Avrasiya İttifaqı real ittifaqa çevrilə biləcəkmi? Dünya

Avrasiya İttifaqı real ittifaqa çevrilə biləcəkmi?

Putinin reallaşdırmağa çalışdığı yeni geosiyasi və geoiqtisadi hədəflər Rusiyanın sonunu gətirə bilər

Cavid

Rusiyanın yeni geosiyasi və geoiqtisadi formatlar ortaya atmasında başlıca hədəflər nədir və bu formatların hər hansı bir təsir gücü olacaqmı? İndi bu suallara məhz Avropada Ukraynanın timsalında qanlı çarpışmaların getdiyi, Yaxın Şərqdə isə Suriyanın timsalında Əsəd rejiminin bir çox proqnozları alt-üst edərək İran və Rusiyanın dəstəyi ilə hələ də ayaq üstə qalmasının fonunda cavablar axtarılır...
Politoloqların fikrincə, MDB Sovet İmperiyasının çöküşü ilə keçən əsrin 90-cı illərinin əvvəllərinin diqtə etdiyi və Rusiyanın da qəbul etməyə məcbur olduğu bir format idi. İstər o zaman MDB-yə qoşulan keçmiş Sovet respublikaları, istərsə də Rusiyanın özü, MDB-nin sadəcə "böyük qardaş üçün bir təsəlli" xarakteri daşıyan, mahiyyət etibarı ilə zaman keçdikcə təsir imkanları daha da zəifləyəcək dişsiz bir təşkilat olduğunu anlayırdılar. Təbii ki, Rusiya zamanla öz siyasi iddialarını reallaşdırmaq məqsədi ilə bu təşkilatdan maksimum dərəcədə istifadə etməyə cəhd göstərirdi. Lakin effekt, təbii ki, arzuolunan səviyyədə olmurdu.
Və beləliklə Rusiya yeni format və model axtarışına başlayır, daha doğrusu buna məcbur qalır. Avropa Birliyinin timsalında Qərb Şərqə doğru genişlənərək artıq Rusiyanın sərhəddinə qədər gəlib çıxır. Geosiyasi əhəmiyyətə malik Cənubi Qafqazda Azərbaycan nəinki bölgə, hətta bütünlükdə Yazxın Şərq üçün böyük əhəmiyyət daşıyacaq layihələrin reallaşmasənda açar rolunu oynayır, Gürcüstanla yanaşı Qərbə inteqrasiya xəttini tutur. Vüqar Zifəroğlunun fikrincə, Orta Asiyada Qırğızıstanda baş verən narıncı inqilab, Qazaxıstanın əvvəlki illərlə müqayisədə xeyli dərəcədə müstəqil siyasət yürütməsi və Türk dövlətləri Birliyi ideasının reallaşması istiqamətində Azərbaycan və Türkiyə ilə birgə real addımlar atması, Rusiyanı ciddi narahat etməli idi. Bu rusları razı sala bilməzdi. Və razı salmır da.
Nəticədə Moskva maraqlarını güzəştə getmək niyyətində olmadığını və bir növ "hələ ayaq üstə dura bildiyini" ən radikal və açıq şəkildə 2008-ci ilin avqustunda göstərir. Gürcüstanda baş verənlərin ardınca, 1991-ci ildən sonra "birqütblü dünya" düzənini elan etmiş qərb strateqləri tələsdiklərinin fərqinə varırlar.
Lakin Qərbin Yaxın Şərqdəki düzəni "ərəb baharı" ssenariləri ilə dəyişməsi Rusiyanı yenə də prinsipial addımlar atmağa sövq edir. Moskva bir tərəfdən yeni ideyalarını ortaya atır: Gömrük Birliyi və Avrasiya İttifaqı. Amma buna paralel olaraq Qəddafinin öldürülməsi ilə Liviyada son dərəcə qiymətli olan Tarsus limanının itirməsi, İranla əlbir hərəkət edən Rusiyanı Suriyada sonadək mübarizə aparmağa məcbur edir. İran-Rus işbirliyinin nəticəsində Əsəd nəinki hakimiyyətdə qala bilir, hətta parçalanmış və yekçins olmayan müxaliflərin Qərbdən gələ biləcək hər hansı bir dəstəyi də neytrallaşdırmağa müvəffəq olur".
Politoloq bildirib ki, Rusiya Qərbə təzyiqini gücləndirmək və post-sovet bölgəsində hələ də söz güc və nüfuz sahibi olduğunu göstərmək istəyir. Avrasiya İttifaqı məhz bunu Qərbə nümayiş etdirməyin forması olaraq Kreml tərəfindən ortaya atılıb. Lakin model, belə görünür ki, Rusiyaya dividendlər qazandırmaq yerinə əlavə "baş ağrısı" gətirəcək. Niyə?
Avrasiya İttifaqı Gömrük Birliyindən fərqli olaraq siyasi ittifaq kimi nəzərdə tutulurdu. Lakin bu ittifaqı yaradan digər iki tərəf müqabili – Belorusiya və Qazaxıstan daha çox iqtisadi işbirliyində maraqlı olduqlarını tam çılpaqlığı ilə ortaya qoymuş oldular. Hətta Qazaxıstanın İttifaqın fəaliyyət istiqamətləri və prinsipləri ilə bağlı ciddi iradları olduğu aydın oldu. Rəsmi Astana bir çox prinsipial olaraq "Avrasiya İttifaqını" iqtisadi model olaraq gördüyünü açıq şəkildə ifadə etdi. Nəticədə Rusiyanın Qərbə alternativ güc olaraq fomalaşdırmaq üçün neçə zamandır ki, səy göstərdiyi siyasi birlik modeli, iqtisadi alyansa çevrildi: "İqtisadi alyans məsələsi də, Moskva üçün müəyyən problemlərə yol aça bilər. Belorusiyanın və Qazaxıstanın iqtisadi mənada Rusiyadan gözləntiləri var. Ukrayna ilə faktiki olaraq müharibə aparan Moskvanın Qərbin ciddi iqtisadi sanksiyalarla üzləşməsi fonunda, atıla biləcək addımlar fatal nəticələr verə bilər. Belorusiya qarşılıqlı ticarətdə bütün məhdudiyyətlərin götürülməsini tələb edir. Bunu Likoşenko belorus xalqına müraciətində də bəyan edib. Burada əsas məqam Rusiyanın Belorusiyaya satdığı neftdən gömrük rüsumlarının ləğv edilməsi məsələsidir. Belorusiya ilə ittifaqın il ərzində 7-12 milyard dollara başa gəlməsini nəzərə alarsaq, Moskvanın məhdudiyyətlər bağlı tələbi qəbul etməsinin nələrə gətirib çıxara biləcəyini anlamaq çətin deyil.
Fransanın məşhur "Le Monde" qəzeti də Avrasiya İqtisadi İttifaqı haqqında maraqlı təhlili məqaləsində bu ittifaqın perspektivsizliyindən yazıb: "Fransanın Normandiya yarımadasına desant çıxarılmasının 70 illik xatirə-yubiley tədbirinə yollanmamışdan bir həftə öncə prezident Vladimir Putin Astanada Rusiya, Belarus və Qazaxıstan respublikalarından ibarət olan Avrasiya İttifaqına imza atdı.
Bu iqtisadi ittifaqın layihəsi 2010-cu ildən hazırlanırdı. Perespektivdə bu qurumun geniş iqtisadi, ticarı və siyasi birlik təşkil etməklə, Avropa Birliyi ilə rəqbət aparması nəzərdə tutulur. 2011-ci ildə bu barədə Putin yazırdı: "Avrasiya İttifaqına daxil olmaq onun hər bir üzvünə sürətli və daha güclü mövqelərlə Avropaya inteqrasiya etməyə imkan yaradacaqdır…"
Putin Krımın mart anneksiyasından sonra özünü "rus torpaqlarının birləşdiricisi" kimi təqdim etməyi xoşlayır. O, Sovet İttifaqının bərpasını hər vəclə inkar etsə də, bu sözlərinə hətta qazax və belaruslu partnyorları da o qədər böyük inamla yanaşmırlar və öz güclü qonşularının ekspansionozmindən bərk qorxurlar.
Moskva Avrasiya İqtisadi İttifaqını perespektivdə vahid valyutanı, ümumi xarici siyasəti və vətəndaşlığı da əhatə edən siyası bir vasitə kimi nəzərdə tutur. Belə bir vəziyyət müqvilənin birinci variantında yer alırdı. Ancaq Qazaxıstanın qısqanclıqla öz suverenliyinin müdafiəsini tələb etməsi birinci variantın ortadan qaldırılmasına səbəb oldu.
Fikir ayrılığı Astanadakı imza mərasimindən əvvəl də gözə dəyirdi. Elə həmin anda da Qazaxstan prezidenti Nursultan Nazarbayev qeyd etdi ki, bu ittifaq ilk öncə iqtisadi xarakter daşıyır və dövlətlərin suverenliyini şübhə altına qoymur. Onun ölkəsində güclü milli ruh hökm sürür və bunun ən yaxşı bariz nümunəsi kimi çölün ortasında salınmış yeni paytaxt olan Astanadır. Bu futurustik şəhər Nazarbayevin fərmanı ilə tikilib. O çox gözəl başa düşürdü ki, vaxtilə şimal regionunda Stalin tərəfindən məskunlaşdırılmış ruslar, perespektivdə müstəqillik tələbi ilə çıxış edə bilərlər. Onun belə fikrə gəlməsini 1994-cü ildə yazıçı–publisist A.Soljenitsinin bu ərazilərin əzəli rus torpaqları haqqındakı qələmə aldığı düşüncələri də "inandırmışdı". Öz partnyorlarını sakitləşdirməyə cəhd edən Vladimir Putin belə bir bəyənat vermişdi: "Bu sənəd bizim ölkələri prinsipial olaraq inteqrasiyanın yeni səviyyəsinə çıxarır, tam formada dövlət suverenliyini saxlamaqla, biz burada daha sıx iqtisadi əməkdaşlıq və korporasiyanı təmin edirik."
İmzalanma mərasiminin axırında Belarus prezidenti Aleksandr Lukaşenko bir məsələni xüsusi yada salaraq belə bir fikir söylədi: "Bu yolda biz kimsəni itirdik, Ukrayna da bizimlə birlikdə bu çətin işə başlamışdı, ancaq doğrudan da bu Ukrayna üçün çox çətin iş oldu…"
Hal-hazırda Ukraynasız Avrasiya İqtisadi İttifaqı – lazım olanın sadəcə kölgəsi kimi görünür.45 milyonluq əhalisi və diversifikasiya edilmiş sənayesi ilə Ukrayna həm də Avropa Birliyinin sərhəddində yerləşır. Ona görə də, bu təşkilatda Ukrayna əsas rol oynayacaqdı.
Prezident Yanukoviçin Avropa Birliyi ilə assosiasiya sazişini imzalaması ilə Avrasiya İttifaqına inteqrasiya olunması arasında var-gəl etmə hərəkətləri onun devrilməsi üçün katalızator rolunu oynadı. Onun yerinə gələn milyarder Pyotr Poroşenko seçkilərdən sonra bəyan edib ki, onlar Avropa Birliyinə qəbul olunmaq istiqamətində fəaliyyət göstərəcəklər. Bunun üçün o, Brüssel ilə assosiasiyaya dair saziş imzalanmasının sürətləndirilməsi niyyətindədir.
Belə bir şərtlər daxilində Vladimir Putin hesab etdi ki, Avrasiya İttifaqı müqaviləsinin imzalanmasını tezləşdirsin. O,Qərbə göstərmək istəyir ki, Rusiya Amerikan və Avropa sanksiyalarından özünü sıxışdırılmış şəkildə hiss etmir və onun digər partnyorları vardır.
Soyuq müharibə dövrünün xatirələrinə revanşistcəsinə mübtəla olan Putin paqonlu elitası ilə torpaq zəbt etmək və vassal kimi gördüyü ölkələri özünə tabe etdirməklə, "Böyük Rusiya" yaratmaq niyyətindədir.
Astanadakı imzalanma mərasimi çox tələsik hazırlanmışdı. Ölkələrin hələ 6 may tarixindəki Minsk görüşündə fikir ayrılıqları o qədər güclü idi ki, prezidentlər Aleksandr Lukaşenko və Nursultan Nazarbayev ümumiyyətlə hər hansı bir sənədə imza atmaqdan imtina etmişdilər. Əgər Minskdə konsensus əldə olunmayıbsa, deməli belə çixir ki, Astanadakı imzalanmış müqavilənin pərdə arxasında bu layihənin həll edilməmiş və təxirə salınmış problemləri də dayanıb. Beləki, ümumi enerji bazarının formalaşdırılması 2018-ci, vahid neft qaz birjasının işə salınması isə 2025-ci ildən tez baş tutmayacaq.