Putindən Poroşenkoya xəbərdarlıq Dünya

Putindən Poroşenkoya xəbərdarlıq

Rusiya Ukrayna ilə bütün əlaqələrini kəsə bilər

Cavid

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Pyotr Poroşenkoya məktub göndərib. Xarici KİV-lərin verdiyi xəbərə görə, Putin Poroşenkoya xəbərdarlıq edərək, Ukraynanın Avropa Birliyi ilə imzaladığı asosiativ sazişin fəsadlarının ola biləcəyini bildirib.
Putin bəyan edib ki, bütün Rusiya bazarı Ukrayna üzünə bağlana bilər və Rusiya Ukrayna ilə bütün iqtisadi münasibətləri kəsə bilər.
Rusiya Qara Dəniz donanmasını da gücləndirir.
Rusiyanın Qara Dəniz Donanmasının komandanı, vitse-admiral Aleksandr Vitko dünən Novorossiysk limanına gələn Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib ki, 2020-ci ilə qədər Qara Dəniz donamasına daha 80 hərbi gəmi gətiriləcək və gəmilərin sayı 206-ya çatdırılacaq.
Vitse-admiralın sözlərinə görə, Novorossiyskdə Rusiyanın ikinci hərbi bazası tikilir və baza 2016-cı ildə hazır olacaq. Aleksandr Vitko NATO-nun Qara Dənizdə gücləndiyindən yeni bazaya ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, Qara dənizdə Rusiyanın əsas hərbi bazası Sevastopoldadır.
Qondarma Donetsk Xalq Respublikasının müdafiə naziri Vladimir Kononov isə bildirib ki, biz, Ukrayna tərəfdən fərqli olaraq, Minsk Memorandumunun şərtlərinə əməl edərək, ağır hərbi texnikanı təmas xəttindən uzaqlaşdırırıq.
Ukrayna Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Andrey Lısenko məlumatı təsdiqləyib.
Kononov təmas xəttindən 15 kilometrlik ərazidə təhlükəsizlik zonasının yaradılacağı barədə də məlumat verib. O, bildirib ki, ağır hərbi texnika digər regionlarda yerləşdiriləcək. Onu da qeyd edək ki, Ukrayna NATO-nun köməyi ilə ilin sonuna kimi milli təhlükəsizliyin yeni konsepsiyasını yaratmaq istəyir. Bu barədə Ukraynanın NATO-dakı daimi nümayəndəsi İqor Dolqov bildirib.
"Ukrayna milli təhlükəsizliyin baza konsepsiyasını təkrar gözdən keçirməlidir. Prezident artıq hökumətdən tələb edib ki, NATO köməyi ilə ilin sonuna kimi yeni konseptual sənədin layihəsini hazırlayaq. Bu çox əhəmiyyətlidir, çünki bunsuz orduda islahatlar aparmaq çox çətindir", - Brüsseldə Dolqov deyib.
"Donbas hövzəsindəki xüsusi əməliyyat göstərdi ki, Ukrayna ordusu lap əvvəldən vuruşmağa hazır deyildi. İndi bütün sistemi və strategiyanı NATO-nun standartları tətbiq etməklə dəyişdirmək lazımdır", - deyə Ukraynanın NATO-dakı daimi nümayəndəsi ifadə edib.
Bundan əvvəl də Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin şərqindəki əməliyyatlarda ordunun gücsüzlüyünü etiraf edib.
Onu da qeyd edək ki, Ukraynada silahlı münaqişə dövründə ölənlərin sayı 3543 nəfərə çatıb.
Bu barədə BMT-nın Baş katibinin insan hüquqları üzrə köməkçisi İvan Şimonoviç bildirib: "Sentyabrın 21-nə olan məlumata əsasən, Ukraynada münaqişə dövründə ölənlərin sayına dair hazırkı rəsmi rəqəm Malayziya təyyarəsinin həlak olmuş 298 sərnişini də daxil olmaqla, 3543 nəfərdir".
O, qeyd edib ki, ölənlərin həqiqi sayı xeyli çox ola bilər, çünki elan olunan rəqəmlər yalnız rəsmi mənbələrin məlumatlarına əsaslanıb.
Ukrayna prezidenti Pyotr Poroşenko isə 10 hərbiçinin azad edilməsini elan edib.
Bu barədə Poroşenko öz "tvitter" səhifəsində yazıb.
Poroşenko "Bu gün bölgə batalyonlarından olan 10 ukraynalı hərbiçi məhkumluqdan azad olub. Onlardan biri zabitdir"- deyə bildirib.
Sonda Poroşenko "Ukraynaya eşq olsun" deyərək sevincini ifadə edib.
Qeyd edək ki, Donbas döyüşlərində separatçıların əlində mindən çox əsir olub ki, onların çoxu son atəşkəs sazişinin bir hissəsi olaraq qeyd-şərtsiz geri qaytarılıb.
"Rusiya çox bəlalara sinə gərib, odur ki, iqtisadi sanksiyalar hədə-qorxusu rus qulaqları üçün əhəmiyyətsiz bir şeydir və əhalini rrezident Vladimir Putini daha möhkəm dəstəkləməyə təhrik edir".
Bu sözləri "Atlantik"in ("The Atlantic") jurnalisti Ceffri Teyler səsləndirib. Jurnalistin fikrincə, Qərb, xüsusilə də Amerika liderləri, Rusiyanı anlamağa cəhd etməlidirlər və bu ölkəni qorxutmaq yolu ilə kursunu dəyişməyə məcbur edə bilməyəcəkləri faktını qəbul etməlidirlər: "Rusiya tarixi, coğrafi, mədəni xüsusiyyətəri baxımından nə Şərqə, nə də Qərbə məxsusdur, o, öz-özlüyündə ayrıca bir dünyadır".