Ermənistanda aclıq gözlənilir Dünya

Ermənistanda aclıq gözlənilir

Sabah İrəvan yenidən çalxalanacaq

Cavid

Ermənistanda daxili sosial narazılıqlar fonunda ictimai-siyasi gərginlik gün-gündən artır. Rusiyaya qarşı beynəlxalq sanksiyaların küləyi təbii ki, onun Güney Qafqazdakı əsas forpostunu da vurur və bu da ilk növbədə erməni əhalisinin güzəranında, ovqatında özünü büruzə verməkdədir. Bu fonda isə hakim rejimdən narazılıq böyüməkdədir. Narazılığa qarşı hökumətin əsas kontur-tədbiri də ki, ənənəvi olaraq polis zorakılığında özünü göstərməkdədir.
Erməni mətbuatınını verdiyi məlumata görə, kiçik və orta biznesə sahib yüzlərlə ticarətçi "Dövriyyədən vergi" qanununa qarşı çıxır. Ticarətçilər hökumət evinin qarşısına toplaşıblar. Onlar baş nazir Ovik Abramyandan suallarına cavab verməsini tələb edirlər. O, 3 gün ərzində bu sualları cavablandıracağına söz vermişdi.
Qeyd edək ki, oktyabrın 2-də bir necə ticarətci ilə görüş keçirilmişdi və bu zaman baş nazir 3 gün ərzində qanunla bağlı qərarını təklif edəcəyini demişdi.
Ticarətçilər əllərində "İri ticarət sizsiniz-hakimiyyət" yazılan plakatlar tutublar. Aksiyaya nəzarət üçün çox sayda polis əməkdaşı cəlb edilib. Onlara İrəvanın polis rəisinin müavini Valeri Osipyan rəhbərlik edir.
Baş nazir 3 ticarətçini qəbul edib. Qeyd edək ki, "Dövriyyədən vergi" qanunu oktyabrın 1-dən qüvvəyə minib.
Xatırladaq ki, son bir ay ərzində Ermənistanın müxtəlif yerlərində Sarkisyan hakimiyyətinə qarşı etiraz aksiyaları keçirilib. Bu aksiyaların bəziləri davamlı xarakter alıb.
Ötən ayın sonlarında Razdan şəhərində izdihamlı mitinq keçirilib. Ermənilərin fikrincə Ermənistan bu gün ağır vəziyyətdədir. Yoxsulluq, işsizlik və mühacirətin səviyyəsini azaltmaq əvəzinə hakimiyyət konustitusiya islahatı ilə bağlı yeni siyasi şou keçirməyi təklif edir. Onların fikrincə, bu, hakim rejimə öz hakimiyyətini ən azı daha on il saxlamağa imkan verəcək.
Mitinqdə hökumətin işi də kəskin tənqid edilib.
Qeyd edilib ki, hətta yalnız rəsmi statistik göstəricilərə əsaslanılsa belə, Ermənistanın vəziyyəti gündən günə pisləşir. Təkcə iqtisadiyyata sərmayələr 60%-dən çox azalıb. Mitinqdə bildirilib ki, siyasət və biznes həddindən bir-birinə nüfuz edib və artıq qarşılıqlı şəkildə bir-birlərini tamamlayırlar.
Yada salaq ki, Serj Sarkisyana "qızmar payız" vəd edən üç parlament partiyasının qərarı ilə sabah İrəvanda keçirilməsi nəzərdə tutulan ümumi erməni mitinqində ölkə rəhbərliyinin istefası tələb ediləcək.
"Ermənistan polisi etiraz mitinqlərinin potensial iştirakçısı saydığı insanları şöbəyə dəvət edir. Yerli hüquq-mühafizə orqanları şöbəyə gələnlərə etiraz aksiyalarına yaxın getməməyi tövsiyə edir və deyirlər ki, orada başınıza hər cür iş gələ bilər. Polisdən deyirlər ki, əsas məsələ ağıllı olmaqdır və heç bir hay-küyə qoşulmamaqdır".
Erməni mətbuatının yazdığına görə, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Urixanyan tərəfindən respublika ombudsmanına göndərilmiş məktubda deyilir. "İstərdik ki, dərhal vətəndaşları polisdəki bu cür "profilaktik" söhbətlərdən qoruyasınız".
Deputat həmçinin ölkə hakimiyyətini günahlandırıb və bildirib ki, başda oturanlar etiraz aksiyasına gələnləri işdən çıxarmaqla hədələyirlər. Qeyd edib ki, iqtidardakılar insanları hətta ağır zəhmətlə əldə etdiyi qəpik-quruşdan məhrum etmək istəyir.
Yada salaq ki, təxminən bir ay qabaq Ermənistan polisinin başçısı da müxalifətin və mitinq keçirənlərin ünvanına hədələr səsləndirmişdi: "Sizin qızmar payızınıza mənim buzlu duşum var. Əgər bu kömək eləməsə, mən sizə daha qızmar payız təşkil edəcəyəm".
Polis məmurunun bu cür bəyanatı Ermənistanda həyəcan dalğasına səbəb oldu.
Ermənistanın Mərkəzi Bankı isə Rusiyadan Ermənistana fiziki şəxslər adına köçürülən pulların kəskin azaldığını bildirib.
Mərkəzi Bankın son hesabatı avqust ayına aiddir. Avqustda bir il əvvəllə müqayisədə Rusiyada işləyən ermənilərin Ermənistana köçürdükləri pul 9 faiz azalıb.
2013-cü ilin avqustunda 184 milyon dollar pul köçürülmüşdüsə, bu ilin avqustunda 167 milyon dollar köçürülüb.
Ermənistan iqtisadiyyatı xaricdən köçürülən pullardan çox asılıdır. 2013-cü ildə Ermənistanın bütün ixracı 1,4 milyard dollar olub, xaricdən köçürülən pullar isə 1,8 milyard dollar təşkil edib.
Beynəlxalq Valyuta Fondunun Ermənistandakı nümayəndəsi Mark Horton deyib ki, Ermənistan iqtisadiyyatını çətin dövr gözləyir.
Son bir-iki ildə Ermənistanı təqribən 250 min erməni tərk edib - bu, hakimiyyətdə duran iki silahlı cinayətkarın həyata keçirdiyi soyqırımdır. "Armenia Today"ın verdiyi xəbərə görə, bunu Ermənistan Ümummilli Hərəkatının idarə heyətinin rəhbəri Aram Manukyan Erməni Milli Konqresinin ölkənin "Azadlıq" meydanında keçirdiyi mitinq zamanı bəyan edib.
Onun sözlərinə görə, hazırda hakimiyyət təşkilati şəkildə Ermənistan vətəndaşlarını ölkədən "ixrac" edir. Fermerlərin 1/3 hissəsi ölkəni tərk edib, bir qayda olaraq 160 təsərrüfat sahəsi artıq mövcud deyil.
"Gümridə insanlar möhlətlə aviabiletlər alır, turizm şirkətləri insanları xaricə göndərir, lakin onlar bir daha geri qayıtmırlar. Hakimiyyət bunu çox gözəl bilir, onlar özləri bunu təşkil edirlər. Müxtəlif xarici ali təhsil müəssisələri ilə müqavilələr bağlanır və hərbi çağırış həddində olan gənclər xaricə göndərilir və orduda xidmət etməkdən məhrum edilirlər", - deyə Manukyan bildirib.
O hesab edir ki, hakimiyyətin son məqsədi - ermənilərsiz Ermənistandır.
"Milli öz müqəddəratını təyin etmə" birliyinin sədri Paruyr Ayrikyan da öz tərəfdarları ilə birlikdə prezident Serj Sarkisyanın istefasını tələb edir. Acdıq aksiyası ilə. Ayrikyan bildirib ki, Serj Sarkisyan prezidentliyi dövründə Ermənistanı müvəffəqiyyətsizliyə uğradı. Bunu cəmiyyətə də nümayiş etdirmək lazımdır. Onun yeddi il ərzində hakimiyyətdə olması ilə olmaması arasında heç bir fərq yoxdur.
Ayrikyan prezidenti Avrasiya İqtisadi İttifaqı ilə bağlı siyasətinə görə ittiham edir. Onun sözlərinə görə, Sarkisyan "səhv"ini hakimiyyəti Avropa meylli qüvvələrə verməklə düzəltməlidir.
Xatırladaq ki, bu, Ayrikyanın Ermənistan hakimiyyətinə qarşı keçirdiyi ilk etiraz aksiyası deyil. O, bundan əvvəl də Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Gömrük Şurasına üzvlüyünə etirazını bildirərək müxtəfif formalarda etiraz aksiyaları keçirib.
Demokratik Ermənistan blokunun sədr müavini Artur Minasyan isə deyib ki, ermənilər Serjikin getməsini istəyirlər. O, bildirib ki, İrəvanın üç siyasi partiyası hazırki hakimiyyətə qarşı blok yaradıblar. Blokçular Serj Sarkisyan diktaturasının yıxılmasını yalnız bunda gördüklərini deyiblər. Demokratik Ermənistan blokunun sədr müavini Artur Minasyanın bildirib ki, hazırda üç siyasi partiyanın əsas məqsədi əhalinin böyük əksəriyyətinin səsini qazanmaq üçün oktyabrdan başlayaraq bölgələrdə mitinqlər təşkil edəcəklər:
"Biz erməni xalqının azadlıq arzularını konsepsiyalaşdıracağıq və bu ideyaları ən ucqar kəndlərə belə daşıyacağıq".
A.Minasyan birləşmək istəyən başqa partiyalara da qapılarının açıq olduğunu deyib: "Hazırda biz 40 min vətəndaşı öz sıralarmızda birləşdirirk. Bu da seçicilərin 3%-i deməkdir. Əgər başqa partiyalar da istəsə buyurub qoşula bilərlər. Biz bu hakimiyyəti istəmirik. "Serjik"in getməsini tələb edirik".
Ermənistanın iri kimya zavodu "Nairit"in işçiləri də tələblərinin yerinə yetirilməyəcəyi halda vətəndaş itaətsizliyi aksiyalarına başlayacaqlar.
Bu barədə zavodun işçiləri İrəvanda keçirdiyi etiraz aksiyasında bildiriblər.
Ermənistan Nazirlər Kabineti qarşısında etriraz aksiyası keçirən "Nairit" zavodunun işçilərinin tələbi isə maaşlarının ödənilməsidir. Onların sözlrinə görə, artıq 18 aydır ki, maaş almırlar. Bir ay əvvəl isə onları inandırıblar ki, borcları avqustun sonuna kimi ödəniləcək.
Hakimiyyət nümayəndələrinin bütün cavabları etiraz iştirakçılarını təmin etməyib. Zavod işçilərinin tələbinə baxmayaraq, baş nazir Ovik Abramyan onların qarşısına çıxmayıb. Bundan sonra isə "Nairit" zavodunun Həmkarlar İttifaqının sədri Qraç Tadevosyan O.Abramyana məktub göndərməyi təklif edib və onun təklifi qəbul edilib.
Kimya zavodunun problemlərlə qarşılaşmasının əsas səbəbi isə Rusiyadan söz verilən sərmayələrin olmamasıdır. Rusiyanın zavoda sərmayə qoymaq fikrində olan "Rosneft" şirkətindən isə hələlik heç bir informasiya yoxdur. Ermənistanın energetika və təbii resurslar naziri Yervand Zaxaryan isə söz verilən sərmayənin verilməməsini "Rosneft"in Qərbin sanksiyalarına məruz qalması ilə bağlı olduğunu bildirib.
Qeyd edək ki, kimya zavodu hazırda fəaliyyətini dayandırıb. "Rosneft" şirkəti ilə bağlanan müqavilədən sonra isə Ermənistan hökumətində müəssisənin yenidən fəaliyyətə başlamasına ümidlər oyatmışdı. Belə ki, iki ölkə arasında razılıq bu il fevral ayının 24-də Rusiya baş naziri Dmitri Medvedevlə Ermənistan baş naziri Tiqran Sarkisyanın Şoçidəki görüşündə əldə olunub. T.Sarkisyan "Rosneft" şirkətinin Ermənistanın "Nairit" zavoduna təxminən 500 milyon dollar sərmayə qoyduğunu bildirmişdi.
Zavod işçilərinin bundan əvvəlki etiraz aksiyası 10 iyulda keçirilmişdi.