədəfinə çatıb. İranın üzləşdiyi maliyyə böhranı bununla bağlıdır. Üstəgəl, pandemiya dönəmində ölüm faktlarının gizlədilməsi əhalidə İran hakimiyyətinə qarşı etimadısızlığı bir qədər də dərinləşdirir. İran xalqı postkoronavirus dönəminə yeni hədəflərlə çıxa bilər. Hesab edirəm ki, İran hakimiyyəti bu prosesdən çox ağrılı çıxacaq. Əhalidə yaranmış inamsızlıq, maliyyə böhranı, işsizlik kimi faktorlar İran hakimiyyəti üçün vəziyyəti daha da ağırlaşdıracaq.
Bütün bu problemləri İsrailin, ABŞ-ın və ya hansısa xarici qüvvənin adına yazmaqla həll olunmur. İran hakimiyyəti daxili problemləri həll etmək əvəzinə Suriyanın, İraqın, Livanın, Yəmənin daxili işlərinə qarışır. Buna isə həm beynəlxalq səviyyədə, həm də daxildə çox sərt cavablar verilir. Üstəgəl, İran hakimiyyəti ölkə daxilində pandemiyaya nəzarət edə bilmir. Xəstəliyin nəzarətdən çıxması, perspektivdə İranda xaosun yaranmasına səbəb ola bilər. Şübhəsiz ki, müxalif qüvvələr bu məsələləri nəzərdən qaçırmırlar”.
Politoloq hesab edir ki, İran hakimiyyətini ayaqda saxlayan İran İslam İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) və Bəsic qüvvələridir: “İran hakimiyyəti bu qüvvələrin hesabına mövcuddur. SEPAH zəifləsə, İran hakimiyyəti əhali ilə əvvəlki kimi davrana bilməyəcək və onun fironluğu sona çata bilər”.