BMT-də islahatlar aparılmalıdır Dünya

BMT-də islahatlar aparılmalıdır

Ərdoğanın təklifini rəsmi Bakı da dəstəkləyib

Cavid

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Birləşmiş Millətlər Təşkilatının fəaliyyətini tənqid edib.
İstanbulda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı Ərdoğan qeyd edib ki, hazırda beynəlxalq sistemdə - siyasi-iqtisadi sahələrdə dünyanın gələcək taleyi qeyri-müəyyən olan bir keçid dövrü yaşanır. Ərdoğan bu dövrün BMT-nin 5 daimi üzvü tərəfindən müəyyən edildiyini, lakin bunun qəbuledilməz olduğunu deyib: "Dünya 5-dən böyükdür. Dünyanın taleyini bu 5-liyin hökmünə buraxa bilmərik. Artıq dünya ikinci dünya müharibəsinin şərtləri ilə yaşayan bir dünya deyil. İki tərəfli görüşlərin hamısından dövlət başçıları mənim bu sözlərinə haqq verdilər. Lakin BMT tribunasına çıxdıqları zaman heç kim bu barədə danışmır... Cənab Obama öz nitqində bu sözləri işlətdi. Haqlının güclü olduğu bir dünya. Haqlının güclü olduğu bir dünya istəyiriksə, o halda, bu 5 ölkə dünyanın taleyinə hökm etməməlidir. Daimi və ya müşahidəçi üzv ayrıseçkiliyi olmamalıdır".
Rusiya xarici işlər naziri Sergey Lavrov da dolayısı yolla Ərdoğanın fikrini dəstəkləyib: "ABŞ-ın rəhbərliyi beynəlxalq səhnədə BMT-nin Nizamnaməsinə zidd olaraq dövlətlərin bərabərliyi prinsipini rədd edir".
Lavrov bəzi ölkələrin ABŞ-ın diktəsi altında hərəkət etdiyini və onların yerinə qərar verdiyini bildirib.
Azərbaycan da BMT Təhlükəsizlik Şurasında və Baş Assambleyasında islahatlar aparılması ideyasını dəstəkləyir. Onu da bildirək ki, son dövrlərdə BMT-də yeniləşmələrin aparılması barədə müzakirələr gedir. Müxtəlif təkliflər irəli sürülür. BMT TŞ-də qərarların qəbul edilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyacın yarandığı vurğulanır. Bu təşkilatın humanitar müdaxilələr və sanksiyaların tətbiqi qaydalarında dəyişikliklər edilməsi zərurəti haqqında danışılır. İnsan haqlarının qorunması sahəsində müşahidə edilən "ikili standartlara" son qoyulması zamanının yetişdiyi deyilir. Bütün bunlar bütövlükdə beynəlxalq münasibətlər sisteminin yeniləşməsi məsələsini aktuallaşdırır.
Beynəlxalq münasibətlər sisteminin yeniləşməsi zərurəti haqqında mütəxəssislər xeyli vaxtdır ki, yazırlar. Bu kontekstdə Birləşmiş Millətlər Təşkilatında (BMT) islahatların aparılması barədə fikirlər tez-tez söylənilir. Bunların tam əsası vardır. Bir tərəfdən, dünyanın aparıcı dövlətləri öz maraqları naminə ədalətsizliklərə baş vururlar. Onlar "ikili standart" siyasəti yeridirlər. Digər tərəfdən, BMT bir təşkilat kimi müxtəlif səbəblərə görə, üzərinə düşənlərin öhdəsindən gələ bilmir.
Bir zamanlar BMT Baş katibinin köməkçisi işləmiş professor Rameş Takur etiraf edir ki, ABŞ bu təşkilatın gündəliyinin müəyyən edilməsinə və fəaliyyətinə ciddi nəzarət edir. Məhz buna görə də dünyanın bir sıra ölkələrinə qarşı ədalətsiz addımlar atılır. Bütövlükdə götürdükdə BMT-nin "humanitar müdaxilələr" və "sanksiyaların tətbiqi mexanizmi" adlandırılan hadisələrdə qarşılaşdığı ziddiyyətlərin ciddi xarakter daşıdığını görmək mümkündür. "Beynəlxalq məsələlər üzrə Rusiya şurası"nın analizinə görə, humanitar müdaxilələr faktiki olaraq BMT-ni "dilemmalar" qarşısında qoyur. Məsələn, Kolumbiya Universitetinin professoru Maykl Doyl Liviya və Suriya hadisələrində bunun özünü göstərdiyinə əmindir. Buna bənzər halları sanksiyaların tətbiqi zamanı da müşahidə etmək mümkündür.
Bunların fonunda BMT Təhlükəsizlik Şurasında qərarların qəbul edilməsi mexanizminin təkmil olmaması məsələsi daha ciddi problem kimi görünür. Təhlükəsizlik Şurasının 5 daimi üzvü (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) öz maraqlarına uyğun olmayan qərarlara veto qoya bilirlər. Suriya məsələsində bu məqam daha kəskin formada özünü göstərdi. Rusiya və Çin Qərb ölkələrinin təqdim etdikləri layihəni rədd etdilər. Bundan başqa, müxtəlif regionlarda baş verən hadisələrə ümumilikdə ədalətlə yanaşmaq imkanı həmin formatda olduqca çətindir. Bunlara görə, artıq bir neçə ildir ki, BMT TŞ-nin tərkibinin yeniləşdirilməsi ilə bağlı təkliflər səsləndirilir.
BMT-nin baş katibi olmuş Kofi Annan da məsələnin bu tərəfinə diqqət çəkir. O, həmin təşkilatda islahatların zəruriliyini vurğulayır, insan haqları ilə yanaşı, qərar qəbuletmə mexanizminin yeniləşməsinə də ehtiyac yarandığını diqqətə çatdırır. Bundan başqa, dünyanın bir çox analitik və siyasətçiləri daimi üzvlərin sayının yeniləşdirilməsi haqqında danışırlar. Bəziləri Hindistan və Braziliyanı ora daxil etməyi, digərləri isə müsəlman dövlətlərindən üzv seçməyi təklif edirlər.
Belə təsəvvür yaranır ki, BMT-də islahatların aparılması üçün zəmin mövcuddur. Müxtəlif səviyyələrdə bu məsələni xüsusi vurğulayırlarsa, beynəlxalq münasibətlərin tənzimlənməsinin təkmilləşdirilməsinə ehtiyac yarandığını demək mümkündür. Ancaq burada bir vacib məqamı nəzərə almaq lazım gəlir. Məsələ ondan ibarətdir ki, müasir qlobal geosiyasətdə ziddiyyətlər çoxdur. Onlar dünyanın müxtəlif regionlarında vardır. Hətta bir sıra yerlərdə kəskin forma almışdır. Belə şəraitdə BMT-də hansı ümumi mexanizmlər hazırlamaq olar? Mütəxəssislər problemin bu aspektinə ayrıca diqqət yetirirlər. Onlar dünyada mövcud olan fikir ayrılıqlarını, qarşıdurmaları aradan qaldırmadan BMT kimi qurumların effektiv işləyəcəyinə inanmırlar.
Bununla yanaşı, etiraf etmək lazımdır ki, həmin problemlərin özünün həll edilməsi üçün beynəlxalq təşkilatlar səviyyəsində mexanizmlər lazımdır. Müəyyən mənada qapalı dairə yaranır ki, ondan çıxış yolu tapılması gərəkdir. Düşündürücüdür ki, məsələnin bu tərəfi haqqında böyük dövlətlər fikirləşmək istəmirlər. Bundan başqa, onlar yeni-yeni ziddiyyətlərə aparan siyasi xətti davam etdirirlər. Burada əsas məqam olaraq "ikili standart" siyasətini göstərmək olar.
Belə çıxır ki, BMT-də islahatlardan danışan böyük dövlətlər mühüm bir məqamı "unudurlar". Onlar ədalətli olmalı və məsələlərə yalnız öz maraqları aspektində yanaşmamalıdırlar. Deyək ki, Azərbaycanın işğal olunmuş ərazilərindən təcavüzkarın çəkilməsi üçün heç bir təsirli addım atılmır. BMT TŞ-nin qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi üçün iş görülmür. Azərbaycanın TŞ-yə üzv seçilməsi zamanı da müəyyən qərəzli fəaliyyət göstərilir. Bu kimi məqamlar qaldıqca heç bir islahat effektiv ola bilməz. Beynəlxalq münasibətləri tənzimləmək üçün təkmil qaydalar tətbiq etmək çox çətin olar.
Bütün bunlara rəğmən, qlobal geosiyasət yeni beynəlxalq münasibətlər sistemi formalaşdırmağı tələb edir. Analitiklər dünyanın yeni geosiyasi nizamının yaranmaqda olduğunu vurğulayırlar. Lakin bu prosesi tənzimləyə biləcək səmərəli beynəlxalq təşkilat gözə dəymir. Qlobal miqyasda isə problemlər getdikcə artır. Bəşəriyyətin bu "ağır yükün" altında əzilmə ehtimalı vardır. Deməli, "əlləri daşların altına qoymağın zamanı gəlmişdir".
Ekspert Elşən Həsənovun sözlərinə görə, BMT-də islahatların aparılması vaxtı çoxdan keçib: "Ərdoğan düz vurğulayıb. Yaxın və Orta Şərqdə baş verən hadisələrdə BMT-nin 5 daimi üzvünün tutduğu mövqe bu qurumun hansı dövlətlər tərəfindən idarə olunduğunu bir daha ortaya qoydu. Bu üzvlərin mövqelərindəki ziddiyyətlər vahid qərarların qəbuluna bir maneədir. Elə buna görə də münaqişələrin həllində ikili standartlar mövcuddur". Ekspertin fikrincə, 5 daimi üzv siyahısında dəyişikliklər aparılmalıdır, ümumiyyətlə qurumun strukturunda korrektələrə ehtiyac var.
Ekspert Tərlan Həsənov isə BMT-də daha çox Rusiya və ABŞ faktorunun olduğunu vurğulayıb: "Bu iki dövlət qurumun fəaliyyətini istiqamətləndirir. ABŞ Fransa və İngiltərə kimi müttəfiqlərindən, Rusiya isə Çinin mövqeyindən faydalanır. Təbii ki, burada hər hansı bir məsələ ilə bağlı qərar konsensus əsasında qəbul edilir. Bu prosesdən də dövlətlər öz məqsədə və mənafeləri üçün yetərincə faydalana bilirlər. Ona görə də bu üzvlərin daimiliyi ilə kifayətlənmək olmaz".