Donetsk aeroportu uğrunda döyüşlər qızışır Dünya

Donetsk aeroportu uğrunda döyüşlər qızışır

9 ukraynalı həlak olub, 27-si yaralanıb

Cavid

Ukraynada tərəflər arasında təmin edilən atəşkəsə baxmayaraq gərginlik davam edir. Qarşıdurmaların mərkəzi hesab olunan Donetskdə gərginlik dünən gecədən bəri daha da artıb.
Ukrayna ordusu Rusiya tərəfdarlarının nəzarətində olan Donetsk hava limanını ələ keçirmək üçün havadan və qurudan əməliyyatlar təşkil edib. Ukrayna Hava Qüvvələrinin təşkil etdiyi hücumlar zamanı 3 əsgərin öldüyü bildirilir. Qarşıdurmaların davam etdiyi bir vaxtda tərəflər arasında əsirlərin dəyişdirilməsi prosesi də davam edir. Rusiyaya məxsus silahlı qruplar və Ukrayna ordusu qarşılıqlı olaraq 30 əsiri dəyişiblər.
Milli Müdafiə və Təhlükəsizlik Şurasının (MMTŞ) nümayəndəsi Andrey Lısenko Donetsk aeroportuna Ukrayna qüvvələrinin nəzarət etdiklərini vurğulayıb.
Aeorporta nəzarət edən Ukrayna hərbçiləri ötən gün ərzində bir neçə dəfə hücuma məruz qalıblar.
Məlumatlara əsasən, artilleriya atəşi nəticəsində Donetskdə 3 dinc sakin həlak olub, 5 nəfər yaralanıb.
MMTŞ Debaltsevo və Trudovoye məntəqələrinə rusiyapərəst yaraqlıların hücumunun qarşısının ukrayna qüvvələri tərəfindən alındığını bildirib.
Xəbərlərə görə, Ukraynanın cənub şərqinin qalan hissəsində ara-sıra atışmalara baxmayaraq atəşkəs rejimi əsasən yerinə yetirilir.
Qeyd edək ki, rəsmi Kiyev və Donbasdakı separatçı qüvvələr arasında atəşkəs razılığına sentyabrın əvvəlində Minskdə ATƏT-in vasitəçliyi ilə nail olunmuşdu.
Hazırda Donets və Luqansk vilayətlərində bölgə müdafiəsi batalyonlarında 9 minə yaxın döyüşçü iştrak edir. "Əgər bunlardan yarısı döyüşlərdən sonra milisdə qalmaq istəsə biz bunu onlara təşkil edəcəyik" - deyə Ukraynanın daxili işlər naziri Arsen Avakov "birinci" milli kanala müsahibəsində bildirib. O həmçinin DİN-də islahatlar üçün Gürcüstan, ATƏT və NATO-dan nümayəndələr cəlb olunacağını bəyan edib.
Donbas hövzəsindəki rusmeylli sereparatçıların əsas ideoloqu, Beynəlxalq Avrasiya Hərəkatının başçısı Aleksandr Duqin isə yazıb ki, "Novorossiya" zolağının yaradılması Putinin devirilməsi və Rusiya Maydanının yaradılması üçün ən əhəmiyyətli əsas yaradacaq.
Onun sözlərinə görə, bu Putinin devrilməsi üçün ABŞ-da hazırlanmış ssenariyə bənzəyir:
1. "Novorossiya" zolağı "Putin imperializmini dayandırmaq üçün" Qərb birliyini möhkəmləndirir və Krımın qaytarılması barədə məsələni qoyur;
2. Donbas hövzəsinin inqilabçı liderlərin Rusiyaya qarşı qəzəbi, Moskvanın xəyanətindən məyusluğu yaranır.
3. Rusiyanın özündə vətənpərvərlərin təqibləri onları müxalifət düşərgəsinə itələyir. Hansı ki, bu onlara hava və su kimi lazımdır. Liberal müxalifətin etiraz hərəkatını təhlükəli etmək üçün rus əksəriyyətinə ehtiyacı var.
Duqin hesab edir ki, Rusiya cəmiyyətində Putinlə bağlı məyusluq artır: "Heç kəs artıq "hiyləgər plan" və ya digər cəfəngiyatları təkrarlamağa cürət etmir".
Beynəlxalq Avrasiya Hərəkatının başçısı həmçinin hesab edir ki, "saray çevrilişini və Putinin qətlini" istisna etmək olmaz. Duqin "rus dünyası" vətənpərvərlərinə məsləhət görür ki, Putinin bütün düşmənlərinə qarşı durmaq üçün yeni vətənpərvərlik gücü formalaşdırmaq lazımdır. "Novorossiya üçün, Rusiya üçün, böyük Avrasiya İttifaqı üçün bunu etməliyik", - deyə Kremlin ideoloqu yazıb.